TÜRKSOY ölkələri mədəniyyət nazirləri Daimi Şurasının 28-ci toplantısı noyabrın 24-də Türkiyənin Antalya şəhərində öz işinə başlayıb. Türkiyənin mədəniyyət naziri Ərtoğrul Günayın sədrliyi ilə keçirilən iclasda türkdilli ölkələrin mədəniyyət nazirləri sentyabr ayında İstanbulda keçirilmiş Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə görüşündə təşkilatla bağlı qəbul olunmuş qərarlar, türkdilli ölkələrin müstəqillik qazanmalarının 20-ci ildönümü münasibətilə Türkmənistanda keçiriləcək mədəniyyət festivalı, TÜRKSOY-la UNESCO milli komissiyaları arasında əməkdaşlıq, gələn ilin Novruz şənliklərinin BMT Baş Məclisində təşkil olunması və digər məsələləri müzakirə ediblər.
   Toplantıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov, Qırğızıstanın informasiya və mədəniyyət naziri Sadık Şerniyaz, TÜRKSOY-un baş katibi Düsen Kaseinov və digər natiqlər son illər türkdilli ölkələrin mədəniyyət sahəsində əməkdaşlığında qazanılmış uğurlardan bəhs ediblər.
   Toplantı çərçivəsində TÜRKSOY ölkələri rəssamlarının sərgisi keçirilib. Antalyadakı Aralıq dənizi Universitetində TÜRKSOY Gənclik Kamera Orkestrinin konserti də olub.