Xəyyam Mirzəzadənin kitabının təqdimat mərasimi keçirildi
   
   Yanvarın 12-də Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli bəstəkar Xəyyam Mirzəzadənin ikicildli “Düşüncələr, fikirlər, məqalələr” adlı kitabının təqdimat mərasimi keçirildi. Bəstəkar kitabın ərsəyə gəlməsində əməyi olanların hamısına təşəkkürünü bildirdi. 
      
   İki hissədən ibarət olan “Düşüncələr, fikirlər, məqalələr” kitabı “Nurlan” nəşriyyatında çap olunub. Kitabın birinci hissəsində Xəyyam Mirzəzadənin 50 il ərzində dövrü mətbuatda çap olunan öz məqalələri, ikinci cildində isə onun barəsində yazılan yazılar və müsahibələr dərc olunub. “Bu məqalələrin heç də hamısında məni tərifləmirlər. Lakin onların maraqlı cəhəti də məhz intriqa xarakterli olmasıdır. Əlbəttə, sözün yaxşı mənasında. Musiqi əsərində olduğu kimi, məqalələrdə də intriqa olmayanda, onlar öz məntiqi xəttini itirə bilər. Bu məqalələr mənim üçün maraqlı idi, buna görə də onları bir kitab halında toplamışam”, - deyə bəstəkar bildirdi.
   Kitabın tərtibçisi və ön sözün müəllifi sənətşünaslıq namizədi Kəmalə Ələsgərli, elmi redaktoru Ülviyyə İmanova, bədii tərtibatçısı Xalq rəssamı Arif Hüseynovdur.
   Xalq şairi Vaqif Səmədoğlu, bəstəkarın şagirdləri və həmkarları bu kitabın çapdan çıxması münasibətilə Xəyyam Mirzəzadəni təbrik etdilər.
   
   Təranə Vahid