Fevralın 24-də Azərbaycan uşaq ədəbiyyatının yaradıcılarından olan Abdulla Şaiqin (1881-1959) anadan olmasının 130 ili tamam olur. Bu münasibətlə Abdulla Şaiqin mənzil-muzeyi Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birgə tədbir keçirdi. 
      
   Bağça uşaqları və məktəblilər üçün təşkil olunmuş tədbirdə muzey azyaşlılara A.Şaiqin həyat və yaradıcılığını təsvir edən foto-stend təqdim etdi. Stend vasitəsi ilə uşaqlar ədibin yaradıcılığının müxtəlif illərini əhatə edən fotolarla tanış oldular.
   Tədbirdə kitabxananın direktoru Fizurə Quliyeva çıxış edərək, Abdulla Şaiqin uşaqlara olan sevgisindən danışdı: «Abdulla Şaiq uşaqlar üçün çoxlu dəyərli əsərlər yazıb. Onun uşaqlar üçün yazdığı «Keçi», «Xoruz» şeirləri, «Tıq-tıq xanım” pyesinin adını çəkmək kifayətdir. Abdulla Şaiq uşaqlara təbiəti sevməyi, dostluğu, qayğıkeşliyi öyrədib».
   A.Şaiqin lent yazısı səsləndirildikdən sonra bağça uşaqları ilə məktəblilər onun şeirlərini ifa etdilər. Sonda uşaqların çox sevdiyi məşhur «Tıq-tıq xanım» cizgi filmi təqdim olundu.
   Qeyd edək ki, A.Şaiqin 130 illiyi münasibətilə şairin mənzil-muzeyində və Dövlət Gənc Tamaşaçılar Teatrında tədbirlər keçirilməsi planlaşdırılıb.
   
   Gülər