Ötən şənbə Mədəniyyət və Turizm Nazirliyinin ədəbiyyat sahəsində həyata keçirdiyi layihələrdən olan Gənc Ədiblər Məktəbinin növbəti toplantısı keçirildi. Xatırladaq ki, bu məktəb ən yeni ədəbi nəslin potensial imkanlarının reallaşmasına kömək məqsədilə təsis edilib və hər ayın ilk şənbə günü öz toplantısını keçirir. M.F.Axundov adına Milli Kitabxanada baş tutan növbəti toplantıda ilk əvvəl məktəbin rəhbəri, AYB-nin katibi Rəşad Məcid çıxış etdi. O, məktəbin işinin genişləndirilməsi yönündə görülən son işlər barədə məlumat verərək, bugünkü ədəbi qonağın tanınmış şair Vaqif Bəhmənli olduğunu bildirdi. R.Məcid ənənəyə uyğun olaraq qonağın gəncləri maraqlandıran suallara cavab verəcəyini, öz şeirlərini oxuyacağını, məktəb üzvlərinin yaradıcılıqlarını dinləyib mülahizələrini bildirəcəyini də əlavə etdi. O, həmçinin bu toplantıda rus və türk dillərində nəşr olunaraq dünyaya yayılan “DA-Dialoq Avrasiya” mədəniyyət jurnalının ölkəmiz üzrə təmsilçisi Mustafa Saatçının, tanınmış nasirimiz Seyran Səxavətin də görüşdə iştirak etdiklərini nəzərə çatdırdı. Bundan sonra söz Vaqif Bəhmənliyə verildi.
   
   İki təbrik
   
   V.Bəhmənli 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə məktəbin yazar xanımlarını təbrik edərək daha bir sevindirici faktı da xatırlatdı. O, qeyd etdi ki, məktəbin iyirmiyə qədər üzvü son günlərdə AYB-ə qəbul ediliblər və onları da bu münasibətlə təbrik etmək lazımdır. Vaqif müəllim AYB üzvülüyü ilə bağlı bir faktı da yada saldı.
   “Siz çox gənc yaşlarınızdan qayğı ilə əhatələnmisiniz, bu sizin xoşbəxtliyinizdir və ədəbiyyatda öz yerinizi tutmağa böyük kömək edəcək. AYB-nin üzvləri haqqında sorğu-məlumat kitabçaları olur. Uzun illər həmin kitabçalarda birliyin ən gənc üzvləri olaraq mən və nasir Afaq Məsud göstərilib. Cəmi 27 yaşımda birliyə üzv qəbul edilmişəm və bu, o vaxt xüsusi göstərici idi.İndi isə sizə daha erkən, 20-23 yaşınızda birliyə üzv olmaq etimadı göstərilib”.
   Gənclərə qayğı sırasında Gənc Ədiblər Məktəbinin də həyata keçirilən uğurlu layihə olduğunu söyləyən V.Bəhmənli, həm məktəbin işini, həm də gənc ədiblərin yaradıcılıqlarının KİV-də geniş işıqlandırılmasını vacib hesab etdi. Bundan sonra o, yaradıcılıq sahəsində şeirlərinin , tərcümələrinin toplandığı 20 kitabın müəllifi kimi öz ədəbi fikirlərini, düşüncələrini gənclərlə bölüşdü.
   
   Geniş meydan
   
   V.Bəhmənli bu gün ədəbi yazar üçün meydanın geniş olduğundan söz açaraq bunun üçün dəyərli əsərlərin ortaya qoyulmasını başlıca amil olaraq göstərdi.
   “Sizinlə görüşə gəlməzdən qabaq bir rəssam dostum zəng etmişdi.İstəyirdi ki, emalatxanasındakı rəsmlərə baxım. Rəssamların əsərlərinə ya sərgi keçiriləndə, ya da hansısa tədbirdə baxılır. Onların yaradıcılıq rəylərini eşitmək, bilmək məhdudluğu varsa, ədəbiyyatçı bu sarıdan korluq çəkmir, onun kitabı və kütləvi oxucusu var”.
   V.Bəhmənli hər zaman ədəbi gəncliyin yaradıcılığını diqqətlə izlədiyini bildirdi.
   “Hər gələn nəsil ədəbiyyatımızı bir addım irəli aparmalıdır.15-20 il əvvəl məndə ədəbi gənclik sarıdan ciddi naratlıq yaranmışdı, gənclik ədəbi meydanda görünmürdü, ənənələr qırılırdı. Lakin meydanda Salam, Qulu Ağsəs, Aqşin və digərləri görünəndə sevindik. Məhz adlarını çəkdiyim şairlərin şeirlərini çox bəyəndim, onlar haqqında yazmışam, sözümü də demişəm. İndi ən yeni ədəbi nəsil olaraq sizin də üzərinizdə bir ədəbi missiya var. Bu gün Azərbaycan mədəniyyətinin inkişafında tarixi andır. Mədəniyyətimizin inkişafında böyük işlər görülür. Siz də ədəbiyyatın inkişafında iştirakınızla bu prosesə qoşulmalısınız. Deyə bilmərəm ki, sizlərdən kimsə dahi yazar olacaq, amma içinizdəki söz demək istəyi, istedadlı olmağınız məni ümidləndirir”.
   Bundan sonra V.Bəhmənli gənclərdən Fərhad Metenin, Rəbiqə Nazimqızının, Feyziyyənin, Qismətin, Xəyalənin və digərlərinin şeirlərinə qulaq asaraq öz fikirlərini bildirdi.
   V.Bəhmənli digər gənclərin şeirlərinə münasibət bildirdikdən sonra zarafatyana “İndi mən şeir oxuyum, siz tənqid edin” - deyərək bir sıra şeirlərini səsləndirdi. Onun “Adam-əncir”, “Tısbağa”, “Güzgü” və sairə şeirləri gənclər tərəfindən diqqətlə dinlənildi.  

   Dərsdən sonra
  
 
   Toplantı bitdikdən sonra burada iştirak edən qonaqlardan və bəzi gənc yaradıcılardan aldığımız kiçik rəyləri sizə çatdırırıq.
   Mustafa Saatçı (“DA-Dialoq-Avrasiya” jurnalının təmsilçisi):
   - Bizim jurnal sovetlər ittifaqı dağıldıqdan sonra onun ərazisində, Avrasiya qitəsində mədəni dialoqa oian ehtiyacdan yarandı. Bu baxımdan qonağı olduğum Gənc Ədiblər Məktəbini bir mədəni layihə olaraq yüksək dəyərləndirirəm. Bu layihəyə biz də dərgi olaraq dəstək verəcəyik. Bu gün xüsusilə Vaqif müəllimin dilindən eşitdiyim şeirlər xoşuma gəldi.
   Qismət (məktəb üzvü):
   - Əslində V.Bəhmənli konseptual şairdir.Bu gün eşitdiyimiz “Tısbağa” şeiri isə ironik yox, bir çox mətləblərə obyektiv baxışdır. ”Telefon» şeiri isə onun müasirliyi izlədiyinin nümunəsidir.
   Rəbiqə Nazimqızı (məktəb üzvü):
   - Vaqif müəllimin “Tısbağa” şeirindəki etiraz kəskinliyi diqqətimi cəlb etdi. Brada etiraz həm də ironiya ilə gözəl surətdə birləşir.
   Orxan (məktəb üzvü):
   - “Telefon” şeiri çox xoşuma gəldi. Müasir dövrümüzdə informasiya mənbəyi olan telefonun digər tərəfdən mənfi təsirini Vaqif müəllim gözəl surətdə üzə çıxarır. Yorulmadığımız bir toplantı oldu.
   Fərhad Mete (məktəb üzvü):
   - Vaqif müəllimin şeirlərimiz haqqında rəyi çox maraqlı oldu. Eləcə də onun şeirlərinə diqqətlə qulaq asdım. Məncə, hər iki tərəf üçün gözəl bir gün oldu.   

   Altay Nağı