Görkəmli hərb tarixçisi, istedadlı yazıçı-publisist, professor, Beynəlxalq İnformasiya Akademiyasının həqiqi üzvü Rudolf İvanovun imzası Rusiyanın dövri mətbuatından Azərbaycan oxucularına yaxşı tanışdır. O, Qafqaz mənşəli rus ziyalısıdır. Elmi-ədəbi fəaliyyətində «Qafqaz-Azərbaycan» mövzusu əsas yer tutur. Rusiya və rusdilli oxucular onun əsərlərindən Azərbaycan haqqında həqiqətləri, bu ölkənin tarixi keçmişi və mədəniyyəti barədə geniş məlumatlar alırlar. Dünyaya Hüseyn xan Naxçıvanski kimi şücaətli və namuslu cəngavərlər bəxş etmiş qədim Azərbaycan diyarına həsr olunmuş «Əlahəzrətin general-adyutantı» kitabı yazıçının ölkəmizin oxucuları ilə yeni görüşüdür. Kitab Heydər Əliyev Fondunun dəstəyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun tövsiyəsi ilə ruscadan Azərbaycan dilinə tərcümə olunub. «Əlahəzrətin general-adyutantı» əsəri «Əcəmi» nəşriyyatında dərc olunub. Əsəri Azərbaycan dilinə filologiya elmləri namizədi Qurban Qurbanlı tərcümə etmişdir. Kitabın ərsəyə gəlməsində Rusiyada və Avropada yaxşı tanınan istedadlı alim, akademik İsa Həbibbəylinin böyük rolu olmuşdur. Kitabın ilk səhifəsində yazıçının Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya məktubu verilmişdir. Rudolf İvanov bir neçə il bundan əvvəl Mehriban xanımla görüşünü xatırlayaraq yazır: «Mehriban xanımın mədəniyyət və maarifçilik yolunda fədakar əməyi Azərbaycanın hüdudlarını aşmış və dünya birliyinin diqqətini cəlb etmişdir. Kim bilir, bizim başıbəlalı, ümumi rifah arzusu ilə yaşayan planetimiz bəlkə də indi «Bütün ölkələrin birinci xanımları, birləşin!» şüarını rəhbər tutacaqlar. Gəlin unutmayaq ki, bu xoşməramlı və misilsiz təşəbbüsün toxumları ilk cücərtilərini günəşli Azərbaycanda yetişdirmişdir». Oxucu kitabı vərəqlədikcə, general-adyutant Hüseyn xan Naxçıvanskinin keşməkeşli həyatı ilə tanış olur. Hüseyn xan imperator Rusiyasına şərəf və ləyaqətlə xidmət edən sonuncu cəngavərlərdən biri olmuşdur. Süvari alayında 20 il xidmət etmiş, kometdən polkovnik rütbəsinə yüksəlmişdir. Rus-Yapon müharibəsində 2-ci Dağıstan süvari alayına, müharibədən sonra isə əfsanəvi 44-cü Nijeqorodsk alayına komandanlıq etmişdir. Birinci dünya müharibəsi general Hüseyn xan Naxçıvanskinin yeni sərkərdəlik qabiliyyətini üzə çıxarmış, o, daima döyüş hadisələrinin ön xəttində olmuşdur. Hüseyn Xan Naxçıvanski Rusiyanın 20, xarici ölkələrin 9 orden və medallarının kavaleri kimi şöhrət qazanmış generaldır. Onların sırasında iki «Müqəddəs Georgi» ordeni, «İgidliyə görə», «Qızıl silah» ordeni var. Hüseyn xan Naxçıvanskinin komandanlığı altında rus knyazları, ağlar hərəkatının gələcək liderləri, Ukraynanın və Finlandiyanın tarixi şəxsiyyətləri xidmət etmişlər. Federal Təhlükəsizlik Xidmətinin və Rusiya Dövlət Kitabxanasının fondlarından əldə etdiyi çoxsaylı zəngin materiallar, Rudolf İvanovun - bu böyük sərkərdənin mükəmməl obrazını canlandırmasına geniş imkan yaratmışdır. Kitabda verilmiş tarixi sənədlərin surətləri və şəkillər onun dəyərini daha da artırır. Bu əsər Rusiya və Azərbaycan oxucuları, o cümlədən ordumuzun əsgər və zabitləri üçün nəzərdə tutulmuşdur. Kitab hərbi tarixçilər və tarixçi tələbələrin stolüstü kitabı sayıla bilər. Həmzə Vəliməmmədov, Salyan






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar