XX əsr Azərbaycan poeziyasında təmsil ənənələrini davam etdirən şairlərdən biri tərcüməçi, Əməkdar incəsənət xadimi Hikmət Ziya olub. O, həmçinin uşaq ədəbiyyatının maraqlı nümunələrini yaradıb. Şairi anadan olmasının 105 illiyi münasibətilə yada saldıq.
Hikmət Ziya oğlu Əfəndiyev 13 may 1929-cu ildə Şəki şəhərində dünyaya göz açıb. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra 1947–1952-ci illərdə Azərbaycan Dövlət Universiteti Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. “Azərbaycan pioneri” qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri, “Göyərçin” jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri, məsul katib vəzifələrində işləyib.
Ədəbi yaradıcılığa 1952-ci ildə “Azərbaycan pioneri” qəzetində çap edilən “Qeqola” adlı ilk şeiri ilə başlayan şair sonra dövri mətbuatda vaxtaşırı çıxış edib. İlk satirik şeirləri, eyni zamanda “Atamın hədiyyəsi”, “Bahar gözəldir, ya qış?”, “Milçək ürəyi” kitabları işıq üzü görüb.
1955-ci ildən şairin yaradıcılığında təmsil janrı xüsusi yer tutmağa başlayır. Şair 1986-cı ildə çap olunan “Ömrümün payı” kitabının ön sözündə bu barədə yazır: “Bir gün gözəl şairimiz İslam Səfərli mənə dedi ki, təmsillərin xoşuma gəlir, bu sahədə üzəngi parlada bilərsən. Bu sözlər məni ruhlandırdı, daha çox təmsillər yazdım”.
Təmsilə olan maraq onda bu janrda maraqlı əsərlər yazıb-yaratmış Ezopun, Lafontenin, Krılovun, Qasım bəy Zakirin, Seyid Əzim Şirvani və başqa görkəmli təmsil ustalarının əsərlərini oxuyur. Bu, şairin yaradıcılığına da təsirsiz ötüşmür.
Xalq yazıçısı Mirzə İbrahimov Hikmət Ziyanın yaradıcılığını yüksək dəyərləndirərək yazırdı: “Azərbaycan yazılı ədəbiyyatı tarixində istedadını illər uzunu müntəzəm surətdə təmsil yazmağa həsr etmiş və bir janr olaraq təmsili ədəbiyyatımızda kamil dərəcəyə çatdırmış ilk sənətkardır”.
Təmsilləri ilə oxucular tərəfindən maraqla qarşılanan şair bu janrda ümumilikdə üç mindən çox nümunə qələmə alıb. Bu əsərlərin hər biri məna və məzmununa görə bu gün də aktuallığını qoruyub saxlayır. Təmsillərdə müəllif əliəyri, yaltaq və ikiüzlüləri satira atəşinə tutur. Şair təmsillərində müxtəlif aktual mövzulara toxunub. “Suda boğulan hekayə” təmsilində yazır:
Bir romanı sıxdılar,
Çıxartdılar suyunu.
Gördülər selə düşən
Hekayə olduğunu.
“Çalağan və bülbül” təmsili də ibrətamizdir:
Çalağan gәlib dilә,
Bir gün dedi bülbülә:
– Öyrәt mәnә dә nәğmә,
Şövq ilә gәlim dәmә,
Oxuyum, vurum cәһ-cәһ,
Dinlәyәn desin bәһ-bәһ…
Hәmdәm olum güllәrә,
Adım düşsün dillәrә.
Bülbül dedi: – Çalağan!
Pәncәndә görünür qan.
Yırtıcılıqdır peşәn.
Sәnә yaddır bu gülşәn.
Sәndәn nәğmәkar olmaz,
Qızılgülә yar olmaz!
Hikmət Ziya yaradıcılığında sevgi duyğularına geniş yer ayırıb. Həmin şeirlərdə ülvi bir hisslə sevən, eşqinə daim sadiq qalan və tez inciyib, tez küsən qürurlu bir insanın obrazı var.
Şairin “Məhəbbətsiz dünya bir heçə dönər”, “Bağışla, ürəyim, məni bağışla”, “Sənsizləşən günlərim”, “Məntək duyan olarmı”, “Küsüşdük, barışdıq” və s. şeirlərində sevən, sevilən, məhəbbəti yolunda çətinliklərə mətanətlə dözən bir aşiqin səsi duyulur.
A.Məlikov, S.Ələsgərov, S.İbrahimova, M.Mirzəyev, E.Sabitoğlu, A.Rzayeva, Ə.Cavanşirov, İ.Babayeva, H.Nəcəfova, H.Xanməmmədov kimi tanınmış bəstəkarlar Hikmət Ziyanın yaradıcılığına müraciət ediblər. “Unutmarıq”, “Bahar nəğməsi”, “Solmazın mahnısı”, “Sənin qəlbindən keçir”, “Bəxtiyarlığım”, “Sən olmasan”, “Gözümdəsən”, “Şirin yuxum olasan”, “Yeganəm”, “Qəşəng qız”, “Gəl öyrət mənə”, “Sən məni yad etsən”, “Xoş gəlmisən”, “Ay yaraşıqlı”, “Mən sənsiz, sən də mənsiz” və s. mahnılar tanınmış müğənnilərin repertuarında yer alıb.
Şairin əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub. Onun özü də tərcümə sahəsində qələmini sınayıb. Rus şairi A.S.Puşkinin yaradıcılığından bir sıra nümunələri, eləcə də İ.A.Krılovun təmsillərini dilimizə çevirib.
Hikmət Ziya kino sahəsində də fəaliyyət göstərib. “Əli Bayramlı”, “Azərbaycan qadını”, “Qərib cinlər diyarında”, “Dəcəl dovşan” filmlərinin ssenarisini yazıb. Bütün bunlara baxmayaraq Hikmət Ziya daha çox uşaq şairi kimi tanınıb, balacaların könül dünyasına xitab edib.
Ədibin Azərbaycan ədəbiyyatı qarşısındakı xidmətləri yüksək qiymətləndirilib, “Əməkdar incəsənət xadimi” fəxri adına (1986) layiq görülüb, respublika Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı (1988) ilə təltif edilib.
Coşqun şair, yorulmaz tərcüməçi Ümumittifaq Uşaq və Gənclər Ədəbiyyatı Şurasının, “Azərbaycan pioneri” və “Literaturnı Azerbaydjan” jurnallarının redaksiya heyətinin üzvü olub.
Məna və hikmət çələngli əsərləri ilə Azərbaycan ədəbiyyatına gözəllik bəxş edən şair 2 avqust 1995-ci ildə Bakıda vəfat edib.
S.Fərəcov