Oktyabrın 29-da Milli Kitabxanada Xalq yazıçısı, akademik Kamal Abdullanın və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Rafiq Əliyevin müəllifləri olduğu “Qeyri-səlis məntiq və dil-nitq” kitabının təqdimatı keçirilib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov kitab haqqında məlumat verib. O, yeni nəşrin hər iki alimin bu istiqamətdə birgə tədqiqatının nəticəsi olduğunu bildirib. Diqqətə çatdırılıb ki, bundan öncə onların “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” adlı kitabı işıq üzü görüb.
Rafiq Əliyev qeyri-səlis məntiq nəzəriyyəsinin sosial elmlərə tətbiqi barədə danışıb, “Qeyri-səlis məntiq və dil-nitq” kitabının ideya müəllifinin Kamal Abdulla olduğunu və hər iki kitabın Lütfi Zadə ideyalarının təbliğində böyük rol oynayacağını vurğulayıb.
Kamal Abdulla əsərin ərsəyə gəlməsindən söhbət açıb. O, “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabının iki il əvvəl Azərbaycanda, Türkiyədə və Almaniyada nəşr edildiyini bildirib. Diqqətə çatdırıb ki, kitab ingilis dilində də çap ediləcək.
Akademik Muxtar İmanov, prosessorlar Hacan Hacıyev, İsmayıl Teymuroğlu və digər çıxış edənlər bildiriblər ki, yeni kitab müəlliflərin dərin fəlsəfi düşüncələrini və qeyri-səlis məntiqə söykənən yaradıcılıq axtarışlarını bir araya gətirir. Bu fundamental tədqiqat əsəri, müasir dilçilik və məntiq sahələrində açdığı yeni üfüqlər qeyri-səlis məntiqin sosial elmlərə geniş şəkildə tətbiqinin vacibliyini bir daha ön plana çıxarır. Əsərin Azərbaycan dilçiliyində məntiq və dil arasındakı əlaqələrin təhlilində yeni istiqamətlər açmaqla yanaşı, hər iki müəllifin elmi yaradıcılığında gələcək tədqiqatlar üçün zəmin yaradır.
Qeyd edək ki, Türkiyənin Dil və Sistem Fondunun sədri Rüştü Burak Eke kitaba ön söz yazıb. Nəşrin elmi redaktorları professorlar Lətafət Qardaşova, Azad Məmmədov, Burak Eke, rəyçiləri Xalq şairi Ramiz Rövşən, İsmayıl Məmmədov və professor Hacan Hacıyevdir.