Babək Göyüş: “Yazıçı tarixi yazmır”
“Babam otuz il idi ki, yol gedirdi. Və bu otuz ildə bir dəfə də olsun geri çönüb baxmamışdı. Babam dünyanı yalnız qabaqda axtarırdı. Ancaq ağlına belə gəlmirdi ki, əlini bircə qarış arxaya atıb dünyanın buynuzundan yapışa bilərdi. Və dünyanın başında xırman əkib evimizə dönərdi. Ancaq mən istəmirdim ki, o, evimizə dönsün, çünki o, evimizə dönsəydi, nə vaxtsa gözlərini yumub ölərdi və onu da aparıb «Div»in qəbiristanlığında basdırardılar”.
Bu sətirlər Babək Göyüşün «Dua» hekayəsindən götürülüb. Babək fantastik realizm janrında yazmağa üstünlük verir, hekayələri özgə bir gerçəklikdən, yuxulardan, rəmzlərdən yoğrulub. Qeyd edim ki, onun ilk hekayəsi 1988-ci ildə «Ədəbiyyat» qəzetində çap olunub. Daha sonra hekayələri «Azərbaycan», «Ulduz», «Azərbaycan təbiəti» jurnallarında, «Yol» qəzetində və digər mətbu orqanlarda işıq üzü görub. «Azərbaycanlıyam» jurnalının baş redaktorudur. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür.
XX əsrin 2-ci yarısından “fantastik realizm” ədəbiyyatın aparıcı xətlərindən birinə çevrilib. Latın Amerikası, Avropa, Yaxın və Uzaq Şərqdə və hətta okeanın o tayında mətni tarixdən yuxarı tutmaq istəyənlər realizmin və fantastikanın qovuşduğu məkanın axtarışındadır. Bəziləri bu məkanda Edqar Ponu, Frans Kafkanı görür. Bəziləri qədim mətnlərdə bu cərəyanın əlamətlərini axtarır. Markes və Kortasarın əsərləri haqqında da söhbətlər səngiməyib. U.Ekonun “Orta əsrlər davam edir” essesi isə artıq gələcəyin fantastik təsvirlərini çəkir. Azərbaycan ədəbiyyatında da bu janrda yazılan uğurlu əsərlər var. İndi sizin “Ağ geyimli qadın” kitabınız bu söhbətlərə yeni bir arqument verib. Əvvəlcə bu kitab haqqında danışaq.
- Yazıçı əlinə qələm alıb öz içini ağ kağıza köçürəndə əsərin hansı janrda olacağı barəsində heç düşünmür, daha doğrusu, bu seçimdə yazıçılar çox acizdir. Onları əsərin sonunadək yönləndirən gözəgörünməz bir qüvvə var. Bu qüvvə mənim anlamımda bizdən kənarda yaşayan və bizi idarə edən ikinci ruhumuzdu. Yazarlar bu baxımdan ikiqat bədbəxt və ikiqat xöşbəxt adamdırlar. Bədbəxt ona görə ki, həyatlarının çox hissəsini yazı masası ətrafında keçirirlər. Xoşbəxt ona görə ki, başqalarının görmədiyi və duymadığı hissləri onlar duyur və hiss edirlər.
Sualda vurğuladınız kimi, yazıçılar öz cümlələri ilə tarix yaratmır, tarix onlar üçün miskin və cılız bir düşüncədir. Yazıçılar həmişə öz ruhlarını sakitləşdirmək üzün ilahi bir məkan axtarırlar. Bu məkanı tapmaq üçün hər yazarın öz dili, öz yolu var. Daha çox qəmgin və qorxulu detektiv hekayələri ilə Amerikada populyar olan Edqar Allan Po sonradan yaradıcılığında elə bir yol seçir ki, o, indi ədəbiyyatsevərlər arasında elmi fantastikanın banisi kimi tanınır. Elm sonda onun şəxsiyyətinə qalib gəlir, və o, “qeyri-ciddi ədəbiyyat” hesab edilən fantastikanın qurbanına çevrilmir. Kafka isə tam əksinə, kənar aləmlə təmasda olmaq üçün özünə mənasız və qorxulu bir yol seçir. Onun yolu nəyin bahasına olursa-olsun, Tanrıya qovuşub qurban olmaqdı. “Qəsr” romanında oxucu K.-nın getdiyi yolla qəsrin içinə girmək istəyir və bu istəyinə çatmayacağını hiss edəndə dəli olmaq dərəcəsinə çatır və elə romanın özü də Kafkanın həyatı kimi yarımçıq kəsilir. Kafkanın əsl realizmi onun dörd böyük yazıçını - Qustav Flober, Frans Qrilparçer, Fyodor Dostoyevski və Qenrix fon Kleysti özündən ağıllı hesab edib onları “qan qardaşı” seçməsidi. Əsl yazıçı ömrü bax, budur. Tarix doğrudan da bu həqiqətin qarşısında çox gülünc görsənir.
“Ağ geyimli qadın” kitabında toplanmış 11 hekayənin heç birində fantastika janrının işartıları görünmür. Elə kitabın ilk hekayəsi olan “Ağ geyimli qadın”da daha çox Kolumbiya yazıçısı, Nobel mükafatının laureatı Qabriyel Qarsia Markesin yaratdığı mistik realizm ədəbi janrı aydınca hiss olunur. Bu hekayədə mələk alın yazısı yazdığı insanın alın yazısını öz istəyinə uyğun olaraq dəyişir. Hekayənin sonunda o, insan kimi ölməyin şirin dadını görür.
Bu hekayələrdən fərqli olaraq mənim “Ölülər Yerə qayıdır” adlı elmi fantastik romanım var. O kitabın nəşrindən sonra bu mövzuya yenidən qayıdarıq.
- Qəhrəmanlarınız ruhən dolu adamlardır. Elə bil onlar heç yer üzünün adamları deyil. Sanki minilliklərin mədəni kodları onların həyat tərzini, düşüncələrini dəyişdirib. Bu yer üzünə sığmayan, amma ayaması ilə dünyada insan qəlibinə sığışan adamlar reallıqda mövcuddurmu? Yoxsa, bunlar yazıçı təxəyyülünün məhsuludur.
- Yazıçılar ipə-sapa sığışmayan adamlardı. Lev Tolstoyun Vilyam Şekspir haqqında yazdığı məqaləsində onu yaramaz yazıçı və dəyərsiz insan adlandırır. Səbəbini belə izah edir ki, Şekspir öz dram əsərlərində təsəvvür edilməyən fantaziyalarla, ağlagəlməyən hadisələrlə oxucuları gic yerinə qoyur. Bu, doğrudan da belədir. Şekspir pyeslərində cadugarlarla əlləşir, zəhərlənmiş padşahların kabusları ilə oxucuları vahimələndirir. Bu movzunun ən kulminasiya nöqtəsini Lev Tolstoy “Hərb və sülh” əsərində qoyub və Napoleonu mənasız bir obrazla qələmə alıb. Müəllif bildirib ki, Napoleonun heç bir döyüş taktikası və uğurları olmayıb. O, cılız və olduqca kiçiçik bir insandır. Lev Tolstoy əsərin sonunda tarixdə böyük adamların varlığına da şübhə ilə yanaşdığını yazıb.
Bu kitabdakı qəhrəmanlarım Qaraqoyunlu dərəsinin Əmirxeyir kəndində məndən əvvəl dünyaya gəliblər. Onlar nə cadugarlardı, nə də ki, ölmüş insanların kabuslarıdı. Onlar - atını Qazağın Şıxlı kındində axtaran Bayram kişidi, ev-eşiyini kənddə qoyub açarını boynunda Şəmkirə gətirdiyi Göyçək arvaddı, yerini əkdirmək üçün öküz vermədiyinə görə Təpəl Heydərin cin kimi belinə tullanan Qıvrım Əliquludu, öz erkəyini oğlu Orxanın ayağına dəyən şehə qurban verən Çopur kişidi, oğlunun nəfəsini armud ağacından asılmış duadan alan Anadı, Çalmalıdan İzmir şəhərinə baş alıb getməyə hazırlaşan Əhməddi, Ərəseydən rus qızı gətirən Daz Səmədin oğlu Allahverdidi, Motal Söyünlə, Şeşə Məmmədlə, Dağlar Paşayla kəndin aralığında gap eləyən Kərəm kişidi, yağlı əlini yağsız dizə çırpan Əsmətdi, Türkiyəynən aranın açılmasını gözləyən Qara Mürşüddü...
Bütün bunlar, bu insanlar, bu insanların ayamaları reallıqdı, mənim, sənin, onun gördükləridi. Yazılar da bilmirəm necə oldu ki, beynimdəm süzülüb ağ kağızın ağlığına son qoydu. Məni ruhlandıran, onlar haqqında yazdıran elə o torpağın doluluğudu. Bu Yer kürəsinin digər adamları kimi onlar da bu yerin adamları deyil, o dünyadan gəliblər, elə öləndə də o dünyaya gedirlər. Bu yolu getməkdə onlara biz yazarlar yalnız yol yoldaşları oluruq. Başqa şeyə gücümüz çatmır, çatsa, bu reallıqdan uzaq səslənər. Və gələcəkdə dostlarım Xaruki Murakami və Viktor Pelevin mənim haqqımda yazarlar ki, insanları reallıqdan uzaqlaşdırdığına görə onun belinə “Şekspirin dostu” sözü yazılsın.
- Əsərlərinizdə rənglərin simvolikasına çox müraciət edirsiniz. Dünyanın rəngləri təsəvvür edilən yerə qədər deyil. O təsəvvürdən kənardadır. Bu zamana, məkana, insan taleyinə, tarixə təsir edən rəngdir. Çox uğurlu istifadə edirsiniz rəng simvolikasından.
- Rəng anlayışının iki mənası var. Məsələn, işıq narıncı portağaldan geri qayıdanda insanda psixoloji duyğu yaradır və nəticədə narıncı işıq yadda qalır. Digər rənglər haqqında isə insan düşünə bilmir, çünki o rənglər, həmin an sadəcə olaraq görünmür. Yazıçı yazanda yalnız iki rəngi görür: ağ və qaranı. Ağ rəng kağızın və yaxud WORD proqramının boş səhifəsinin ağlığına dəlalət edir. Qaranı isə şriftlərin rəngində görürük. Hekayələrimdə də bu iki rəngdən gen-bol istifadə etmişəm. “Ağ geyimli qadın”, “Ağ at”, “Qara Mürşüd”, “qara bulud”...
Yalnız bircə hekayəmdə (“Sarılıq”) sarı rəngin təsir dairəsinə düşmüşəm. Bu da Ərəseydən rus qızının gəlməsinə işarədi. Hekayənin sonunda kənd adamlarının hamısını sarılıq tutur, göydə isə Cantəpə dağından iki qarış yuxarıda qara buludlar sarı rəngə çalan bir topa buludu dövrəyə alıb şimala tərəf qovur. Bunun hansı simvolikayla əlaqəsi olduğunu yəqin ki, anladınız, ancaq xatırlatmaq yerinə düşər ki, o hekayə Sovetlər dönəmində, 1987-ci ildə yazılıb.
Gündəlik həyatımızda isə rastlaşdığımız dörd rəng daha çox yadda qalır: qırmızı, sarı, göy və yaşıl. Bu rənglərin isə ədəbiyyata dəxli yoxdu.
- Kitabın bir səhifəsi, düzü, onu başlanğıc da hesab etmək olar, hekayələrdən seçilmiş cümlələr ilə açılır. Bu, mətn üçün açar rolunu oynayır, yoxsa, oxucunu əvvəlcədən yönəltmək məqsədi daşıyır?
- İndi Azərbaycan Televiziyalarının əksəriyyətində xəbər verməyin iki üsulu var. Oncə aparıcı baş xəbərləri qısaca oxuyur, sonra isə vizual görüntülər ətraflı olaraq ekrana gəlir. Bu çıxarışları edəndə, sözün düzü, özüm televiziyada çalışsam da, onu nəzərdə tutmurdum, ancaq kitabın tərtibatı ərəfəsində hiss etdim ki, bu, çox gözəl tapıntıdı. Sonra Moskvadan alıb gətirdiyim bəzi kitablarda da həmin çıxarışları görəndə öz-özümə təəccübləndim. İnsanlar harada yaşamasından asılı olmayaraq, eyni vaxtda eyni şeylər haqqında düşünür və yazırlar.
Mən də beləcə düşünüb yazmışam:”Bu dünyanın Çalmalı kəndində səhərlər mal-qoyunu örüşə ötürüb oxumağa getmişəm, ayağım şehə bulaşdığından ayaqqabılarımı məktəbin həyətindəki odunların üstünə qoyub günə «vermişəm», bulaq başında yığışıb saatlarla pıqqıldaşan «dilotu yeyən» qızlara daş atıb onları «cinləndirmişəm», gecələr «qırmızı» Valotun (sifəti pomidor kimi qıpqırmızı idi) rayon mərkəzindən gətirdiyi hind kinolarına baxıb evə qayıdanda bir neçə dəqiqə çəpərimizin içində dayanıb Çalmalı dağının qaranlıq zirvəsinə nəzər salmışam və gündüzlər dilimə gətirə bilmədiyim sözləri öz-özümə pıçıldamışam: «Sənsiz bu el, oba neylərdi, Çalmalı?!». Mənim “çiling-ağac”lı, “dava-dava”lı dünyamda - özüm deyib özüm eşitdiyim anlar beynimdə şeir «yazmışam», evə gələndə tələm-tələsik onları döşəyimin altında gizlətdiyim dəftərə köçürmüşəm.
İllər ötdükcə mal-qoyunu örüşə ötürə-ötürə, ayaqqabılarımı günə «verə-verə», «dilotu yeyən» qızlara daş ata-ata, gecələr Çalmalı dağına baxa-baxa, beynimdə «yazdığım» şeirləri dəftərə köçürə-köçürə böyüyüb məktəbi qurtardım və isti yay günlərinin birində çəpərimizə gəlib özümün sonuncu şeirimi «yazdım», ancaq bu dəfə o şeirləri döşəyimin altında gizlətdiyim dəftərə köçürə bilmədim, çünki dəftərim orada yox idi.
Və mən o isti yay günündə ayaqqabılarıma dəyən şehi günə «vermədim», eləcə özümlə şəhərə - Bakıya gətirdim”.
Bax, əsl reallıq budur... Amma bu yaşamın içində də bir fantastik çözüm var. O çözüm bir yazar kimi mənə, mənim içimə, dünyama, bu kitabdakı Çalmalıya məxsusdu, başqa heç kimə...
Vəli Novruzoğlu