Milli bayramımız olan Novruz ölkəmizdə olduğu kimi, dünyanın müxtəlif yerlərində həmvətənlərimiz, eləcə də bir çox müsəlman-türk xalqları tərəfindən qeyd olunur. Xatırladaq ki, 2010-cu ildə Novruzun BMT tərəfindən beynəlxalq bayramlar sırasına daxil edilməsindən sonra dünyada Novruz şənlikləri daha böyük vüsət alıb.
   
   “Novruz həyat və yenilənmə rəmzidir”
   
   Martın 17-də P.İ.Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasında “Novruz həyat və yenilənmə rəmzidir” adlı təntənəli yığıncaq və bayram konserti olub.
   Tədbiri Azərbaycan, Əfqanıstan, İraq, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın Ukraynadakı səfirlikləri təşkil edib. Təşkilatçı ölkələrin diplomatları, o cümlədən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli yığıncaq iştirakçılarını salamlayıb.
   Sonra baharın gəlişinin təcəssümü olan Novruzu bayram edən müxtəlif ölkələrin peşəkar və özfəaliyyət kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.
   Ukraynanın Xalq artisti Qurban Abbasovun başçılıq etdiyi “Azərbaycan” musiqili-xoreoqrafiya ansamblının rəqqaslarının, aşıq Ədalət Kəlbəcərlinin çıxışları alqışlarla qarşılanıb. Həmin gün səfirliyimiz tərəfindən Kiyevdəki “Bakı bulvarı” restoranında Novruz bayramı münasibətilə qəbul təşkil edilib.
   
   Stokholmda “Azərbaycan gecəsi”
   
   Stokholm şəhərinin Hallunda Kitabxanasında “Azərbaycan gecəsi” keçirilib.
   Azərbaycanın tanıtmaq məqsədilə keçirilən tədbir ölkəmizə dair filmin nümayişi ilə başlayıb. İsveç Atatürkçü Düşüncə Dərnəyinin rəhbəri Mustafa Sönməz, şairə Eluca Atalı və digər çıxış edənlər tədbir iştirakçılarına Azərbaycan mədəniyyəti, tarixi və incəsənəti barədə məlumat veriblər.
   Mərasimdə İsveçdə yaşayan azərbaycanlı uşaqların ifasında şeirlər, mahnılar səsləndirilib, Azərbaycanın xalq mahnısı “Sarı gəlin” təqdim olunub. Tədbir iştirakçıları Azərbaycan mətbəxinin nümunələrindən dadıblar.
   
   Türkiyədə Novruz şənliyi və “İrs-Miras” jurnalının təqdimatı
   
   Azərbaycanın Türkiyədəki səfirliyində Novruz şənliyi və “İrs-Miras” jurnalının türk dilində nəşr edilmiş ilk nömrəsinin təqdimatı olub. Mərasimdə Türkiyə Prezidenti Aparatının baş katibi Mustafa İsen, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Kemal Fahir Genç, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, TBMM-in deputatları, diplomatlar, diaspor nümayəndələri iştirak ediblər.
   Səfir Faiq Bağırov Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikini oxuyub. Səfir bildirib ki, müxtəlif dillərdə işıq üzü görən “İrs-Miras” jurnalı bundan sonra türk dilində də nəşr olunacaq.
   Jurnalın baş redaktoru Musa Mərcanlı bildirib ki, 10 yaşında olan bu nəşr dünyanın bir çox ölkəsində oxuculara Azərbaycanın tarixi, adət-ənənələri, dinamik inkişafı və zəngin mədəni irsi ilə bağlı həqiqətləri çatdırır. Qardaş Türkiyədə də bu jurnalın buraxılması əlamətdar hadisədir.
   Türkiyə Prezidenti Aparatının baş katibi Mustafa İsen iki qardaş ölkənin sevincli bir günündə səfirliyimizdə olmağından məmnunluq duyduğunu söyləyib, xalqlarımızın və dövlətlərimizin həmrəyliyinin hər zaman davam edəcəyini vurğulayıb.
   Tədbir iştirakçılarına Şenol Talınlının ifasında klassik Azərbaycan musiqisinin nümunələri təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar