Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Çeçenistan Respublikasının nümayəndə heyəti ilə görüşüb
Aprelin 4-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Çeçenistan Respublikasının baş nazirinin müavini, maliyyə naziri Əli İsayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Görüşdə Azərbaycanla Çeçenistan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın perspektivləri müzakirə edildi.
Nazir Əbülfəs Qarayev qonaqlara ölkəmizin qədim mədəniyyəti, mədəni inkişafı, turizm potensialı haqqında məlumat verdi. Azərbaycanda son illərdə mədəniyyətlə bağlı keçirilən beynəlxalq tədbirlərdən danışdı. Azərbaycanın Rusiyanın müxtəlif regionları ilə əlaqələrinin inkişaf etdiyini vurğulayan nazir ölkəmizin Çeçenistan Respublikası ilə mədəniyyət və turizm sahələrində əməkdaşlığa maraq göstərdiyini, bu əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu diqqətə çatdırdı.
Çeçenistan nümayəndə heyətinin rəhbəri Əli İsayev təmsil etdiyi respublikanın iqtisadi imkanlarından danışdı, iqtisadi imkanlardan istifadə edərək digər sahələrin inkişafına diqqət göstərildiyini dedi. Bu baxımdan mədəniyyətin mühüm rolu olduğunu bildirdi. Qonaq təmsil etdiyi respublikanın investisiya imkanlarından, sosial sahənin və turizmin inkişafından da söz açdı. Azərbaycanla Çeçenistan arasında turizm və mədəniyyət sahələrində əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirdi.
Görüşdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
Reyhan