Fikrət Babayev: “Milli azlıqların mədəniyyətlərinin, adət-ənənələrinin qorunması bizim üçün çox vacibdir”
   
   Şərqlə Qərbin kəsişməsində, Böyük İpək Yolunun üzərində yerləşən ölkəmiz qədimdən çoxsaylı xalqların birgə yaşadığı məkan olub. Hazırda Azərbaycanda talış, kürd, ləzgi, tat, rus, ukraynalı, tatar, gürcü, ingiloy, avar, yəhudi, alman, yunan - ümumilikdə 20-dən çox millətin nümayəndəsi yaşayır, onların mədəni cəmiyyətləri fəaliyyət göstərir.
   
   Üç dini konfessiyanın - İslam, xristian və iudaizmin nümayəndələri dövlət tədbirlərində iştirak edirlər. Mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması Azərbaycanın dövlət siyasətində öz əksini tapıb. UNESCO-nun 20 oktyabr 2005-ci il tarixli “Mədəni özünümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya»ya uyğun olaraq, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti, incəsənəti, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır. Prezident İlham Əliyevin 2009-cu il 26 noyabr tarixdə imzaladığı qanunla ölkəmiz sözügedən konvensiyaya qoşulub.
   
   Azsaylı xalqların mədəniyyətinin inkişafına dəstək
   
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin sözlərinə görə, Azərbaycanda yaşayan milli azlıqların, etnik qrupların mədəni müxtəlifliyinin dəstəklənməsi, mədəni irsinin qorunması və təbliği ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Bu xüsusda ən böyük tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iki ildən bir keçirilən «Azərbaycan - doğma diyar» adlı azsaylı xalqların respublika festivalıdır: “Artıq üç festival keçirmişik. Milli azlıqların özfəaliyyət kollektivlərini, sənət ustalarını bir araya gətirən festival çərçivəsində müxtəlif tədbirlər keçirilir, azsaylı xalqların mədəniyyətinə dair mövzular üzrə dəyirmi masalar təşkil olunur və burada Azərbaycanın görkəmli alimləri, ölkədə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin rəhbərləri iştirak edirlər. Bundan başqa, azsaylı xalqların həyat tərzinə, mədəniyyətinə, məişətinə dair fotosərgilər təşkil edilir, bu sərgilər xaricdə də nümayiş olunur. 2009-cu ildə belə bir fotosərgi UNESCO-nun mənzil qərargahında keçirilmişdi”.
   Bu tədbirlər bir daha göstərir ki, dövlətin azsaylı xalqların mədəniyyətinin inkişafına verdiyi dəstək onlara stimul verir. Söhbət əsnasında F.Babayev bildirdi ki, azsaylı xalqlarla bağlı mədəni layihələr ilk dəfə həyata keçirilməyə başlayanda yerlərdəki incəsənət kollektivləri elə də peşəkar səviyyədə deyildi. Lakin göstərilən diqqət və qayğının, aparılan işin nəticəsində artıq peşəkar şəkildə formalaşan ansambllar meydana gəlib: «Son illər həm rayon icra hakimiyyətləri, həm də rayonların mədəniyyət və turizm şöbələri bu sahəyə diqqəti artırıblar. Ansambllara yeni səhnə kostyumları tikiblər, proqramları genişləndirilib. Artıq bu kollektivlər o qədər yüksək səviyyəyə çatıblar ki, onları dünyanın bir çox ölkələrinə müxtəlif beynəlxalq tədbirlərə göndərə bilirik. Bu da milli azlıqların mədəniyyətinin inkişafına əlavə stimul verir. Məsələn, «Suvar» ləzgi rəqs ansamblı Türkiyədə, Masallının «Halay» folklor rəqs ansamblı Rusiyalf, Macarıstanda və Türkiyədə səfərlərdə olub. Lerikin «Uzunömürlülər» rəqs ansamblını da ötən il Türkiyəyə festivala göndərdik. Digər ansamblların da müxtəlif festivallarda iştirakını dəstəkləyirik. Onların çıxışları yaxşı nəticələr verir. Zaqatalada yaşayan avarların «Huduki» ansamblı, Balakənin avar rəqs ansamblı da öz fəaliyyətləri ilə seçilirlər. Bütün bunlar bir daha təsdiqləyir ki, son bir neçə il ərzində bu kollektivlərin ümumi səviyyəsi çox yüksəlib. Bu da görülən işlərin nəticəsidir”.
   
   Dünyaya nümunə
   
   Şöbə müdiri onu da vurğuladı ki, Azərbaycanda yaşayan hər bir etnik qrup, milli azlıq öz mədəniyyətinin, dilinin, adət-ənənələrinin qorunmasını istəyir, dövlət bu məsələyə xüsusi diqqət ayırır: “Qloballaşma gözəldir, bu, insanları birləşdirir. Amma bu prosesin öz növbəsində bir mənfi cəhəti də özünü göstərir, bu da insanların mədəni irsini, bəzən adət-ənənələrini unutmalardır. Biz isə çalışırıq ki, ölkəmizdə yaşayan milli azlıqlar öz ənənələrini yaşatsınlar və Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan bu xalqların mədəniyyətləri qorunaraq nəsildən nəslə keçsin. Bu sahədə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Təhsil Nazirliyi, digər qurumlar da müvafiq işlər görür. Orta məktəblərdə müxtəlif dillərin tədrisi aparılır ki, bu da milli azlıqların mədəniyyətinin qorunmasına xidmət edir. Ölkəmizdə gürcü, ləzgi, rus teatrları yaradılıb. Eyni zamanda bu məsələdə müəyyən bir diferensiasiyaya da diqqət yetiririk. Məsələn, Azərbaycanda ruslar, gürcülər yaşayır. Amma onların özlərinin dövləti var, mədəniyyətləri inkişaf edir. Elə xalqlar da var ki, onlar azsaylıdır, Azərbaycanda, qonşu ölkələrin ərazisində yaşayırlar. Onların mədəniyyətlərinin, adət-ənənələrinin qorunması çox vacibdir. Biz artıq bu xalqlarla qaynayıb-qarışaraq bir ailə kimi yaşayırıq. Amma tutaq ki, onlara məxsus mətbəx xüsusiyyətləri və ya digər fərqli adət-ənənələr var ki, onun da qorunub saxlanılmasında maraqlıyıq”.
   Azərbaycanda tarixən bütün xalqlara, mili azlıqlara və etnik qruplara eyni - normal münasibət bəslənib. Ermənistanın hərbi təcavüzü çoxsaylı problemlər doğursa da, Azərbaycan dövləti ardıcıl və düzgün milli siyasət yeridib, milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib.
   F.Babayevin sözlərinə görə, Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və Azərbaycanı mədəniyyətləri qovuşduran məkan kimi beynəlxalq aləmə təqdim edir: «Bakıda Avropa və dağ yəhudiləri üçün iki yeni sinaqoq, o cümlədən Roma katolik kilsəsi tikilib istifadəyə verilib. Rus pravoslav kilsəsi əsaslı bərpa olunub, Bakı və Azərbaycan yeparxiyasına yeni iqamətgah və monastr üçün kompleksin inşası məqsədilə yer ayrılıb. Bir sözlə, Azərbaycan dövlətinin apardığı milli siyasət göstərir ki, xalqlar bir-biriləri ilə mehriban yaşaya bilərlər və bu baxımdan ölkəmiz dünyaya nümunədir”.
   Gələcək planlardan da danışan şöbə müdiri yeni festivalların, azsaylı xalqlarla bağlı müxtəlif tədbirlərin keçiriləcəyini bildirdi: «Bu il Masallı Azərbaycanın ”Folklor paytaxtı” elan edilib. Bu münasibətlə nazirliyin dəstəyi, rayon icra hakimiyyətinin təşəbbüsü ilə Masallıda böyük beynəlxalq folklor festivalı keçiriləcək, orada müxtəlif ölkələrdən gələn kollektivlər çıxış edəcəklər. Azsaylı xalqların kompakt yaşadıqları bölgələrdə - Balakən, Zaqatala, Qusar və digər rayonlarda tədbirlər keçirməyi planlaşdırırıq. Güman edirəm ki Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları də bu sahəyə diqqətlərini əsirgəməyəcəklər».
   
   Mehparə 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar