Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “AİTF-2012” sərgisində iştirak edən xarici nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb
   
   Aprelin 12-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “AİTF-2012” - XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak etmək məqsədilə ölkəmizə gələn San Marino Respublikasının turizm, idman, iqtisadi planlaşdırma naziri Fabio Berardi ilə görüşdü.
   
   Qonağın ölkəmizə səfərini yüksək qiymətləndirən Ə.Qarayev bildirdi ki, Azərbaycan San Marino ilə əlaqələrin genişlənməsində maraqlıdır. O, qonağa Azərbaycanda turizmin bugünkü inkişaf səviyyəsi, həmçinin Avropa ölkələri ilə bu sahədə əməkdaşlığa dair məlumat verdi.
   Qeyd olundu ki, Azərbaycan Prezidenti İlham Əliyev digər sahələrlə yanaşı, turizmin inkişafına da xüsusi önəm verir. Ölkəmizdə turizm infrastrukturunun genişləndirilməsi istiqamətində böyük işlər həyata keçirilir. “2010-2014-cü illərdə Azərbaycan Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” bu istiqamətdə geniş perspektivlər açır.
   Aprelin 13-dən etibarən İtaliyanın paytaxtı Romada və digər şəhərlərində Azərbaycan Mədəniyyəti Günlərinin başlayacağını söyləyən nazir həmkarının və San Marinodan nümayəndələrin bu tədbirlərdə iştirak edərək ölkəmizin mədəniyyəti ilə daha yaxından tanış olmalarını arzuladı.
   San Marinonun turizm, idman, iqtisadi planlaşdırma naziri Fabio Berardi ölkəmizə səfərin onda xoş təəssürat yaratdığını qeyd etdi. Nazir turizm sahəsində əlaqələrin hər iki ölkə üçün əhəmiyyətini vurğuladı.
   Görüşdə turizm sahəsində ikitərəfli əməkdaşlıq, turizm agentlikləri üzrə qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
   
   * * *
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bolqarıstanın iqtisadiyyat, energetika və turizm nazirinin müavini İvo Marinovla görüşdü. Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində əlaqələrdən söz açıldı. Ə.Qarayev Azərbaycanda turizmin inkişafında və bu sahəni inkişaf etdirmək üçün görülən işlərdən bəhs etdi. Nazir Bolqarıstanla Azərbaycan arasında mövcud olan ənənəvi münasibətlərə də toxunaraq bildirdi ki, bu əlaqələr daha da genişlənməkdədir. Qeyd olundu ki, bu əlaqələrin mühüm istiqamətini turizm sahəsi təşkil edir.
   Bolqarıstanın iqtisadiyyat, energetika və turizm nazirinin müavini İ.Marinov Bakını ilk dəfə gördüyünü və şəhərin onda gözəl təəssürat yaratdığını bildirdi. Nazir müavini eyni zamanda Azərbaycanla turizm sahəsində qarşılıqlı münasibətlərin və əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirdi.
   
   * * *
   Dünən nazir Əbülfəs Qarayevin Ukraynanın Krım Muxtar Respublikasının kurortlar və turizm nazirinin müavini Nikolay Marinovla da görüşü oldu. Söhbət zamanı əməkdaşlıq məsələlərinə toxunuldu. Tərəflər turizm sahəsində əlaqələrin genişləndirilməsində, qarşılıqlı turizm səfərlərinin təşkilində maraqlı olduqlarını bildirdilər.
   
   * * *
   Nazirin Latviyanın Turizm Assosiasiyasının prezidenti Gitendorfa Kitija ilə görüşündə əsas müzakirə mövzusu turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi oldu. Qonaq “AİTF-2012” beynəlxalq turizm və səyahətlər sərgisinin yüksək səviyyədə keçirildiyini deyərək tədbiri Azərbaycanın bu sahədə geniş təcrübəyə malik olduğunun göstəricisi kimi qiymətləndirdi. Öz növbəsində nazir Ə.Qarayev ölkələr arasında əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu dedi.
   
   * * *
   Nazir Əbülfəs Qarayev Türkiyə nümayəndə heyətinin üzvlərini də qəbul etdi. Nümayəndə heyətinə Muğla valisi Fatih Şahin və Dalaman beynəlxalq hava limanının baş direktoru Xalid Güvənc daxil idi. Keçirilən görüş zamanı bir sıra qarşılıqlı turizm əlaqələri müzakirə edildi. Eyni zamanda nümayəndə heyəti Azərbaycanla daha geniş iş birliyi qurmaqda, turizm potensialını tanıtmaqda maraqlı olduqlarını bildirdilər. Ə.Qarayev də Azərbaycanın turizm sahəsində təhsil alan tələbələrin gələcəkdə Türkiyənin bu bölgəsinə getməklə təcrübə əldə etmələrinin vacibliyini diqqətə çəkdi.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar