Aprelin 11-də Mirzə Fətəli Axundzadə adına Milli Kitabxana Osman Mirzəyev adına 190 saylı orta məktəblə birlikdə Nizami rayonu 1 saylı uşaq evində tədbir keçirdi.
   
   Uşaq evinin gözəl və yaraşıqlı həyəti. Darvazadan içəri daxil olan kimi həyətdə futbol oynayan 12-14 yaşlı 5-6 oğlan məni əhatəyə alaraq “Xanım, siz də uşaqların görüşünə gəlmisiniz? Tədbir hələ başlamayıb. İstəyirsinizsə, sizə akt zalının yolunu göstərək” - dedilər.
   Uşaqlarla bir az söhbət edib akt zalına qalxıram. Musiqi sədalarından hiss edirəm ki, içəridə xoş bir ab-hava var. Uşaq evinin balaca sakinləri sakitcə əyləşib gələn qonaqlara baxırdılar. Milli Kitabxananın direktor müavini Mələk Hacıyeva isə gətirilən hədiyyələri sahmana salırdı. Budur, 190 saylı məktəbin 2 a sinif şagirdləri öz çıxışlarına başlayırlar. Uşaq evinin sakinlərinə “Cik-Cik xanım“ nağılını kukla teatrı variantında təqdim edirlər. Tamaşanın ərsəyə gəlməsində məktəbin müəlliməsi Nərgiz Məmmədovanın əməyini xüsusi qeyd etmək gərəkdir. Çünki 8 yaşlı məktəblilərin istedadlarının üzə çıxmasında, gələcəkdə püxtələşib inkişaf etməsində Nərgiz müəllimənin rolu əvəzsizdir.
   Tamaşa həm uşaqlar, həm də tərbiyəçilər tərəfindən böyük maraqla izlənilirdi. Bundan əlavə, məktəblilər rəqs və mahnılar da ifa etdilər. Hər bir nömrə nümayiş olunduqca sinif rəhbərinin məsuliyyəti, öz şagirdlərinə göstərdiyi diqqət nəzərdən qaçmırdı.
   Şagirdlərin maraqlı ifalarından sonra Mələk Hacıyeva çıxış edərək dedi: “Çox şadam ki, bugünkü tədbir belə maraqlı keçdi, bizi bu uşaqlara bir addım da yaxınlaşdırdı. Milli Kitabxananın müdiriyyəti adından uşaq evinə hədiyyə olunan kitabları böyük məmnuniyyətlə sizə təqdim edirik”.
   Nərgiz Məmmədova da gül balalara sevinc bəxş edən tədbirdən razılığını bildirdi: “Bu layihəni həyata keçirməkdə məqsədimiz uşaq evlərində böyüyən balaları sevindirmək və sinfimdə təhsil alan fəal şagirdlərin istedadını üzə çıxarmaqdır. İnanıram ki, əməkdaşlığımız davamlı olacaq. Azərbaycan Dövlət Kukla Teatrı kuklaları əldə etməyimizdə bizə kömək oldu. Bu gözəl layihəni həyata keçirməkdə bizə köməyi olan hər kəsə çox sağ ol deyirəm”.
   Tədbirin sonunda uşaq evinin sakinlərinə paylanan kitablar onların sevincinə sevinc qatdı.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar