Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin yubileyi qeyd olundu
   
   Aprelin 18-də Azərbaycanda musiqi təhsilinin inkişafında mühüm rol oynayan qocaman sənət ocağının - Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin yaranmasının 80 illiyi münasibətilə tədbir keçirildi.
   
   Yubiley tədbirində çıxış edən məktəbin direktoru, Əməkdar mədəniyyət işçisi, musiqişünas Qəmər Quliyeva təhsil ocağının keçdiyi yoldan söhbət açdı. Qeyd olundu ki, 2 nömrəli musiqi məktəbi Bakı şəhərində ilk musiqi tədris müəssisələrindən biridir. Tədris ocağına 1990-cı ildə dünya şöhrətli müğənni Rəşid Behbudovun adı verilib. 80 il ərzində məktəb bir çox musiqiçilər yetişdirib: xalq artistləri - bəstəkar M.Mirzəyev, pianoçu Z.Adıgözəlzadə, əməkdar artistlər - kamança ifaçısı E.Əhmədov, tarzən A.Gəray, xanəndə F.Qasımova və başqaları bu məktəbin yetirmələridir. Son illərdə bu siyahıya gənc istedadların da adları əlavə olunub. 2011-ci ildə “Evrovision” mahnı müsabiqəsinin qaliblərindən biri Eldar Qasımov, 2009 və 2010-cu illərdə müsabiqədə ölkəmizi təmsil etmiş Aysel Teymurzadə və Səfurə Əlizadə bu sıradadır. Hazırda məktəbdə 380-ə yaxın şagird təhsil alır, onların təlim-tədrisi ilə 88 müəllim məşğul olur.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbinin fəaliyyətindən söz açdı. Qeyd etdi ki, məktəbin məzunları arasında görkəmli musiqiçilər, müasir və klassik musiqini, estradanı təbliğ edən insanlar var. Məktəb ötən dövr ərzində öz ənənələrini itirməyib, əksinə, fəaliyyətini daha da genişləndirib və bu gün də mədəniyyətimizə dəyərli töhfələrini verməkdədir.
   Nazir vurğuladı ki, bu gün Azərbaycan mədəniyyəti böyük inkişaf yolundadır: “Bu inkişafın təməlində ölkə başçısı İlham Əliyevin apardığı siyasət durur. Bu gün Azərbaycanın imicini mədəniyyət olmadan düşünmək və qəbul etmək mümkün deyil. Vaxtilə bizi dünyada daha çox neft ölkəsi kimi tanıyırdılarsa, bu gün artıq Azərbaycan mədəniyyət və incəsənət ölkəsi kimi dünya miqyasında tanınır. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusilə diqqətəlayiqdir”.
   Yubiley münasibətilə məktəbin kollektivini təbrik edən Əbülfəs Qarayev təhsil ocağının yeni-yeni uğurlar qazanacağına əminliyini bildirdi: “Bu məktəb həmişə çox böyük nailiyyətləri olan, seçilən, tanınan tədris ocağı olub. Məktəbin məzunları daima Azərbaycan musiqi mənzərəsində özünəməxsus yer tuturlar, beynəlxalq səviyyəli müsabiqələrdə ölkəmizi layiqincə təmsil edirlər. Mən sizə daha böyük uğurlar və bu məktəbin adını həmişə yüksəkdə saxlamağı arzulayıram”.
   Nazir məktəbin yerləşdiyi Rəşid Behbudov küçəsində görkəmli sənətkarın adını daşıyan Mahnı Teatrının da yerləşdiyini nəzərə çatdırdı. Qeyd etdi ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu küçədə Rəşid Behbudovun heykəli ucaldılacaq.
   Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev və başqaları musiqi məktəbinin yetirmələrinin ölkəmizi layiqincə təmsil etdiklərini bildirdilər, müəllim kollektivinin əməyini yüksək qiymətləndirdilər. Vurğuladılar ki, məktəbin məzunları arasında musiqini əsas ixtisas kimi seçməyən, başqa sahələrdə çalışan tanınmış insanlar da vardır.
   Sonra iştirakçılara yubiley konserti təqdim olundu. Məktəbin xalq çalğı alətləri orkestrinin, birləşmiş xor kollektivinin, skripkaçılar ansamblının müşayiəti ilə şagirdlərin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirildi.
   Məktəbin direktoru Q.Quliyevaya diplomlar, xatirə hədiyyələri təqdim olundu.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar