Ağsuda “Beynəlxalq abidələr və tarixi yerlər günü”nə həsr olunmuş konfrans
Aprelin 17-də Mədəniyyət və Turizm Nazirliyinin, Ağsu Rayon İcra Hakimiyyətinin və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ağsuda “Tarixi şəhərlərimizdə kərpic memarlığı” mövzusunda konfrans keçirilib. Tədbir 18 aprel - “Beynəlxalq abidələr və tarixi yerlər günü”nə həsr olunub.
Konfrans iştirakçıları əvvəlcə 2010-cu ilin mart ayından orta əsr Ağsu şəhərində aparılan arxeoloji qazıntıların nəticələri, burada görülən konservasiya işləri və “Orta əsr Ağsu şəhəri” sərgisi ilə tanış olublar. Sonra Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının iclas zalında konfrans öz işinə başlayıb.
Konfransı açan Ağsu arxeoloji ekspedisiyasının rəhbəri, ”Miras” İctimai Birliyi İdarə Heyətinin üzvü, professor Qafar Cəbiyev tariximizin, orta əsr memarlığımızın öyrənilməsində belə tədbirlərin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Şirvan memarlıq məktəbində kərpic memarlığı geniş yayılıb. Bu faktlar ərazidəki arxeoloji qazıntılar zamanı aşkarlanıb. Alim yerli sakinlərin “Xaraba şəhər” adlandırdıqları XVIII əsr Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlar, tapılan maddi-mədəniyyət nümunələri, onların mühafizəsi və s. barədə ətraflı məlumat verib. Bildirilib ki, şəhərin “Sənətkarlar və boyaqçılar” məhəlləsində, hamam kompleksində və şəhər qarnizonunun saxlanıldığı ərazidə tədqiqatlar başa çatdırılıb. Arxeoloji qazıntılar şəhər memarlığında çiy və bişmiş kərpicdən geniş istifadə edildiyini üzə çıxarıb. Şəhər ərazisindəki ən böyük ağac sütunlu məscidlərdən biri də məhz çiy kərpicdən tikilib.
Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin Abidələrin mühafizəsi sektorunun müdiri Arif Əliyev kərpic memarlığının əhəmiyyətindən danışaraq qeyd edib ki, Çin səddi qədər əhəmiyyətli abidəmiz olan Gilgilçay səddi də məhz çiy kərpicdən tikilib.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Əliyevin “Azərbaycanda erkən şəhər mədəniyyəti”, AMEA-nın müxbir üzvi Cəfər Qiyasinin “Azərbaycanın Səlcuqlu çağı memarlığında kərpic bəzəyi”, Türkiyədən gəlmiş professor, kərpic memarlığı üzrə mütəxəssis, arxeoloq, “Arxeologiya və sənət” jurnalının baş redaktoru Nezih Başgelenin “Anadoluda kərpic memarlığı”, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin “Son orta əsr şəhərlərində kərpic memarlığı” və s. mövzularda məruzələri dinlənilib.
Tədbirdə tarixən Azərbaycanda yaşayan toplumların kərpic memarlığı, dünyanın başqa yerlərindəki kərpic memarlığı nümunələri ilə Azərbaycan örnəklərinin müqayisəli təhlili, hazırda kərpic memarlığının inkişafı istiqamətlərində ictimai və iqtisadi fəaliyyət, kərpic memarlığı abidələrinin konservasiya və bərpası məsələləri geniş təhlil olunub.
Konfransda Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyev də iştirak edib.