Mirzə Ələkbər Sabir - 150
Aprelin 25-də İsmayıllı şəhərində Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş konfrans, elektron məlumat bazasının təqdimatı və “Mirzə Ələkbər Sabir-150” adlı kitab sərgisi keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundzadə adına Milli Kitabxana və İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Konfransı Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, ölkə Prezidentinin sərəncamı ilə böyük şair, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu nəzərə çatdırıb, bununla bağlı bölgələrdə silsilə tədbirlərin keçiriləcəyini bildirib.
Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, şair Vaqif Bəhmənli ədibin həyat və yaradıcılığı barədə danışıb, Azərbaycan ədəbiyyatında Sabir poeziyasının özünəməxsus yeri olduğunu vurğulayıb.
İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov böyük şairin yubiley tədbirinin rayon ictimaiyyəti, böyüməkdə olan gənc nəsil, ədəbiyyat və kitabsevərlər üçün əsl bayram olduğunu deyib.
Milli Kitabxananın direktor müavini Mələk Hacıyeva ədibin 150 illiyinə həsr olunmuş elektron məlumat toplusunu təqdim edib. Topluda şairin həyat və yaradıcılığı, görkəmli şəxslərin Sabir haqqında fikirləri, şairin kitabları, məqalələri, haqqında olan kitablar, dövri nəşrlər və s. bölmələr yer alıb.
İsmayıllı rayon MKS-in uşaq şöbəsinin müdiri Rəna Süleymanova “M.Ə.Sabir və uşaq ədəbiyyatı”, Milli Kitabxananın metodik təminatı şöbəsinin müdiri Adilə Abdullayeva “M.Ə.Sabir və incəsənət” mövzularında çıxış ediblər. Tədbirin sonunda konfrans iştirakçıları Sabirin həyat və yaradıcılığından bəhs edən 150-dən artıq kitab, dissertasiya və avtoreferatlar, not nəşrləri, qəzet və jurnal məqalələrini əks etdirən sərgi ilə tanış olublar. Tədbir bədii hissə ilə yekunlaşıb.
Lalə Azəri