Aprelin 25-də Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə Binəqədi qəsəbə Mərkəzi Mədəniyyət Evində “Narkomanlıqla mübarizə hər birimizin vəzifəsidir” mövzusunda oxucu konfransı keçirildi.
Binəqədi qəsəbə icra nümayəndəsinin müavini Kənan Mustafazadə narkomaniyanın bütün dünyada ağır ictimai fəsadlar doğuran bəla olduğunu bildirdi. Tədbirdə iştirak edən məktəblilərə müraciət edərək bu bəladan uzaq durmağı, narkomaniyaya aludəçiliyin onların həyatında hansı nəticələrə gətirəcəyini öncədən düşünməyi tövsiyə etdi.
35 saylı şəhər poliklinikasının həkim-nevropatoloqu Rövşən Həsənov narkomaniyanın gənclər arasında daha çox yayıldığını dedi. Narkomaniya özü ilə bir çox sağalmaz və ağır xəstəliklərə yol açdığını, HİV-ə, hepatitə yoluxma hallarının baş verdiyini bildirdi. Narkotik maddələrin növləri, onların törətdiyi fəsadlar haqqında danışdı.
“AİDS-lə mübarizə” İctimai Birliyinin nümayəndəsi Ehtiram Paşayev narkomaniyanı cəmiyyət üçün böyük təhlükə adlandırdı. Ona görə də narkotik maddə istifadəçilərinə bu aludəçilikdən qurtulmaq üçün kömək göstərmək lazımdır. Qeyd olundu ki, hazırda Azərbaycanda HİV virusu daşıyıcılarının 62,2 %-i məhz narkotik yolla bu xəstəliyə yoluxub.
Binəqədi qəsəbə məscidinin axundu Hacı Şahbala məktəb müəllimlərinin uşaqları narkomaniya ilə bağlı məlumatlandırmasının vacibliyini vurğuladı. Uşaqları sağlamlığa ziyan vuran bəlalardan uzaq olmağa çağırdı.
179 saylı orta məktəbin müəllim-psixoloqu Cəmilə Əlvəndova, Binəqədi rayon MKS-in 4 saylı filialının müdiri Yusif Seyidov da çıxış edərək, narkomaniyanın cəmiyyətdə törətdiyi neqativ hallardan danışdılar. Məktəbli oxucular mövzu ilə bağlı müxtəlif çıxışlar etdilər.
Sonda narkomaniya mövzusu ilə əlaqədar toplanmış nəşr nümunələri sərgiləndi. Fəal oxucuların rəsmləri nümayiş olundu. Məktəblərə narkomaniyaya qarşı mübarizə ilə bağlı maarifləndirici vəsaitlər paylandı.
Reyhan