Rauf Hacıyev - 90
Mayın 14-də R.Behbudov adına Dövlət Mahnı Teatrında görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Rauf Hacıyevin anadan olmasının 90 illiyinə həsr olunmuş konsert keçirildi. “Anam doğma Vətənimsən, Azərbaycanım!” adlı konsertdə bəstəkarın ölməz mahnıları səsləndi.
Azərbaycan professional musiqisi tarixinə müxtəlif mövzulu operettaları, "Gənclik" simfoniyası, bir-birindən gözəl estrada mahnıları ilə daxil olan bəstəkar Rauf Hacıyev haqqında ürək sözlərini eşitmək üçün gecənin qonaqlarından bir neçəsinə müraciət etdik.
Dövlət Mahnı Teatrının bədii rəhbəri, Xalq artisti Kamil Vəzirov:
- Mənə Rauf Hacıyevin mahnılarını sevdirən Rəşid Behbudov olub. Çünki mən gənc yaşlarından başlayaraq 20 il Rəşid Behbudovla birlikdə işləmişəm. Rəşid müəllim xarici ölkələrdəki çıxışını Rauf Hacıyevin “Azərbaycan” mahnısı ilə bitirərdi. Rauf Hacıyevin əsərləri bu gün də sevilir. O mahnıları xalq da sevir, sənətkarlar da.
Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynova:
- Hər il mayın 15-də böyük bəstəkarımızın doğum gününü qeyd edirik. Bu il Rauf Hacıyevin 90 illik yubileyi ölkə başçısının sərəncamı ilə geniş səviyyədə qeyd olunur. Rauf Hacıyev, ilk növbədə Azərbaycan dinləyicisi, tamaşaçısı üçün bənzərsiz mahnıları ilə yadda qalıb. Rauf Hacıyev Tofiq Quliyevlə yanaşı Azərbaycan estrada mahnı janrının təməlini qoyub və bu janrda daima yaşayacaq, zamanı yarıb keçəcək əsərlər, klassik nümunələr yaradıb. Səməd Vurğunun sözlərinə bəstələdiyi “Azərbaycan” mahnısını və ya Rauf Hacıyev yaradıcılığının epiqrafı sayılan “Romeo mənim qonşumdur” filmindən “Sevgilim” mahnısını xatırlayaq. Bu mahnılarda onun bütün yaradıcılığına xas olan həyatsevərlik, böyük eşq öz əksini tapıb. Rauf Hacıyev yaradıcılığı çoxşaxəlidir. O, yüksək musiqi təhsili almış peşəkar bəstəkarlarımızdan biridir. Üzeyir bəyin xeyir-duası ilə musiqiyə gəlib, Qara Qarayev kimi nəhəng bəstəkarın tələbəsi olub. Rauf Hacıyev Azərbaycan Estrada Orkestrini yaradıb və bu orkestr keçmiş SSRİ-nin hər guşəsini qarış-qarış gəzib.
O həm də böyük ictimai xadim olub. Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışıb və bir çox gözəl başlanğıcların əsasını qoyub. Azərbaycanda Dövlət Xor Kapellasını yaradıb, Mahnı Teatrının, Xalça Muzeyinin yaradılmasında nazir kimi onun böyük xidmətləri olub. Bəstəkarlar İttifaqında böyük işlər görüb. Əlcəzairdə professional opera və balet məktəbini yaradıb. Bir insan və sənətkar kimi özünü hərtərəfli realizə edə bilib. Bu, yaradıcı insan üçün son dərəcə böyük bir amildir.
* * *
Gecəni Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Ceyran Mahmudova açaraq, Azərbaycan musiqisini öz bənzərsiz bəstələrilə bəzəyən Rauf Hacıyevin zəngin irsindən danışdı: “Bəstəkarın xoşbəxtliyi ondadır ki, onun musiqiləri zaman-zaman yaşayır və bu mahnılara həyat vermiş sənətkarı da yaşadır. Nə qədər ki, Azərbaycan xalqı yaşayır, Rauf Hacıyevin musiqiləri də yaşayacaq, insanların könlünü oxşayacaq”.
Tədbirdə Xalq artisti Bilal Əliyev Rauf Hacıyevin “Azərbaycan”, “Qaya” Dövlət Ansamblının solistləri bəstəkarın müxtəlif filmlərə yazdığı musiqilərdən mahnılar ifa etdilər. Mahnı Teatrının solisti Vaqif Şıxəliyev və Firuzə Quliyevanın ifasında “Saçlarına gül düzüm” və “Sevgilim” mahnıları, Əməkdar artist, cazmen Salman Qəmbərovun ifa etdiyi kompozisiya, Opera və Balet Teatrının solisti Fərid Əliyevin ifasında “Bakı haqqında mahnı”, Əməkdar artistlər Gülyaz Məmmədova və Teymur Əmrahın duet şəkildə ifa etdikləri “Bahar sənsiz” və digər çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Gecənin aparıcısı Əməkdar artist Gülyanaq Məmmədova Rauf Hacıyevin yaradıcılığında bəzi məqamları iştirakçıların nəzərinə çatdırdı. Qeyd olundu ki, bəstəkarın yaradıcılığında teatr tamaşalarına və filmlərə yazdığı musiqilər də önəmli yer tutur. "Əhməd haradadır", "Bir qalanın sirri", "Kölgələr sürünür", "Qara daşlar" və s. filmlərin musiqisi səmimiyyəti və özünəməxsusluğu ilə tamaşaçıların qəlbinə yol tapıb.
Rauf Hacıyev operetta janrında da gözəl əsərlər və sənət tariximizdə qalacaq 7 operetta yazıb. Təkcə bunu xatırlatmaq yerinə düşər ki, bəstəkarın "Romeo mənim qonşumdur" operettası 20-dən çox teatrda tamaşaya qoyulub.
Gecənin sonunda Rauf Hacıyevin qızı Nanə Hacıyeva çıxış edərək, atasının 90 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün sərəncam verən ölkə başçısına, Mədəniyyət və Turizm Nazirliyinə, gecənin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
* * *
Rauf Hacıyevin 90 illik yubiley tədbirləri çərçivəsində mayın 15-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcı kollektivi bəstəkarın “Talelər qovuşanda” musiqili komediyasını sənətsevərlərə təqdim edib. Dövlət Rus Dram Teatrında nümayiş olunan tamaşada Əməkdar artist Xanım Qafarova, aktyorlar Məhərrəm Qurbanov, Emil Heydərov və başqaları yaddaqalan obrazlar yaradıblar. Əsas partiyaları isə tanınmış vokalçı Nərgiz Kərimova (Nərgiz) və müsabiqə yolu ilə teatra qəbul edilən gənc solist Elvin Əliyev (Əli) ifa ediblər.
Təranə Vahid