18 May - Beynəlxalq Muzeylər Günü ənənəvi olaraq bu il də maraqlı tədbirlərlə yadda qaldı. Əlamətdar tarixlə bağlı muzeylərdə “Açıq qapı” günü elan edilmişdi.
Bir neçə muzeyin cəmləşdiyi Muzey Mərkəzində həmin gün xüsusilə qələbəlik idi. Ziyarətçilər arasında müxtəlif yaş təbəqələrinə aid insanlar, çoxlu məktəblilər vardı. Gün ərzində muzeyə axışan turistlər də maraqla eksponatlarla tanış olur, sonra ürək sözlərini qeyd dəftərçəsinə yazırdılar.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin elmi işlər üzrə direktor müavini Sevinc Mikayılova bildirdi ki, hər il Beynəlxalq Muzeylər Günü ilə bağlı «Açıq qapı» günü elan olunması daha çox insanın - şəhərimizdə olan qonaqların, turistlərin, eləcə də yerli əhalinin muzeyləri ziyarət etməsinə təkan verir: “Bu, çox yaxşı haldır. İnsanlar kollektiv şəkildə muzeylərə gəlirlər. Muzeylərdə vaxtaşırı yeniləşmə işləri, ekspozisiyalarda dəyişikliklər olur. «Açıq qapı» günləri ilə bağlı muzeyə gələn insanlar bütün bunlarla tanış olurlar. Biz təkcə Beynəlxalq Muzeylər Günündə deyil, ildə bir neçə dəfə «Açıq qapı» günü təşkil edirik. Bu aksiyalar vasitəsilə insanların muzeylərə marağı artır».
S.Mikayılova onu da bildirdi ki, Teatr Muzeyinə təkcə sənət adamları və ya sənət öyrənən insanlar gəlmir. Bu muzey insanlarda nostalji hissləri oyatdığı üçün yaşlı insanlar burda olmaqdan zövq alırlar: «Muzeyə müxtəlif sahələrdə çalışan insanlar gəlir. Vaxtilə tamaşalara çox gedən insanlar bu muzeyə gələrək, tamaşalarla bağlı xatirələrini təzələyirlər. Bu gün də ziyarətçilərin üzündən bunu duyduq. Onu da bildirim ki, muzey insanların cəlbi üçün müxtəlif proqramlar da təşkil edir. Bu ənənənin səmərə verdiyini görürük”.
L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin kütləvi işlər şöbəsinin müdiri Aygün Abbasova da bildirdi ki, muzey hər il bu ənənəyə qoşulmaqla ziyarətçilərinin sayını artırmağa nail olub: «Bayram günlərində muzeylər öz mövzularına uyğun tədbirlər təşkil edirlər. Bu tədbirlərdə əsas məqsəd tamaşaçı kütləsinə bayram əhvali-ruhiyyəsini aşılamaq olur. Bununla gələcək auditoriyanın muzeyə cəlb olunması üçün əlverişli şərait yaranır. Builki devizimiz «Muzeylər dəyişən dünyada: yeni çağırış, yeni ilham» adlanır. Bu ad altında muzey «Açıq qapı» günü üçün müxtəlif tədbirlər proqramı hazırlayıb. İzləyiciləri, sadəcə, eksponatlara baxmağa dəvət etmirik. Həm də onları bu muzeydə keçmişə qaytarıb, milli mahnılarımızı, rəqslərimizi, adət-ənənəmizi təqdim edirik”.
Qeyd edək ki, Xalça Muzeyində «Açıq qapı» günü «Azərbaycan xalçası» uşaqlar üçün elektron oyunlar, «Azərbaycan xalçaları dünya muzeylərində» CD-lərinin təqdimatı ilə başladı. Daha sonra «Azərbaycan inciləri» instrumental ansamblının ifasında Azərbaycan xalq mahnıları təqdim olundu. Bununla yanaşı, ansamblın və muzey işçilərinin hazırladıqları «Xınayaxdı» mərasimi də təqdim olundu. Muzeyə gəlmiş əcnəbi qonaqlar da mərasimlə yaxından tanış oldular.
Gülər