Mayın 24-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iqtisadiyyat nazirinin müavini Məhəmməd Bin Abdul Aziz Al Shehhinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Heyətə Dubay Ticarət və Sənaye Palatasının baş direktoru Hamad Buamın və palatanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Hasan Al Haşimi daxil idi.
   
   Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində mövcud əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edildi.
   Belə görüşlərin ikitərəfli əməkdaşlığın genişlənməsinə xidmət etdiyini vurğulayan nazir Ə.Qarayev son illərdə ölkəmizdə mədəniyyət və turizmin inkişafına xüsusi diqqət yetirildiyini nəzərə çatdırdı. Qeyd edildi ki, dövlət tərəfindən teatr binaları, mədəniyyət ocaqları, tarixi abidələr təmir-bərpa olunur: “Bütün bunlar ölkəmizin turizm potensialını da möhkəmləndirir. 10 il bundan əvvəl biz turizm sahəsini öyrənirdik. İndi isə bizdə bu sahənin inkişafı üçün gözəl infrastruktur, hotellər, restoranlar, hava limanları var”.
   Nazir ölkəmizin Birləşmiş Ərəb Əmirlikləri ilə turizm mübadiləsinin daha da genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırdı. Bu il Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gələn media nümayəndələrinə Azərbaycanın turizm imkanları ilə bağlı geniş məlumatların verildiyini də xatırlatdı.
   Cari ildə Azərbaycanın bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini nəzərə çatdıran nazir bu gün bütün Avropanın diqqət mərkəzində olan ən mühüm mədəni hadisələrdən birinin - 57-ci “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirildiyini dedi.
   Bakıda ilk dəfə “Eurovision” mahnı müsabiqəsinin keçirilməsini yüksək mədəni hadisə kimi qiymətləndirən Məhəmməd Bin Abdul Aziz Al Shehhi yarışma iştirakçılarına uğurlar arzuladı. O, Azərbaycana təkcə turizm imkanlarını, turizm əlaqələrini müzakirə etmək üçün deyil, eyni zamanda ölkənin incəsənəti, mədəniyyəti ilə də yaxından tanış olmaq üçün gəldiyini bildirdi. Dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə bütün təşəbbüsləri dəstəklədiklərini bildirən qonaq ümidvar olduğunu bildirdi ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələr bundan sonra daha da genişlənəcək.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar