Mayın 25-də Üzeyir Hacıbəylinin ev-muzeyində yenə qələbəlik idi. Muzeydə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 94-cü ildönümü qeyd olunurdu. Tədbirə Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin müəllim və şagirdləri dəvət olunmuşdular. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndi.    

   “Üzeyir Hacıbəyli və Əhməd Cavad” adlı tədbiri giriş sözü ilə ev-muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov açaraq, böyük şair, tərcüməçi, müəllim Əhməd Cavadın həyatından, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ictimai, ədəbi fəaliyyətindən danışdı. Qeyd olundu ki, ədib bu dövrdə Azərbaycanın istiqlaliyyətini, Türkiyə və Azərbaycan xalqlarının sarsılmaz həmrəylik və birliyini tərənnüm edən şeirlər yazmış, Üzeyir Hacıbəylinin redaktoru olduğu “Azərbaycan” qəzeti ilə fəal əməkdaşlıq etmişdir. Əhməd Cavadın yaradıcılığını yüksək qiymətləndirən Ü.Hacıbəyli onun “Yol ver türkün bayrağına” adlı şeirinə musiqi bəstələmişdir. Ü.Hacıbəylinin 1919-cu ildə bəstələdiyi milli himnimizin sözləri də Əhməd Cavada məxsusdur.
   Muzeyin böyük elmi işçisi Sevinc Quliyeva Üzeyir bəylə Əhməd Cavadın dostluq əlaqələrindən söhbət açdı. Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sənubər Hacıyeva şairin yaradıcılığı haqqında danışaraq şeirlərindən nümunələr söylədi.
   Sonra Əhməd Cavadın sözlərinə Üzeyir bəyin bəstələdiyi “Yol ver türkün bayrağına” mahnısı səsləndi. Tədbir iştirakçıları Ü.Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən “Əbədi iftixarımız” adlı sənədli filmə tamaşa etdilər.
   Sonda iştirakçılar muzeydə təşkil olunmuş “Ü.Hacıbəylinin şəxsi kitabxanasından seçmələr” mövzusunda sərgi ilə tanış oldular.
   
   Gülnarə Ələsgərova,
   Üzeyir Hacıbəylinin ev-muzeyinin ekspozisiya şöbəsinin müdiri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar