İyunun 19-da “Park-İnn” mehmanxanasında Milli Məclisin deputatı, parlamentin toponimiya komissiyasının üzvü, şair-publisist Musa Urudun (Quliyev) “Zəngəzur toponimləri” kitabının təqdimat mərasimi keçirilib.
   Akademik Teymur Bünyadovun elmi redaktorluğu ilə işıq üzü görən kitabda vətənimizin ən qədim və zəngin tarixə malik bölgələrindən biri olan Zəngəzurun 838 toponimi haqqında ətraflı izahat verilir. Nəşrdə bizim eranın əvvəllərindən ta çağdaş dövrümüzə qədərki mənbələr, sənədlər, elmi ədəbiyyat və xatirələr, habelə yerli sakinlərin məlumatları əsasında Zəngəzurdakı toponimlərin tarixi, bölgənin mədəni-etnoqrafik mənzərəsi ətraflı tədqiq edilib. Bu qədim türk torpaqlarında yaşayan insanların həyatı, məişəti və mübarizəsi toponimlərin dili ilə oxuculara çatdırılıb. Kitab bölgənin tarixi, toponimiyası, mədəni-etnik xüsusiyyətləri ilə maraqlanan alimlər, tədqiqatçılar, tələbələr, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.