İyunun 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim, tərcüməçi, pedaqoq, nasir, akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
İnstitutun foyesində Məmməd Arif Dadaşzadənin həyat və fəaliyyətini əks etdirən sərgi açılıb.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli alimin XX əsr Azərbaycan ədəbi-tənqidinin və ədəbiyyatşünaslıq elminin inkişafında mühüm xidmətləri olduğunu deyib. Görkəmli elm xadiminin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaranmasında, təşəkkülündə xüsusi rolunu diqqətə çatdıran İ.Həbibbəyli bildirib ki, 120 illiyə töhfə olaraq AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Məmməd Arif Dadaşzadənin əsərlərinin biblioqrafiyası çapa hazırlanır.
Vurğulanıb ki, Məmməd Arif Dadaşzadə yenilikçi mövqeyi ilə Azərbaycan ədəbiyyatşünaslığında iz qoyub. Onun XX əsr Azərbaycan dramaturgiyasının əsas yaradıcılarından biri olan Cəfər Cabbarlıya həsr olunmuş monoqrafiyası genişhəcmli elmi əsərlər sırasında xüsusi çəkiyə malikdir. “Səməd Vurğunun dramaturgiyası” adlı monoqrafiyası şairin yaradıcılığının öyrənilməsində etibarlı elmi bələdçidir.
Qeyd olunub ki, Məmməd Arif Dadaşzadə 1938-ci ildə Ədəbiyyat İnstitutunda şöbə müdiri, 1939-cu ildə direktor müavini vəzifələrində işləyib, iki dəfə bu elm ocağının direktoru olub. 1960-cı ildən ömrünün sonunadək Elmlər Akademiyasının vitse-prezidenti kimi fəaliyyət göstərib.
Tədbirdə daha sonra institutun şöbə müdiri professor Asif Rüstəmli “Ədəbiyyat İnstitutunun yaradılması və təşəkkülündə Məmməd Arif Dadaşzadənin yeri və rolu” mövzusunda məruzə ilə çıxış edib.
Həmçinin “Cəfər Cabbarlının yaradıcılıq metodu akademik Məmməd Arifin tədqiqatlarında”, “Akademik Məmməd Arif Dadaşzadənin ədəbi-tənqidi görüşləri”, “Səməd Vurğun irsi akademik Məmməd Arif Dadaşzadənin araşdırmalarında”, “Akademik Məmməd Arif Dadaşzadə və ədəbi-mədəni mühit” mövzularından məruzələr dinlənilib.
Sonda görkəmli alimin nəvəsi – Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə babasının xatirəsinə göstərilən diqqətə görə AMEA rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib.