Azərbaycan UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının dördüncü sessiyasının prezidenti seçilib
İyunun 4-də Parisdə keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının dördüncü sessiyası işə başlayıb.
Sessiyada ölkəmizi Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Eleonora Hüseynova, nümayəndəliyin müşaviri Anar Kərimov, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə, UNESCO üzrə Milli Komissiyanın nümayəndəsi Leyla Hacıyeva və UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə eksperti, musiqişünas Sənubər Bağırova təmsil edirlər.
Sessiyanın açılışında prezident, beş vitse-prezident və məruzəçidən ibarət iclasın bürosu seçilib. Ölkəmizin təmsil etdiyi ikinci seçki qrupunun üzvləri tərəfindən Azərbaycan Respublikasının namizədliyi irəli sürülüb. Serbiya, Burkina Faso, Bolqarıstan, Macarıstan, Qazaxıstan, Özbəkistan və digər ölkələrin nümayəndələri Azərbaycanın namizədliyini yüksək qiymətləndirib və sessiyanın idarə edilməsində uğurlar arzulayıblar. Beləliklə, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir E.Hüseynova yekdilliklə iki il müddətinə Baş Assambleyanın prezidenti seçilib. Vitse-prezident qismində Fransa, Çin, Burkina Faso, Honduras, Livan, Belçika isə məruzəçi seçiliblər.
Qeyd edək ki, 2010-cu ilin 22-24 iyun tarixlərində UNESCO-nun Parisdəki Baş qərargahında Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın iştirakçı dövlətlərinin Baş Assambleyasının üçüncü sessiyasında Azərbaycan UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib.
Ölkəmizin UNESCO çərçivəsində davamlı olaraq təşkilatın çoxsaylı qurumlarına və həmin qurumlarda rəhbər vəzifələrə seçilməsi Azərbaycan dövlətinin məqsədyönlü siyasəti, xüsusilə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri qismində səmərəli və uğurlu fəaliyyətinin nəticəsidir. Məhz Mehriban xanım Əliyevanın qeyri-maddi mədəni irsin mühafizəsinə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi olaraq Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, Azərbaycan xalça sənəti və Novruz bayramı müxtəlif illərdə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Ölkəmizin nümayəndəsinin UNESCO-nun bu mötəbər və 140-dan çox nümayəndəsindən ibarət Baş Assambleyaya prezident seçilməsi Azərbaycanın qeyri-maddi mədəni irsin qorunması sahəsində ildən-ilə möhkəmlənən nüfuzunun bariz göstəricisi və digər tərəfdən UNESCO-nun Azərbaycana göstərdiyi böyük etimadın nəticəsidir.