Mayın 31-də Mirzə Ələkbər Sabirin 150 illik yubileyi Akademik Milli Dram Teatrında təntənəli şəkildə qeyd edildi. Hökumət nümayəndələrinin, millət vəkillərinin, tanınmış elm və incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə əvvəlcə ədibin əsərlərindən ibarət sərgi nümayiş olundu.
   
   Mərasimi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq Mirzə Ələkbər Sabirin bənzərsiz yaradıcılığından, zəngin ədəbi irsindən danışdı: “Sabir özünə qədərki klassik Şərq, o cümlədən Azərbaycanın möhtəşəm poeziya ənənələrinə əsaslanaraq milli şeirimizin tamamilə yeni örnəklərini yaratmışdır. Diqqətəlayiqdir ki, bənzərsiz şairə qədər onun üslubunda, yaxud bu üsluba oxşar forma və şəkillərdə ədəbiyyat nümunələri olmayıb. Sonralar da Sabir novatorluğunu şərtləndirən meyarlara söykənərək qələm çalan digər şairlərin heç biri onun ucalığına yüksələ bilməmişdir.
   Əgər belə demək mümkündürsə, Sabir sözün mütləq anlamında özü ilə başlayıb, özü ilə də bitir. Şübhəsiz ki, bu fikir Sabir novatorluğunun Azərbaycan şeirinin sonrakı mərhələsinə təsirini qətiyyən inkar etmir. Təqribən 120 ildən çoxdur ki, Sabirin yaratdığı əsərlər forma bənzərsizliyi, çoxqatlı bədii obrazlar sistemi, vətəndaş yanğısı, humanist ruhu ilə onunla tanış olan hər kəsi heyrətə salır. Sabir nadir şairlərdəndir ki, onun yaradıcılığı milli ədəbiyyatımızda, hətta qüdrətli Şərq-İslam ədəbiyyatında yeni məktəb, yeni mərhələ, yeni hadisə məzmununa malikdir”.
   Nazir böyük ədibin 150 illik yubileyinin geniş şəkildə qeyd olunmasını ölkə rəhbərliyinin mədəniyyətimizə və ədəbiyyatımıza göstərdiyi qayğı və diqqətin bariz nümunəsi kimi dəyərləndirdi: “Hörmətli Prezidentimiz tam haqlı olaraq hələ iki il öncə Sabirin yubileyinin yüksək səviyyədə qeyd olunmasına dair 1 iyun 2010-cu il tarixli sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yazıçılar Birliyinin təklifləri əsasında tədbirlər planı hazırlamış və həmin tədbirlər planı icra olunmaqdadır. Azərbaycan Yazıçılar Birliyində, mərkəzləşdirilmiş kitabxana sistemlərində, Milli Kitabxananın xətti ilə Kürdəmir, İsmayıllı, Lənkəran, Şamaxı rayonlarında, təhsil ocaqlarında ədəbi-bədii tədbirlər, müsabiqələr keçirilmiş, sərgilər açılmış, konfranslar təşkil edilmişdir”.
   Nazir şairin ədəbi irsinin təbliği ilə bağlı hazırlanan yeni kitabların, “Hophopnamə”nin yeni nəşrinin işıq üzü gördüyünü də dedi: “Hophopnamə”nin izahlar, lüğətlər, maraqlı illüstrasiyalardan ibarət mükəmməl nəşri elmlər doktoru, sabirşünas Alxan Bayramoğlu və Xalq rəssamı Arif Hüseynov tərəfindən hazırlanmış və nazirliyin dəstəyi ilə çap edilmişdir. Yubiley nəşrləri sırasında “Sabir təsviri sənətdə”, “Sabirin satira sənətkarlığı”, “Sabir Bakıda” kitabları da nəfis tərtibatla işıq üzü görmüşdür”.
   Əbülfəs Qarayev böyük şairin 150 illik söz bayramına dost, qonşu, qardaş ölkələrin də biganə qalmadığını bildirdi. Şamaxıda 7 xarici ölkədən 14 şair və yazıçının, hökumət rəsmilərinin qatıldığı “Sabir Poeziya Günü”nün böyük uğurla keçdiyini qeyd edən nazir bunu böyük şairin xatirəsinə böyük hörmət nümunəsi kimi dəyərləndirdi: “Yubiley tədbirlərinə Türkiyə, İraq, Ukrayna, Estoniya, Latviya, Qazaxıstan və Qırğızıstandan təşrif buyuran hörmətli qonaqlar Sabir yaradıcılığına ehtiram ifadə edirlər. Çünki Sabir şeiri nə qədər milli olsa da, onun qələmə aldığı mövzular bəşəri mahiyyət daşıyır. Sabir türk, İslam dünyasının, Yer kürəsində yaşayan hər bir insanın haqqının qorunması, xeyirxahlıq, azadlıq, daxili kamillik kimi mövzuları seçməyi, onu parlaq qələmi ilə ədəbi estetik dəyərlərə çevirməyi bacarmışdır”.
   Nazir çıxışının sonunda Sabir işığına toplaşan qonaqları, Sabir ənənələrini ləyaqətlə davam etdirən şairləri və qədirbilən oxucuları söz-sənət bayramı münasibətilə təbrik etdi.
   Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Sabir yaradıcılığının bənzərsizliyindən söz açdı. Qeyd etdi ki, şairin əsərləri bütün zamanlarda öz aktuallığını qoruyub saxlayacaqdır.
   Gecədə Qırğızıstan mədəniyyət nazirinin müavini Kozogeldi Kuliyev, Litva mədəniyyət nazirinin müavini Staponkus Deividas, tanınmış türkiyəli yazıçı Yakub Ömeroğlu və başqaları çıxış edərək Azərbaycanın böyük satira ustasının ümumilikdə ədəbiyyata gətirdiyi yeniliklərdən danışdılar.
   Tədbirdə Akademik Milli Dram Teatrının aktyorlarının ifasında ədibin əsərlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş olundu. Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova, Xalq artisti Mələkxanım Əyyubova, xanəndə İlkin Əhmədovun ifasında gözəl musiqilər səsləndi.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar