Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi festivalın diplomuna layiq görülüb
   
   İyunun 1-dən 6-dək Rusiyanın paytaxtı Moskvada “İntermuzey-2012” beynəlxalq festivalı keçirilib. Ölkəmizi festivalda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi təmsil edib. Festivalla bağlı təəssüratlarını öyrənmək üçün muzeyin direktoru Alla Bayramova ilə görüşdük.
   
   Direktor bildirdi ki, “İntermuzey” ənənəvi beynəlxalq festivalı hər il müxtəlif ad altında keçirilir. Məsələn, ötən il festival “Muzey məkanı-inam məkanı” mövzusunda keçirilmişdi. Builki festivalın mövzusu da maraqlı olub: “Muzeylər və turizm”. Festivalın təntənəli açılışında muzeyin Qədim Musiqi Alətləri Ansamblının üzvləri çıxış etdilər. Əməkdar artist Nuriyyə Hüseynova (vokal), Əməkdar artist Munis Şərifov (kamança) və Davud Abdullayevin (tar) ifasında “Heyratı” ritmik muğamı, “Sarı gəlin” və “Azərbaycan” mahnıları iştirakçılar tərəfindən böyük maraqla qarşılandı”.
   Qeyd edək ki, Moskvanın Mərkəzi Rəssamlar Evində təşkil olunan festival çərçivəsində Azərbaycanın mədəniyyətini, turizm potensialını əks etdirən stendimiz maraqla qarşılanıb: “Guşədə turizm bölgələri haqqında bukletlər, muzeyin nəşrləri, bəstəkarların əsərlərindən ibarət disklər nümayiş olunurdu. Mədəniyyət və Turizm Nazirliyi bizi digər Azərbaycan muzeyləri ilə bağlı müxtəlif dillərdə nəşrlər, çap məhsulları ilə də təmin etmişdi. Bizim stendlə maraqlananlar Azərbaycana gəlmək istədiklərini bildirir, viza qaydalarını soruşur, Azərbaycan mədəniyyətinin yüksək səviyyədə inkişaf etdiyini deyirdilər. Onlar “Eurovision” beynəlxalq mahnı müsabiqəsindən sonra Azərbaycanı görməyə xüsusilə böyük maraq göstərdiklərini bildirirdilər. Biz orada Azərbaycan, rus, ingilis və fransız dillərində müxtəlif nəşrləri, bukletləri, məlumatları təqdim edirdik. Özümüzlə Qara Qarayevin, Fərhad Bədəlbəylinin, Fidan və Xuraman Qasımovaların, digər musiqiçilərimizin disklərini aparmışdıq. Onlar Azərbaycanın rus dilində xəritəsi, Müslüm Maqomayevin, Alim Qasımovun diskləri ilə maraqlanır, milli musiqi alətlərimizin necə hazırlanması barədə soruşur, xoş arzularını ifadə edirdilər”.
   Festivalda müxtəlif firmaların muzey işinə tətbiq etdikləri qabaqcıl texnologiyalar da nümayiş olunub: “Biz orada muzey əşyalarının maraqlı təqdimatlarını gördük. Həmin firmalarla əlaqələr yaratdıq. İndi ən müasir texnologiyaların tətbiq olunduğu əsrdir. Muzeylər də bundan geri qalmamalıdırlar”.
   Qeyd edək ki, Tatarıstanın Yelabuqa Dövlət Muzey-Qoruğu festivalın baş mükafatına, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi “Beynəlxalq əlaqələrin inkişafındakı xidmətlərinə görə” xüsusi diploma layiq görülüb. Muzeyin direktoru Alla Bayramovaya isə təşəkkürnamə təqdim olunub.
   Festival çərçivəsində “Muzeylərin turizm sektoruna inteqrasiyası” mövzusunda dəyirmi masa da təşkil olunub. Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova maraqlı təqdimatla çıxış edib, Azərbaycanın zəngin mədəniyyəti, muzeyin fəaliyyəti barədə ətraflı məlumat verib.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar