Respublika fotomüsabiqəsinə yekun vuruldu
   
   Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə mayın 16-dan 25-dək “Mədəniyyət abidələrimiz” adlı respublika fotomüsabiqəsi keçirilib. Müsabiqəyə təqdim olunan işlər içərisindən seçilmiş fotolardan ibarət sərgi və qaliblərin mükafatlandırılması mərasimi iyunun 8-də “LN Art Centre” qalereyasında gerçəkləşdi.
   
   Tədbiri Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli açaraq bildirdi ki, “Mədəniyyət abidələrimiz” adlı respublika fotomüsabiqəsinin keçirilməsi Azərbaycan xalqının zəngin mədəni irsinin qorunub saxlanılması, mədəniyyət abidələrinin təbliği, gənclərin foto sənətinə marağının artırılması məqsədi daşıyır: “Müsabiqədə respublikanın müxtəlif regionlarından 16 yaşdan yuxarı həvəskar və peşəkar fotoqraflar iştirak ediblər. Fotolar rəngli və ağ-qara olmaqla yalnız elektron formatda qəbul olunub. Müsabiqəyə respublikanın müxtəlif bölgələrindən 72 müəllif tərəfindən 598 fotoşəkil göndərilib. Münsiflər heyəti tərəfindən onların arasından 60-a qədər foto seçilib. İnanıram ki, həmin əsərlərdən ibarət sərgi maraqla qarşılanacaq”.
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin Abidələrin mühafizəsi sektorunun müdiri Arif Əliyev bildirdi ki, iştirakçılar müsabiqəyə zəngin mədəni irs nümunələrinin yer aldığı maraqlı foto nümunələri təqdim ediblər: “Azərbaycanın mədəni irsi çox zəngindir. Tarixi abidələrimiz, maddi-mədəniyyət nümunələri bu fotolarda əksini tapıb. Müsabiqə iştirakçıları çəkdikləri fotolarla bu zənginliyi insanlara çatdırmağa çalışıblar”.
   Münsiflər heyətinin sədri, Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Ədhəm Yusifov iştirakçıları təbrik edərək, onlara uğurlar arzuladı. Qeyd olundu ki, Mədəniyyət və Turizm Nazirliyinin bu layihəsi yeniyetmə və gənclərin foto sənətinə marağının artırılmasına xidmət edir. Belə müsabiqələr xalqımızın zəngin mədəni irsinin təbliğinə imkan verir.
   Sonra qaliblərə Mədəniyyət və Turizm Nazirliyinin diplom və qiymətli hədiyyələri təqdim olundu. I yerə Gədəbəy rayonunun Söyüdlü kəndində VI əsr Qız qalası abidəsini əks etdirən fotoya görə Fərman Süleymanov (Gədəbəy) layiq görüldü. II yerə “Modern Baku” adlı fotonun müəllifi Vüqar İbadov (Bakı), III yerə müsabiqəyə Qax rayonunun Ləkit kəndindəki VI-VII əsrlərə aid məbəd kompleksinin fotosunu təqdim edən Əfəndi Mahir (Qax) layiq görüldü.
   Qeyd edək ki, sərgidə nümayiş olunan əsərlərin kataloqunun nəşri də nəzərdə tutulur.
   
   C.Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar