Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mədəniyyət, elm və turizm sahəsində uzunmüddətli əməkdaşlıq haqqında” Proqrama uyğun olaraq iyunun 7-9-da dost ölkədə Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti tədbirlərdə iştirak edib.
İyunun 7-də Qazaxıstanın paytaxtı Astanadakı Sülh və Sabitlik Sarayında Azərbaycan Mədəniyyəti Günləri açılıb. Mərasimdə Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Askar Bulimbayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, ölkəmizin Qazaxıstandakı səfiri Zakir Həşimov, Qazaxıstanın mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Mərasimi açan Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Askar Bulimbayev ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb, bütün sahələrdə, o cümlədən mədəni sferada əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.
Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək deyib ki, ulu öndər Heydər Əliyevin və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin səyləri nəticəsində əsası qoyulan ikitərəfli əlaqələr bu gün uğurla inkişaf edir. Nazir müavininin sözlərinə görə, Azərbaycan və Qazaxıstan bütün beynəlxalq tədbirlərdə bir-birini dəstəkləyir. Bu da əməkdaşlığımızın yüksək səviyyəsindən xəbər verir.
Sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə böyük qala-konsert olub. Əməkdar artistlər Simarə İmanova, Səbuhi İbayev, müğənni Aslan Hüseynov muğamlarımızı, xalq və bəstəkar mahnılarını, rəqqasələr isə milli rəqslərimizi ifa ediblər.
Mərasim iştirakçıları “Azərbaycan: ənənələrin vəhdəti və müasirlik” adlı fotosərgiyə də maraqla tamaşa ediblər.
Paytaxt Astanada başlayan Azərbaycan Mədəniyyəti Günləri Qazaxıstanın ən böyük şəhəri olan Almatıda davam edib. İyunun 9-da Almatı şəhərindəki Cambul adına Qazaxıstan Dövlət Filarmoniyasında incəsənət ustalarımızın iştirakı ilə geniş qala-konsert olub. Konsertdən öncə çıxış edən Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Askar Bulimbayev Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin ölkənin mədəni həyatında mühüm hadisəyə çevrildiyini vurğulayıb: “Biz çox şadıq ki, Azərbaycanın dünyada tanınan mədəniyyəti və incəsənəti bir neçə gün ərzində Qazaxıstanda nümayiş etdirilib, xalqımız bir daha dost və qardaş xalqın qədim mədəniyyəti və incəsənətinə heyranlıqla tamaşa edib. Onu da deyim ki, gördüyümüz musiqi nömrələri bizə çox doğmadır, bu da təsadüfi deyil. Axı bizim tariximiz, mədəniyyətimiz, incəsənətimiz və ən nəhayət, dilimiz eynidir”.
Ölkəmizin Qazaxıstandakı səfiri Zakir Həşimov Azərbaycanın dost ölkə ilə bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin yaradılması və dərinləşdirilməsinin ulu öndər Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Diplomat bildirib ki, hazırda bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev tərəfindən inkişaf etdirilir.
Sonda Azərbaycan incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı təqdim edilib. Azərbaycanın əməkdar artistləri Simarə İmanova, Səbuhi İbayev, müğənni Aslan Hüseynovun ifasında muğam, xalq və bəstəkar mahnıları, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Rəqs Ansamblının üzvlərinin ifasında milli rəqslərimiz alqışlarla qarşılanıb.
Almatıdakı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası İctimai Birliyinin “Bahar” uşaq rəqs qrupu da milli rəqslərimizi nümayiş etdirib. Geniş konsert proqramı Simarə İmanova və Səbuhi İbayevin ifasında “Qarabağ şikəstəsi” ilə başa çatıb. Salondakılar bu musiqi nömrəsini ayaq üstə alqışlayıblar.
Bununla da qardaş ölkədə Azərbaycan mədəniyyəti bayramı başa çatıb.