Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri davam edir
   
   İyunun 18-də Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri başlayıb. İyunun 19-da, Mədəniyyət Günləri çərçivəsində TÜRKSOY-un Ankaradakı iqamətgahında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi münasibətilə elmi konfrans keçirilib.
   
   Elmi konfransın təşkilatçıları Azərbaycanın və Türkiyənin mədəniyyət və turizm nazirlikləri, TÜRKSOY, Azərbaycanın Türkiyədəki səfirliyi və Yeni Azərbaycan Yardımlaşma və Kültür Dərnəyidir.
   Tədbirdə ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov çıxış edərək Mədəniyyət Günlərini və bu çərçivədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi münasibətilə keçirilən konfransı əlamətdar hadisə kimi dəyərləndirib.
   Konfransda “Nizami Gəncəvinin dünya poeziyasına təsiri” mövzusunda məruzə ilə çıxış edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov vurğulayıb ki, tarix boyu bir çox xalqlar Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinə sahiblənmək istəmişlər. Lakin tarix təkzibolunmaz şəkildə sübut edir ki, Nizami Gəncəvi məhz Azərbaycan şairidir. Dahi şairin həyatı boyu Gəncədə yaşaması da bunu göstərir. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə bu şəhərdə Nizami Məqbərəsi ucaldılıb, şairin xatirəsi, Azərbaycanın paytaxtı Bakı başda olmaqla, demək olar ki, bütün şəhərlərdə əbədiləşdirilib.
   Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Nizami Gəncəvi yaradıcılığının musiqi sənətimizə təsirindən bəhs edib. Qeyd edib ki, hələ XVI əsrdə muğam sənətçilərimiz Nizaminin qəzəllərindən bəhrələnirdilər. 1941-ci ildə dahi şairin 800 illik yubileyi zamanı klassik musiqimizin banisi Üzeyir Hacıbəyli “Nizami” kantatasını, sonradan isə onun qəzəllərinə “Sevgili canan” və “Sənsiz” romanslarını bəstələyib.
   Üzeyir Hacıbəylinin davamçıları da Nizami yaradıcılığına müraciət ediblər. 1948-ci ildə Əfrasiyab Bədəlbəylinin “Nizami” operası səhnəyə qoyulub və dahi sənətçimiz Bülbül baş rolu ifa edib. Görkəmli bəstəkar Fikrət Əmirovun “Nizami” simfoniyası və birpərdəli “Nizami” baleti də milli musiqimizin incilərindəndir.
   Nizami Gəncəvi yaradıcılığının klassik musiqimizdə ecazkar nümunələri dahi bəstəkar Qara Qarayevin adı ilə bağlıdır. Onun 1947-ci ildə bəstələdiyi “Leyli və Məcnun” simfonik poeması maestro Niyazinin dirijorluğu ilə dünyanın ən məşhur səhnələrində səslənib. Bəstəkarın “Yeddi gözəl” baleti isə təkcə Azərbaycanın deyil, sovet balet musiqisinin incilərindən biri olub.
   Konfransda Qazi Universitetinin professoru Əflatun Nemətzadənin “Nizami Gəncəvinin əsərləri səhnədə” və dosent Yakup Ömeroğlunun “Nizaminin əsərləri Türkiyə türkcəsində” mövzusunda məruzələri dinlənilib.
   Türkiyənin opera ifaçıları ölməz Nizami Gəncəvinin sözlərinə bəstələnmiş “Sənsiz” və “Sevgili canan” romanslarını ifa ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar