Məmməd Səid Ordubadi - 140 
   
   
   Zaman sübut etdi ki, tarixdə qılıncın yaraları yox, qələmin izləri qalır
   
   İyunun 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli nasir, şair, dramaturq, jurnalist, tərcüməçi, Əməkdar incəsənət xadimi Məmməd Səid Ordubadinin 140 illik yubileyinə həsr edilmiş tədbir keçirildi. Tədbirdən əvvəl filarmoniyanın foyesində ədibin əsərlərindən ibarət sərgi nümayiş olundu.
   
    Yubiley gecəsində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Azərbaycan xalqının mədəni-mənəvi dəyərlərinin qorunub saxlanması, yaşadılması və nəsildən-nəslə ötürülməsində, tarixi gerçəklərin bədii salnaməyə çevrilməsində qüdrətli qələm sahiblərinin böyük rolu olduğunu bildirdi.
   V.Əliyev Ordubadinin \"Qılınc və qələm\", \"Döyüşən şəhər\", \"Gizli Bakı, “Dumanlı Təbriz” və digər əsərləri ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoyduğunu, yazıçının irsinin daim böyük maraq doğurduğunu dedi: “Ordubadi elə ədiblərdəndir ki, yaradıcılığının dərindən tədqiqinə, oxunmasına və yayılmasına bu gün də maraq böyükdür. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Məmməd Səid Ordubadinin 140 illik yubileyi haqqında” imzaladığı 10 aprel 2012-ci il tarixli sərəncamı ədibin yaradıcılığının yeni nəsillərə tanıdılması üçün böyük imkanlar açmışdır.
   Sərəncamın icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi tədbirlər planına əsasən hələ may ayından tədbirlər silsiləsinə start verilib. Yazıçının ikicildlik “Dumanlı Təbriz” əsəri nəşrə hazırlanaraq çap olunub, xatirə muzeyində görüşlər, ədəbi söhbətlər keçirilib”.
   Vaqif Əliyev görkəmli yazıçının keçdiyi həyat yoluna da nəzər saldı: “Ordubad şəhərində anadan olan Məmməd Səidin atası Fəqir Ordubadi şair kimi tanınmışdı. Atasını kiçik yaşlarında itirən Məmməd Səid uşaq yaşlarından işləyib evə qazanc gətirməyə başlayır.
   Onun ilk şeiri 1903-cü ildə \"Şərqi-Rus\" qəzetində, \"Qəflət\" adlı ilk şeirlər kitabı isə 1906-cı ildə Tiflisdə çap olunur. 1907-ci ildə ədibin \"Vətən və hürriyyət\" adlı ikinci şeirlər kitabı işıq üzü görür. Elə həmin illərdən nəşrə başlayan \"Molla Nəsrəddin\" jurnalı Ordubadinin yaradıcılığına güclü təsir göstərir. O, tezliklə jurnalın əməkdaşlarından birinə çevrilir, eyni zamanda Bakıda çıxan \"İrşad\", \"Səda\", \"Sədayi-həqq\", \"Tərəqqi\", \"Təzə həyat\" və s. qəzetlərdə, \"Tuti\", \"Babayi-Əmir\" jurnallarında da yazılarla çıxış edir.
   İkinci Dünya müharibəsi illərində mətbuatda faşizm əleyhinə əsərləri ilə çıxış edən Məmməd Səid Ordubadi sadə adamların rəşadət, vətənpərvərlik kimi yüksək keyfiyyətlərini təsvir edən ədəbi nümunələr yaradır. \"Gənc çekistlər\", \"Kiçik şəhər\", \"Serjant İvanov adına körpələr evi\" kimi roman və hekayələri, \"Maral\", \"İntizar çəkənlər\" pyesləri həmin illərin məhsuludur”.
   Vaqif Əliyev Məmməd Səid Ordubadinin qələmini bir çox janrlarda sınadığını və hər birində uğur qazandığını da diqqətə çatdırdı: “Koroğlu”, “Nərgiz”, “Nizami” operaları, \"Beş manatlıq gəlin\", \"Ürək çalanlar\" musiqili komediyalarının librettosu, \"Dumanlı Təbriz\" pyesi Ordubadi qələminin ən çətin janrlarda yarada bilmək qüdrətini açıb göstərir. Bu əsərlərin bir çoxu uzun illər repertuardan düşməmiş, yüz minlərlə tamaşaçının alqışlarını və rəğbətini qazanmışdır”.
   V.Əliyev çıxışının sonunda Ordubadinin dəyərli irsinin hələ uzun müddət qədirbilən oxucularla yol yoldaşı olacağını bildirdi.
   Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə Məmməd Səid Ordubadinin kəşməkəşli həyatından və zəngin ədəbi irsindən danışdı. O, ədibin “Qılınc və qələm” romanını Azərbaycan ədəbiyyatında tarixi roman janrının zirvəsi saydığını qeyd etdi. Yubiley gecəsində Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Məmməd Səid Ordubadinin ev-muzeyinin direktoru Lalə Abaszadə, Bakı Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, Ordubadi irsinin araşdırıcısı Bəxtiyar Əsgərov da çıxış edərək ədibin zəngin, çoxşaxəli yaradıcılığından danışdılar.
   Gecədə Akademik Milli Dram Teatrının və Musiqili Komediya Teatrının aktyorlarının iştirakı ilə “Qılınc və Qələm” romanından və ədibin libretto müəllifi olduğu “Beş manatlıq gəlin” komediyasından səhnəciklər göstərildi, Ordubadinin sözlərinə bəstələnmiş musiqilər səsləndirildi.
   
   Təranə Vahid






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar