Ölkəmizin paytaxtı daha bir beynəlxalq tədbirə - Krans Montana Forumuna ev sahibliyi etdi
   
   İyunun 29-30-da Bakıda beynəlxalq əməkdaşlıq və mədəniyyətlərarası dialoq sahəsində dünyanın tanınmış təşkilatlarından olan Krans Montana Forumunun toplantısı keçirilib. 1986-cı ildə İsveçrənin dəstəyi ilə yaradılan qurum BMT, Avropa İttifaqı, Avropa Şurası, həmçinin UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Forumun təsisçisi və prezidenti, səfir Jan Pol Karterondur. Forumun işində Azərbaycan da yaxından iştirak edir. 
   
   Sivilizasiyaların kəsişdiyi məkanda yerləşən, mədəniyyətlərarası dialoqa töhfələrini əsirgəməyən ölkəmizin fəaliyyəti beynəlxalq səviyyədə, o cümlədən Krans Montana Forumu çərçivəsində layiqincə qiymətləndirilir. 2011-ci ildə Brüsseldə Krans Montana Forumunda Prezident İlham Əliyevin bu təşkilatın ən ali mükafatına - “Prix De La Fondation” mükafatına, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın forumun qızıl medalına layiq görülməsi bunun əyani nümunəsidir. Krans Montana Forumunun bu il Bakıda keçirilməsi də Azərbaycanın durmadan artan beynəlxalq nüfuzuna, mədəniyyətlərarası dialoqun və beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinə dəlalət edir. Paytaxtımızın bu tədbirə ev sahibliyi etməsi 2013-cü ildə Bakıda keçiriləcək II Dünya Mədəniyyətlərarası Dialoq Forumu və mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi ilə bağlı təşviqatın aparılmasına xidmət edən mühüm hadisə oldu.
   İyunun 29-da Heydər Əliyev Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Krans Montana Forumunun açılış mərasimi oldu. Bu il 23-cü dəfə keçirilən Krans Montana Forumuna Gürcüstan, Makedoniya və Monteneqronun dövlət başçıları, xarici ölkələrdən gəlmiş ictimai xadimlər, parlament nümayəndələri, ziyalılar, biznes dairələrinin təmsilçiləri qatılmışdı.
   Mərasimi açan forumun təsisçisi və prezidenti Jan Pol Karteron tədbir üçün yaradılan yüksək şəraitə görə Azərbaycanın dövlət başçısına təşəkkür etdi. Qonaq Azərbaycanın dünyada və regionda xüsusi əhəmiyyət kəsb edən bir oyunçuya çevrildiyini vurğuladı: “Ölkəniz həm sosial, həm mədəni, həm də humanitar sahələrdə get-gedə dünyaya daha çox açılır. Biz bilirik ki, Azərbaycan Avropa İttifaqının enerji təchizatçılarından biridir. Cənab Prezident, mən bildirirəm ki, bu, Sizin fəaliyyətiniz sayəsində hasilə gələn işlərdir. Buna görə də biz Sizə minnətdarıq. Böyük hörmət və iftixarla mən burada birinci xanımı salamlayıram. Biz bilirik ki, Heydər Əliyev Fondu bir çox işlər görür, həmçinin müxtəlif təhsil, mədəniyyət ocaqlarında yeniliklər həyata keçirir”.
   
   * * *
   Forumda çıxış edən Prezident İlham Əliyev qonaqları salamlayaraq onların bir çoxunun Azərbaycana ilk dəfə gəldiyini nəzərə çatdırdı və əmin olduğunu bildirdi ki, onlar burada olduqları müddətdə ölkəmizdə gedən inkişafı hiss edəcəklər: “Azərbaycan, Bakı siyasi-iqtisadi sahələrdə dialoqun keçirildiyi, formalaşdığı yerlərdən birinə çevrilibdir. Azərbaycan, Bakı artıq çox mötəbər beynəlxalq forumların keçirilməsi məkanına çevrilmişdir. Məhz buna görə, çox şadıq. Bakıda çox müxtəlif məsələlər, siyasi müstəvidə çox maraqlı mövzular ətrafında birgə müzakirələr, debatlar, forumlar təşkil olunur. Bunun hamısı bizim siyasətimizin nəticəsidir, eyni zamanda, bu, ölkəmizin tarixi irsidir. Ona görə ki, Azərbaycan tarixən, əsrlər boyu müxtəlif mədəniyyətlərin, müxtəlif millətlərin sülh şəraitində yaşadığı bir məkan olmuşdur. Biz həmişə öz işimizlə multikulturalizmi, yəni çoxmədəniyyətlilik amilini inkişaf etdirməyə üstünlük veririk və bunun gücləndirilməsinə çalışırıq. Çünki qloballaşan bugünkü dünyada başqa bir yol, başqa bir alternativ yoxdur. Ona görə də bir daha qeyd etmək istərdim ki, müxtəlif etnik mənşəyə mənsub olan, müxtəlif mədəniyyətləri təmsil edən insanların əsrlər boyu burada birlikdə yaşaması Azərbaycan üçün təbii bir hal olub. Azərbaycan çox böyük tarixə malik olan bir ölkədir”.
   
   * * *
   Gürcüstan Prezidenti Mixeil Saakaşvili çıxışında yenidən Bakıda olmağından qürur hissi keçirdiyini vurğuladı. O, beynəlxalq tədbirin Bakıda, gözəl bir yeni binada - Heydər Əliyev Mərkəzində keçirilməsini Azərbaycanın sürətli iqtisadi inkişafının bariz göstəricisi olduğunu bildirdi: “Azərbaycan öz enerji ehtiyatlarının paylanılması, düzgün bölünməsi sayəsində iqtisadi sahədə çox uğurlar əldə etmişdir. Bundan başqa, sosial, mədəniyyət və təhsil sahələrində böyük inkişafa nail olunmuşdur. Yeni məktəblər tikilmiş, istifadəyə verilmişdir. Bu, bütün regiona örnəkdir”.
   Monteneqro Prezidenti Filip Vuyanoviç də Azərbaycanın nailiyyətlərinin ona çox böyük təsir bağışladığını dedi: “Azərbaycan öz tarixinə hörmətlə yanaşır, yenicə qazandığı müstəqilliyini qoruyub saxlayır, iqtisadi nöqteyi-nəzərdən çox sabit bir ölkədir. Azərbaycanın gələcəyə çox dəqiq baxışı vardır. Başqa ölkələrlə çox gözəl əməkdaşlığı vardır. Bundan başqa, mən Avropa İttifaqı ilə sizin münasibətlərinizin belə inkişaf etməsi ilə bağlı verdiyiniz qərarları çox dəstəkləyirəm”.
   Makedoniya Prezidenti George İvanov dedi ki, dünya qloballaşdıqca dəyişir və bu, bütün sahələrdə öz əksini tapır. O, dünyada gedən miqrasiya problemlərinə toxundu, yoxsulluğun, baş verən münaqişələrin fonunda insanların rifahını düşünməyin aktuallığından danışdı.
   Birləşmiş Ərəb Əmirliyinin Füceyra Əmirliyinin şahzadəsi Şeyx Məhəmməd Hamad bin Məhəmməd əl Şərqi, İraqın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Rouş Nuri Şaveys, Estoniya parlamentinin sədri xanım Ene Erqman Bakıda keçirilən bu mötəbər tədbirin dünya ölkələri arasında əməkdaşlığın genişlənməsinə yeni töhfələr verəcəyinə əminliklərini bildirdilər.
   
   * * *
   Sonra forumda müzakirələr başlandı. Müzakirələrdə çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dedi: “Azərbaycanın torpaqlarının 20 faizinin işğal altında olması beynəlxalq hüquqa ziddir. Bu, eyni zamanda, regionda olan sabitliyə çox böyük zərbə vurur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Ən yüksək beynəlxalq dairələrdə qətnamə qəbul etmək, sonra da onları icra etməmək. Bu, axı, beynəlxalq ikiüzlülükdür! Nəyə görə biz hamımız öz səsimizi qaldırmayaq? Nəyə görə tələb etməyək ki, həmin qətnamələr icra olunsun, işğal olunan torpaqlar azad edilsin?”
   Müzakirələrdə Avropa İttifaqı ilə əlaqələr, ərəb ölkələrində neft-qaz sektorundan əldə edilən gəlirlərin xərclənməsi istiqamətləri, Pakistan və İraqın inkişafı ilə bağlı həyata keçirilən işlər və nəzərdə tutulan tədbirlər barədə geniş fikir mübadiləsi aparıldı.
   
   * * *
   Həmin gün Krans Montana Forumu çərçivəsində Bakıda “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzusunda plenar iclas keçirildi. İclasda Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Krans Montana Forumunun “Prix De La Fondation” mükafatı təqdim olundu.
   Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteron bildirdi ki, forumun ən ali mükafatı olan “Prix De La Fondation” mükafatı beynəlxalq səviyyədə fəaliyyəti ilə seçilən və rəğbət qazanan insanlara verilir. “Mehriban xanım Əliyeva dünyada humanitar fəaliyyəti ilə diqqət çəkir, zərurət mövcud olan yerləri nəzərdən qaçırmır”, - deyən Jan Pol Karteron bildirdi ki, bu irs Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevdən miras qalmışdır. İndi bu böyük insanın adını daşıyan Fond regional və qlobal miqyasda təhsil, səhiyyə, mədəniyyət, idman və təbii ki, qadın hüquqlarının qorunması sahəsində geniş fəaliyyət göstərir.
   Təltif olunmasına görə minnətdarlığını bildirən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Mən bu mükafatı Heydər Əliyev Fondunun müxtəlif sahələrdə qazandığı nailiyyətlərin tanınmasının bir rəmzi kimi qəbul edirəm. Həmçinin mən bu mükafatı Heydər Əliyev Fondunun müxtəlif mədəniyyətlər, müxtəlif millətlər arasında əlaqələrin daha da yaxşılaşdırılmasındakı nailiyyətlərinin rəğbətlə qəbul edilməsinin bir nişanəsi kimi dəyərləndirirəm”, - deyə bildirdi.
   
   * * *
   İyunun 30-da Bakıda Krans Montana Forumu çərçivəsində “Gələcəyin yeni liderləri” mövzusunda xüsusi iclas keçirildi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla xanım Əliyeva tədbirdə iştirak etdilər. Krans Montana Forumunun elmi şurasının professoru Daniel Varnerin moderatorluğu ilə keçən tədbirdə “Dəyişən dünyada gələcək liderlərin rolu”, “Qloballaşmanın ətraf mühitə təsiri” mövzularında məruzələr edildi, müzakirələr aparıldı.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar