İki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi barədə razılıq əldə olunub
   
   İyulun 5-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bolqarıstana səfərə gedib. Həmin gün nazir Sofiyada bolqar həmkarı Vecdi Raşidovla görüşüb. Nazirlər ikitərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.
   
   Görüşdə Azərbaycanda Bolqarıstan Mədəniyyəti Günlərinin, Bolqarıstanda isə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi barədə qərar qəbul olunub. Mədəniyyət günləri çərçivəsində sərgilərin açılması, kino həftəsinin keçirilməsi və digər tədbirlər nəzərdə tutulur. Nazirlər Əbülfəs Qarayev və Vecdi Raşidov kinematoqrafiya sahəsində əməkdaşlığı genişləndirmək barədə də razılaşma əldə ediblər.
   Əbülfəs Qarayev bolqar həmkarını bu ilin dekabrında Bakıda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının açılış mərasiminə və gələn il 28 may - 1 iyun tarixində paytaxtımızda keçiriləcək Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Bolqarıstana səfəri bu gün başa çatacaq.
   
   Azərbaycan-Bolqarıstan diplomatik əlaqələrinin 20 illiyinə həsr olunmuş sərgi
   
   İyulun 5-də Sofiyada, Xalq Məclisində Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü ilə əlaqədar iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının və Sofiyadakı səfirliyimizin təşkilatçılığı ilə bədii sərgi açılıb. Mərasimə Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsetska Tsaçeva, sədr müavinləri, hökumət rəsmiləri qatılıblar. Tədbirdə Bolqarıstanda səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, parlamentlərarası dostluq qrupunun Azərbaycan tərəfindən həmsədri Siyavuş Novruzov, Milli Məclisin deputatları Mahir Aslanov, Rauf Əliyev iştirak ediblər.
   Bolqarıstan Xalq Məclisinin sədri T.Tsaçeva iki ölkə arasında tarixi köklərə söykənən əlaqələrdən danışıb. İkitərəfli əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
   Azərbaycan-Bolqarıstan parlamentlərarası dostluq qrupunun həmsədri, Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycan-Bolqarıstan diplomatik münasibətlərinin qurulmasının 20-ci ildönümü ilə əlaqədar belə bir tədbirin keçirilməsini iki ölkə arasında mövcud əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirib. Qeyd edib ki, bu baxımdan belə tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir.
   Azərbaycan-Bolqarıstan parlamentlərarası dostluq qrupunun həmsədri Rəmzi Osman, Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov iki ölkə arasında münasibətlərin dinamik inkişafından danışıblar.
   Sonra tədbir iştirakçıları Bolqarıstan Dövlət Arxiv Agentliyi tərəfindən təqdim edilmiş Azərbaycan ilə bağlı tarixi sənədlərlə, yüksək səviyyəli qarşılıqlı səfərləri əks etdirən fotoşəkillərlə və müxtəlif materiallarla tanış olublar.
   Tədbirdə tanınmış Bolqarıstan bəstəkarı M.Lambovun rəhbərliyi ilə məşhur “Sofiya” kvartetinin ifasında Azərbaycanın xalq mahnıları səsləndirilib. Qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim olunub, ölkəmizin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı ilə bağlı müxtəlif materiallar nümayiş etdirilib. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar