Sərvət Kabaklı: “Biz böyük bir millətik. Şeirləri, mahnıları, elmi əsərləri ilə bu millətə ruh verənlər də onun qəhrəmanlarıdır”
   
   İyulun 5-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrinin inkişafında xidmətlərinə görə Süleyman Sərvət Hacı Ömər oğlu Kabaklıya “Fəxri doktor” adının verilməsi və türk dünyasında tanınmış fikir adamı, ədəbiyyat tarixçisi Əhməd Kabaklının “Harput əfsanələri” kitabının təqdimat mərasimi oldu.
   
   Əlyazmalar İnstitutunun direktoru Paşa Əlioğlu iştirakçıları salamlayaraq qardaş Türkiyədən ölkəmizə gələn qonaqların iştirakı ilə belə bir mərasimin keçirilməsindən şərəf duyduğunu bildirdi. Direktor Əlyazmalar İnstitutunun tarixində ilk dəfə olaraq “Fəxri doktor” adına Sərvət Kabaklının layiq görüldüyünü nəzərə çatdırdı və “Fəxri doktor” diplomunu qonağa təqdim etdi.
   «Can Azərbaycanın candan əziz alimlərini salamlayıram» sözləri ilə çıxışına başlayan Türk Ədəbiyyatı Vəqfinin rəhbəri S.Kabaklı Azərbaycanın mötəbər bir institutunun “Fəxri doktor”u adına layiq görülməsindən böyük xoşbəxtlik hissi keçirdiyini dedi: “Burada əmim, böyük ziyalı Əhməd Kabaklının xatirəsinin belə əziz tutulduğu üçün də özümü çox xoşbəxt hiss edirəm. Bütün bunları böyük bir vəfa örnəyi sayıram. Azərbaycan hər zaman bizim üçün canımız qədər əziz olub”.
   S.Kabaklı keçən əsrin əvvəllərindən başlayaraq Azərbaycan xalqının dəfələrlə erməni terroruna məruz qalmasını, Qarabağ müharibəsində və ondan əvvəl saysız-hesabsız şəhid verdiyini xatırladaraq onların xatirəsinin hər zaman xalqlarımızın qəlbində yaşayacağına inamını ifadə etdi. S.Kabaklı şəhidlərlə yanaşı, öz ölkəsinin inkişafına xidmət göstərən elm, sənət və ədəbiyyat adamlarını da qəhrəman adlandırdı: “Biz böyük bir millətik. Şeirləri, mahnıları, elmi əsərləri ilə bu millətə ruh verənlər də onun qəhrəmanlarıdır».
   
   «Bizlər - elazığlılar azərbaycanlı qardaşlarımızı çox sevirik”
   
   Təqdim olunan «Harput əfsanələri»nin ədəbi-bədii dəyərindən söz açan S.Kabaklı bu kitabın Azərbaycan türkcəsində nəşr edilməsində dəstəyini əsirgəməyən xeyriyyəçi, dünyanın zəngin əntiq əşyalar kolleksiyaçısı, Qarabağ qazisi Şahid Həbibullaya minnətdarlığını bildirdi. Bakıya sonuncu dəfə 1996-cı ildə gəldiyini deyən S.Kabaklı aradan keçən illər ərzində Azərbaycanın, Bakının böyük bir iqtisadi inkişaf yolu keçdiyini və bundan qürur duyduğunu bildirdi. Mərasimdə Elazığın bələdiyyə sədri Süleyman Salmanoğlu çıxış edərək hər zaman Azərbaycan xalqının sevincini sevincləri, kədərini kədərləri bildiklərini söylədi: «Bizlər - elazığlılar azərbaycanlı qardaşlarımızı çox sevirik. Bilirik ki, acılar paylaşanda azalır. İstəyirəm, biləsiniz ki, Qarabağ bizim də dərdimizdir. Onun acısını ürəyimizdə hiss edirik, Xocalı qətliamı içimizi göynədir. Bizlər gələcəyə, ümidə azərbaycanlı qardaşlarımızla birlikdə yelkən açmaq istəyirik. Əl-ələ, çiyin-çiyinə böyük bir güc olmalıyıq ki, çətinliklər önümüzdə diz çöksün».
   Elazığda Azərbaycanla bağlı görülən işlərdən, Azərbaycanın görkəmli ədəbiyyat adamlarının xatirəsinə keçirilən mərasimlərdən söz açan bələdiyyə sədri həmyerlisi Sərvət Kabaklıya Əlyazmalar İnstitutunun “Fəxri doktor”u adının verilməsindən məmnunluğunu bildirdi, bu adın ümumən Elazığ şəhərinə verilən yüksək qiymət olduğunu dedi. S.Kabaklının 41 illik məslək həyatı boyunca hər zaman Türkiyənin və Azərbaycanın milli-mədəni inkişafına xidmət göstərdiyini vurğuladı.
   Tədbirdə filologiya elmləri doktoru Asif Rüstəmli çıxış edərək Türkiyədə Azərbaycanın təbliğində xüsusi xidmətləri olan Sərvət Kabaklının əməyini yüksək dəyərləndirdi. A.Rüstəmli çıxışında həmçinin Elazığın bələdiyyə sədri S.Salmanoğlunun da Azərbaycan naminə gördüyü işlərdən söz açdı. Bildirdi ki, Elazığın ən gözəl guşəsində Azərbaycan parkının açılışı və orada şəhidlərimizə abidənin ucaldılmasında bələdiyyə sədrinin müstəsna xidmətləri var.
   Alim çevirəni və “ön söz”ünün müəllifi olduğu «Harput əfsanələri» haqqında, kitabın müəllifi Əhməd Kabaklı barəsində fikirlərini də bölüşdü: «XX əsr Türkiyəsinin elmi-ədəbi, ictimai-fəlsəfi fikir gündəmində Şeyxül-mühərrir Əhməd Kabaklı fədakar araşdırıcılıq səriştəsinə, analitik təfəkkürə, yenilikçi düşüncəyə, milli ruha malik ədəbiyyat tarixçisi, ədəbiyyatşünas alim, yazar, pedaqoq və jurnalist kimi tanınır və təbliğ olunur. Onun son 45 ildə 14 dəfə nəşr edilən, ümumi həcmi 4330 səhifədən çox olan beşcildlik «Türk ədəbiyyatı tarixi” bu sahəyə həsr edilən ilk və ən mükəmməl ensiklopediya və türk ədəbi-mədəni mühitinin dolğun və sanballı atlasıdır».
   Millət vəkili, professor Musa Qasımlı, «525-ci qəzet»in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, «Manas» nəşriyyatının rəhbəri Şener Bulud, Türk Ədəbiyyatı Vəqfinin üzvü, şair İsa Kocakaplan, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev belə tədbirlərin qardaş xalqları bir-birinə daha da yaxınlaşdırdığını vurğuladılar.
   Mərasimdə Süleyman Salmanoğluna, Şener Buluda və Şahid Həbibullaya AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun «Azərbaycan ədəbiyyatının dostları» diplomları təqdim olundu.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar