İyulun 27-də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə görkəmli Azərbaycan yazıçısı, şair, dramaturq, publisist və ictimai xadim Məmməd Səid Ordubadinin 140 illiyinə həsr edilmiş “Tarixi romanın böyük ustası” mövzusunda dəyirmi masa keçirildi.
Mərkəzin direktoru, professor Vilayət İsmayılov tədbiri açaraq ədibin həyat yolu və yaradıcılığı, Azərbaycanın mədəniyyət tarixində rolu və bədii irsi haqqında ətraflı məlumat verdi.
AMEA-nın müxbir üzvü, professor Teymur Kərimli “Məmməd Səid Ordubadi yaradıcılığında Nizami obrazı” mövzusunda çıxış etdi. Azərbaycan ədəbiyyatının böyük simalar yetişdirdiyini deyən alim bu tarixdə ilk cığır açan insanların xüsusi yeri olduğunu vurğuladı. Bu adlar içərisində ana dilində yazan ilk şair Həsənoğlu, ilk epik romanın banisi N.Gəncəvi və başqaları ilə yanaşı, Azərbaycanda tarixi roman janrının banilərindən olan M.S.Ordubadi də var. Yazıçının “Qılınc və qələm” əsərindən söz açan T.Kərimli bildirdi ki, müəllif bu əsəri yazarkən bir çox elmi axtarışlar aparıb: “Bu əsər yalnız tarixi roman deyil, əsərin qayəsi bütöv Azərbaycan ideyasıdır. Ədib Nizami obrazını yaradarkən onun əsərlərinin dərin eyhamlarını dərk edərək bunu açıb göstərməyə çalışıb”.
Filologiya üzrə fəlsəfə doktoru Arzu Hüseynova “M.S.Ordubadinin nəsrində Cənubi Azərbaycan” mövzusunda çıxış edərək qeyd etdi ki, yazıçı öz əsərlərində hər zaman milli xüsusiyyətləri qabarıq şəkildə üzə çıxarıb, milli azadlıq hərəkatını, etnoqrafik xüsusiyyətləri əks etdirib: “Buna misal olaraq “Dumanlı Təbriz” romanını göstərə bilərik. Yazıçı öz qəhrəmanlarının dili ilə həm də özünü göstərə bilib”.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Rasim Nəbioğlu “Böyük ədib-tarixi əsərlər müəllifi” mövzusunda çıxış edərək ədibin əsərlərinin xarici dillərə çevrilməsi problemlərindən söz açdı. Yazıçının əsərlərinin adlarının da bədii tapıntı olduğunu vurğuladı.
Dəyirmi masada iştirak edən İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev M.S.Ordubadinin ilk növbədə böyük vətəndaş olduğunu bildirdi.
Tədbirdə ədəbiyyatşünaslar, muzey və arxiv əməkdaşları da iştirak edirdilər. Ü.Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov yazıçı-dramaturqun musiqi sahəsində fəaliyyətindən söz açaraq müəllifi olduğu librettoların aktuallığını önə çəkdi. Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur isə yazıçının fondda saxlanılan arxivindən bir neçə nüsxəni M.S.Ordubadinin ev-muzeyinə hədiyyə etdi. Tədbirdə M.S.Ordubadinin nəvəsi və yazıçının nəslinin nümayəndələri də iştirak edirdilər.
Lalə Azəri