Rayon Mədəniyyət və Turizm Şöbəsi və tabeliyində olan müəssisələrin fəaliyyəti geniş müzakirə olundu
   
   İyulun 26-da Şəmkir rayonunda Mədəniyyət və Turizm Nazirliyinin səyyar kollegiya iclası keçirildi. İclasda rayonun Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan tarixi abidələrin abadlaşdırılması, kitabxana, klub, muzey və musiqi məktəblərinin işi, turizm imkanları müzakirə edildi. 
   
   Mədəniyyət müəssisələri ilə tanışlıq
   
   Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Şəmkir şəhərindəki abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri düzdülər. Sonra nazir Əbülfəs Qarayev və kollegiya üzvləri rayondakı mədəniyyət müəssisələrinə baş çəkdilər. Şəhərdəki Heydər Əliyev Mərkəzi 2006-cı ildə fəaliyyətə başlayıb. Mərkəz ulu öndərin həyatı, zəngin dövlətçilik irsi və siyasi fəaliyyətini təbliğ edir. İkimərtəbəli binanın birinci mərtəbəsində linqafon kabineti, nümayiş zalı, kompyuter kursları otağı və arxiv yerləşir. İkinci mərtəbə isə iki ekspozisiya və bir kitabxana zalından ibarətdir. Burada dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən 14 bölmə yaradılıb.
   Nazirliyin kollegiya üzvləri Şəmkir rayon Əhməd Cavad adına Mədəniyyət evinin fəaliyyəti, habelə XIX əsrdə almanlar tərəfindən inşa edilmiş kilsədə aparılan təmir-bərpa işləri ilə də tanış oldular.
   
   Səyyar kollegiya iclasları bölgələrdə nöqsanları aradan qaldırmağa imkan verir
   
   Sonra Şəmkir Rayon İcra Hakimiyyətinin binasında nazirliyin səyyar kollegiya iclası başlandı. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov tədbir iştirakçılarını salamlayaraq, aparılacaq müzakirələrin bölgədə mədəniyyət və turizmin inkişafına müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirdi.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bölgələrdə keçirilən səyyar kollegiya iclaslarının əhəmiyyətini qeyd etdi, bu təcrübənin artıq ənənəyə çevrildiyini vurğuladı: “Bu iclaslar həmçinin regionlarda həyata keçirilən işlərin təhlil olunmasına imkan verir. Ölkə başçısının apardığı regional inkişaf siyasətinə mədəniyyət və turizm sahəsində dəstək vermək və bu siyasəti yeni tələblərə cavab verən bir üslubda aparmaq bizim üçün ümdə vəzifədir. 2009-cu ildə biz Gəncədə bir neçə rayon üzrə geniş kollegiya iclası keçirərək görülən işlərin vəziyyətini təhlil etdik. İcra hakimiyyətlərinin rəhbərlərinin də iştirak etdiyi bu iclasdan sonra biz hiss etdik ki, həmin bölgələrdə mədəniyyət və incəsənət sahəsinə diqqət və maraq daha da artdı. Daha sonra nazirliyin əməkdaşları kollegiyanın qərarlarının icrasını təmin etmək məqsədilə Şəmkirdə yerli mədəniyyət təşkilatlarının nümayəndələri ilə xüsusi görüşlər təşkil etdilər. Fikir mübadilələri aparıldı, yeni təkliflər irəli sürüldü. Bütün bunlar istər-istəməz ümumi işin gedişinə müsbət təsirini göstərdi.
   Biz bu ənənəni davam etdirərək növbəti səyyar kollegiya iclasını keçiririk. Düşünürəm ki, bu tədbirlər çox vacibdir. Sözsüz ki, bizim toplantıların əsasında real iş durur. Əgər yerlərdə həyata keçirilən tədbirlər olmasaydı, müzakirə mövzusu da olmazdı. Regionlarda səyyar kollegiyalar bölgələrdə işin təkmilləşdirilməsi, yenidən təhlili, müasir tələblərə cavab verməsi məqsədilə təşkil olunur”.
   Regionların sosial-iqtisadi inkişafının daima ölkə başçısının diqqət mərkəzində olduğunu vurğulayan nazir hər il bununla bağlı müvafiq sərəncamların verildiyini nəzərə çatdırdı. Yerlərdə müasir tələblərə cavab verən müəssisələr, habelə mədəniyyət mərkəzləri, turizm obyektləri tikilir, onların maddi-texniki bazası möhkəmləndirilir. Mədəniyyət işçilərindən bu inkişafla ayaqlaşmaq tələb olunur: “Mədəniyyət sahəsində çalışanlar cəmiyyətdə gedən bütün meylləri, bütün tendensiyaları ziyalı gözü ilə təhlil etməlidirlər. Yeni təkliflər olmalıdır. Hətta mən deyərdim ki, onlar bu inkişafın önündə getməlidirlər. Ölkəmizə, onun bölgələrinə səfər edən əcnəbilər ilk növbədə onun mədəniyyəti ilə maraqlanırlar. Ona görə biz rayonların, şəhərlərin simasını dəyişərkən buna layiq səviyyədə mədəni xidmətlər təşkil etməliyik. Çünki mədəniyyət sahəsi prioritet mövzudur.
   Gəlin, təhlil edək. Yerlərdə müasir mədəniyyət müəssisələri - kitabxanalar, muzeylər, mədəniyyət mərkəzləri, parklar inşa olunur. Əlbəttə ki, bütün bunlar müsbət haldır. Ancaq biz düşünməliyik ki, istifadəyə verilən yüksək səviyyəli mədəniyyət obyektlərində mədəni xidmətlər bu müasirliyə nə dərəcədə cavab verə bilir?! Ona görə biz hesab edirik ki, səyyar kollegiyalar yerlərdə nöqsanları aradan qaldırmaq üçün konkret addımların atılmasına imkan verir”.
   
   Problemlərin həll yolları müzakirə olundu
   
   Sonra nazirliyin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli Şəmkir Rayon Mədəniyyət və Turizm Şöbəsinin və onun tabeliyində olan müəssisələrin fəaliyyəti barədə məruzə ilə çıxış etdi. Qeyd olundu ki, Mədəniyyət və Turizm Şöbəsinə Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Çənlibel Xalq Tətbiqi Sənəti Muzeyi, 58 klub müəssisəsi, 73 kitabxana, uşaq musiqi məktəbi, bir mədəniyyət və istirahət parkı daxildir. Rayon ərazisində olan 53 tarix və mədəniyyət abidəsi dövlət tərəfindən qorunur. Nazirliyin müvafiq əmrinə əsasən aprel ayında rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin fəaliyyəti təhlil olunub.
   Ötən dövr ərzində Şəmkirdə mədəniyyət müəssisələrinin fəaliyyətinin canlandırılması, mədəniyyət sərvətlərinin qorunub saxlanılması və təbliği, əhaliyə mədəni xidmətin göstərilməsi sahəsində müəyyən işlər görülüb.
   Mərkəzi kitabxana və Tarix-diyarşünaslıq muzeyi üçün yeni binaların tikilməsinə görə rayon icra hakimiyyətinə müraciət olunub. Mədəniyyət evində xalq teatrının fəaliyyəti bərpa olunub, qəza vəziyyətində olan Nərimanlı kənd mədəniyyət evi, Səməd Vurğun, Varlı Həyat, Qaraqoyunlu kənd klubları münasib binalara köçürülüb. Son üç ildə rayonun 10 kənd, habelə Kür və Zəyəm qəsəbə kitabxana filiallarında, Ə.Cavad adına şəhər Mədəniyyət evi, şəhər klubu, uşaq musiqi məktəbi və tarix-diyarşünaslıq muzeyində cari təmir işləri aparılıb.
   Rayon mədəniyyət müəssisələrində fəaliyyət göstərən 1 xalq teatrı, 6 aşıqlar ansamblı, 11 instrumental kollektiv, 1 rəqs ansamblı, 1 şən və hazırcavablar klubu, 70 dram, bədii qiraət və musiqi dərnəklərinə ümumilikdə 714 nəfər cəlb olunub. Rayon ərazisindəki 53 tarix və mədəniyyət abidəsindən 1-i dünya, 30-u ölkə (2 memarlıq və 28 arxeoloji abidə), 22-si isə yerli (18 memarlıq və 4 arxeoloji abidə) əhəmiyyətlidir.
   Kollegiya iclasında rayonda mədəniyyət və turizmin inkişafı istiqamətində qazanılan nailiyyətlərlə yanaşı, bir sıra problem və nöqsanların da olduğu diqqətə çatdırıldı. Bildirildi ki, 33 klub müəssisəsinin, 35 kitabxana filialının və Çənlibel Xalq-Tətbiqi Sənəti Muzeyinin əsaslı təmirə ehtiyacı var. Şəmkir Tarix-Diyarşünaslıq Muzeyi 2006-cı ildən rayon Mədəniyyət evinin zirzəmisində yerləşir. Muzey eksponatları rütubətli hava rejimində saxlanılır. Ekspozisiya kimi təqdim olunan iki zal muzey işinin tələblərinə cavab vermir. Hər iki muzeyin elmi-köməkçi fondu yoxdur. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəaliyyətində, Mərkəzi Kitabxananın şöbələrinin illik iş planının tərtibi və icrasında, kataloq və kartoteka sistemində nöqsanlar mövcuddur. Rayonda fəaliyyət göstərən klub müəssisələri işçilərinin böyük əksəriyyəti orta təhsillidir. Mədəniyyət evlərinin metodiki mərkəz kimi heç bir fəaliyyəti yoxdur. Şəhid X.İbrahimov adına mədəniyyət və istirahət parkı 2007-ci ildə yenidən qurulsa da, burada əhaliyə xidmət qənaətbəxş deyil.
   Şəmkir Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Qüdrət Əliyev, Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Sahibə Əmiraslanova, Şəmkir Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cavanşir Pirverdiyev, uşaq musiqi məktəbinin direktoru Rizvan Məmmədov, Heydər Əliyev Mərkəzinin direktoru Fəxri Yusibov, Kür qəsəbə Mədəniyyət evinin direktoru Rəfiqə Mürsəlova, Əhməd Cavad adına Mədəniyyət evinin direktoru Rəcəb Salmanov rəhbərlik etdikləri müəssisələrin fəaliyyəti barədə çıxış etdilər, problem və nöqsanlarla bağlı kollegiya üzvlərinin suallarını cavablandırdılar.
   
   Konkret təkliflər səsləndirildi
   
   Sonra çıxışlar ətrafında müzakirələr aparıldı, təkliflər səsləndirildi. Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, nazirliyin aparat rəhbəri Firudin Qurbanov, Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev tövsiyə və təkliflərlə çıxış etdilər. Qeyd olundu ki, mədəniyyət müəssisələri yeni dövrün tələblərinə uyğun öz imkanlarını düzgün dəyərləndirməlidir. İqtisadiyyatımız bazar münasibətləri ilə tənzimlənir. Bu münasibətlərə uyğun olaraq mədəniyyət müəssisələri də öz fəaliyyətini qurmalı, paralel olaraq öz pullu xidmətlərini də təklif etməlidirlər.
   Bunun üçün insanların hansı xidmətlərə daha çox ehtiyacı olduğu təhlil olunmalıdır. Mədəniyyət işçiləri daima axtarışda olmalı, təşəbbüskarlıq göstərməlidirlər. Bildirildi ki, Şəmkirdə turizmin inkişafı üçün geniş imkanlar var. Bu imkanlardan yararlanmaqla bölgəyə çoxsaylı turistləri cəlb etmək mümkündür. Rayonun mədəniyyət müəssisələrinin inkişafı üçün Bakıda fəaliyyət göstərən mədəniyyət işçiləri ilə təcrübə mübadilələri aparıla bilər və bu imkanlardan yararlanmaq lazımdır.
   
   Turizm müəssisələrinin yaradılmasına ehtiyac var
   
   Kollegiya iclasında rayonun turizm sahəsində imkanları da diqqətə alındı. Nazir Əbülfəs Qarayev Şəmkirin turizm potensialından yetərincə istifadə olunmadığına diqqət çəkdi. Qeyd olundu ki, rayonun gəzməli-görməli yerlərinin, arxeoloji və tarixi abidələrinin təbliğinə, mədəni xidmətlərin şəbəkəsinin formalaşdırılmasına dair ciddi tədbirlər görülməlidir: “Siz hamınız bilirsiniz ki, ölkə rəhbərliyi tərəfindən turizmin inkişafına xüsusi diqqət yetirilir. Cənab Prezident qeyri-neft sektorunun inkişafının 6 istiqamətini müəyyənləşdirib ki, onlardan biri də turizmdir. Burada çıxışlarda da qeyd olundu ki, mədəniyyət və turizmi birləşdirərək bir nazirlik yaradılması bu iki vacib sahənin potensialının qovuşdurulması və bir-birini tamamlamasını nəzərdə tutur. Şəmkirdə turizm üçün imkanlar var. Burada alman mədəniyyətinin izləri mövcuddur və bu işə biganə qalmaq olmaz. Bölgədə turizm müəssisələrinin yaradılmasına ehtiyac var. Biz bu işə dəstək göstərməyə hazırıq. Əgər xarici mütəxəssislərin köməyi lazımdırsa, əcnəbi mütəxəssisləri dəvət edə bilərik. Regionun inkişafı ilə bağlı tövsiyələr verə bilərik. Rayonun tanıtma kitablarının hazırlanması, bölgənin turizm imkanlarının sərgilərdə təbliği diqqətdə saxlanılmalıdır. Şəmkir tarix və arxeoloji abidələrlə zəngindir. Bu işin təbliğatı aparılmalı, Mədəniyyət və Turizm Şöbəsi buraya xüsusi informasiya turları təşkil etməlidir. Azərbaycan mətbəxinə məxsus qida məhsullarının təqdim olunması, qonaqpərvərlik xidmətlərinin formalaşdırılması haqqında kulinariya mərkəzləri düşünməlidirlər. Şəmkirin özünəməxsus mətbəx ənənələri var və bunun təbliği çox vacibdir”.
   
   Müzakirə olunan məsələlərlə bağlı müvafiq addımlar atılmalıdır
   
   Kollegiya iclasına yekun vuran Əbülfəs Qarayev ölkədə həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərində mədəniyyət və turizm sektorunda çalışan insanların üzərinə mühüm vəzifələr düşdüyünü vurğuladı, ölkəmizin mədəniyyət və turizm sistemində köklü islahatların aparılması üçün bölgələrdə, o cümlədən Şəmkirdə fəaliyyətin canlandırılmasının vacibliyini qeyd etdi: “Bu gün burada bir sıra məsələlər müzakirə olundu, dəyərli və maraqlı təkliflər səsləndirildi. Musiqi məktəbləri şəbəkəsinin genişləndirilməsinə dair, klublarla bağlı yeni təkliflərə baxılmalıdır. İqtisadi baxımdan normativlərin uyğunlaşdırılması, ştatların optimallaşdırılması məsələləri ilə də ciddi məşğul olmaq lazımdır. Hamınızı burada müzakirə olunan məsələlər haqqında bir daha ciddi düşünməyə dəvət edirəm. Bu islahatlardan qorxmaq lazım deyil.
   Siz bilirsiniz ki, hər il Azərbaycanda yeni filmlər istehsal olunur. Biz bu filmlərin bölgələrdə nümayişini təşkil edirik. Şəmkir rayonunda da avadanlıqlar təşkil olunmalı və filmlər nümayiş edilməlidir. Bu istiqamətdə pullu xidmətlər də təşkil oluna bilər. Hər bir halda yerlərdə təşəbbüslər olmalıdır. Tikinti ilə bağlı dövlət proqramında kitabxananın yenidən qurulması nəzərdə tutulur. İnvestisiya planı tutulanda biz rayon İcra Hakimiyyəti ilə birgə müraciət etməliyik ki, vəsait ayrılsın və bu işə başlayaq”.
   Nazir qeyd etdi ki, ölkədə mədəniyyət sahəsində gedən proseslər öz səmərəsini verir. Azərbaycan mədəniyyəti bütün dünyada tanınır. Ölkə başçısının dediyi kimi, Azərbaycan artıq inkişaf edən ölkələrin sırasındadır. Bütün amillər belə deməyə əsas verir: “Əgər biz bu gün inkişaf edən ölkələrin sırasında layiqli yer tutmaq istəyiriksə, cavabdeh olduğumuz mədəniyyət və turizm sahələri də ən yüksək tələblərə cavab verməlidir. Düşünürəm ki, bu kollegiyada səslənən fikirlər mədəniyyət müəssisələrində çalışan işçilərə istiqamət verəcək və biz bölgədə qarşıya qoyduğumuz məqsədlərə nail ola biləcəyik”.
   Kollegiya iclasında Şəmkir Rayon Mədəniyyət və Turizm Şöbəsi və onun tabeliyində olan müəssisələrin fəaliyyəti ilə bağlı qərar qəbul edildi.
   
   Qədim Şəmkir şəhər yeri cəlbedici turizm məkanıdır
   
   İclasdan sonra nazir Əbülfəs Qarayev və kollegiya iştirakçıları dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmış qədim Şəmkir şəhərinin ərazisində və Şəmkir qalasında arxeoloji tədqiqatların gedişi ilə tanış oldular. Qalada arxeoloji qazıntılar Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və "Regionların İnkişafı" İctimai Birliyinin birgə layihəsi əsasında aparılır.
   Şəmkir Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tarix Dostuyev məlumat verdi ki, qazıntılar nəticəsində Azərbaycan tarixinin öyrənilməsi baxımından çox qiymətli arxeoloji materiallar aşkar edilib.
   Hələ qədimdən Azərbaycanın inkişaf etmiş yaşayış məntəqələrindən olmuş Şəmkir artıq VII əsrdə şəhər kimi tanınıb. Böyük İpək Yolu üzərində yerləşən, mühüm ticarət və sənətkarlıq mərkəzi kimi X əsrdən etibarən yüksəliş dövrünə başlayan şəhər, XII-XIII əsrlərdə daha da çiçəklənib, lakin 1235-ci ildə monqol işğalı nəticəsində xarabalığa çevrilib.
   Orta əsr Şəmkir şəhərinin qala divarları ilə əhatə olunmuş və sahəsi 28 hektar olan Narınqala və Şəhristan hissələrinin qalıqları Şəmkir rayonunun Muxtariyyə kəndi yaxınlığında, Şəmkirçayın sahilində yerləşir. Arxeoloji qazıntılar zamanı tapılmış 5000-ə qədər material, eləcə də, Aran memarlığı üçün səciyyəvi olan qarışıq hörgü üslubu ilə tikilmiş qala divarları Azərbaycan xalqının yüksək şəhərsalma mədəniyyətini özündə əks etdirir.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar