Astara məşhur sənətkarlar yurdu kimi də tanınır. Qədirbilən rayon əhalisi də öz məşhur həmyerlilərini unutmur, dünyasını dəyişənlər daim xatırlanır, sənət fəaliyyətini davam etdirənlərlə tez-tez görüşlər keçirilir. Avqustun 29-da Astarada Tarix-Diyarşünaslıq Muzeyində rayonun yetirməsi, Əməkdar artist, kinoaktyor Əliqulu Səmədovla görüş də bu qəbildən idi.
   
   Ziyalılar, ağsaqqallar, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi görüşü muzeyin direktoru Gülzar İsmayılova açaraq rayonun görkəmli şəxslərinin tanınmasında belə görüşlərin vacibliyini diqqətə çatdırdı.
   Muzeyin fond müdiri Şahin Əliyev kinoaktyor Əliqulu Səmədovun həyatı və sənət yolu barədə geniş məlumat verdi. Bildirildi ki, Əliqulu Qüdrət oğlu Səmədov 1953-cü ildə Astara şəhərində ziyalı ailəsində anadan olub. O, hələ uşaq vaxtlarında sənətə böyük həvəs göstərir, rayonun mədəniyyət evində təşkil edilən tədbirlərdə, festivallarda iştirak edirdi. Astara şəhər M.Ə.Sabir adına 1 saylı orta məktəbi bitirdikdən sonra Bakı Rabitə Texnikumuna daxil olsa da, ürəyindəki arzusu onu tərk etməmişdi. Günlərin bir günü “Azərbaycanfilm” kinostudiyasında aktyor kursları açıldığını eşidən Əliqulu oraya yollanır və qapıda asılmış elan diqqətini çəkir. Elanda yazılmışdı ki, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda azərbaycanlı tələbələrdən ibarət aktyorluq kursu yaradılacaq. Rejissor Kamil Rüstəmbəyovun köməkliyi ilə seçimə səylə hazırlaşan Əliqulu müvəffəqiyyətlə imtahan verib instituta daxil olur. SSRİ Xalq artisti Yevgeni Matveyevin sinfində aktyorluq sənətinin bütün incəliklərinə yiyələnir.
   İnstitutu müvəffəqiyyətlə bitirdikdən sonra 1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasının aktyorluq şöbəsinə qəbul olunur. Ötən illərdə “Nizami”, “Qara gölün cəngavəri”, “Atları yəhərləyin”, “Yol əhvalatı”, “Bağlı qapı arxasında”, “Papaq”, “Birisi gün gecə yarısı”, “Bəyin oğurlanması”, “Cavid ömrü”, “İstanbul reysi”, “Cavad xan” və başqa filmlərdə irili-xırdalı müxtəlif rollara çəkilib. Baş rollardan birinə çəkildiyi “Alfa layihəsi” filmi Ukraynanın Lenin Komsomolu mükafatına layiq görülüb. O, həmçinin Ukrayna kinematoqrafçılarının çəkdiyi “Sıçrayış” filmində, Rusiyada çəkilən “Dronqo”, Türkiyədə istehsal olunan “Onlar da insandır”, “57 saylı qatar” teleseriallarında da rol alıb.
   İstedadlı aktyorun sənət fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, Prezident İlham Əliyevin 28 iyun 2011-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar Artisti” fəxri adına layiq görülüb.
   Görüşdə rayon ağsaqqallar şurasının sədri Hamlet Əliyev, şair İlham İlhami, ziyalılar klubunun sədri Seyran Şiriyev, ziyalı Rüfət Sadıxov, Əməkdar müəllim Heybət Hüseynov, mədəniyyət işçisi İlyas Məmmədov və başqaları Ə.Səmədov haqqında ürək sözlərini söylədilər, ona yeni yaradıcılıq uğurları arzuladılar.
   Tədbir iştirakçıları Əməkdar artist Ə.Səmədovun özünün həyat və sənətkarlıq yolu barədə muzeyin fonduna təqdim etdiyi fotoşəkillərdən, sənədlərdən, qəzet və jurnal yazılarından hazırlanmış sərgi ilə də tanış oldular.
   
   Sakitağa Kərimov,
   “Astara” qəzetinin redaktoru







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar