Sentyabrın 29-da dahi şairin ana yurdu Gəncədə başlanacaq tədbirlərə 20 ölkədən qonaqlar dəvət edilib
   
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin \"Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında\" 2011-ci il 23 dekabr tarixli sərəncamına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin təkliflərini nəzərə almaqla yubiley tədbirlərinin təşkilinin təmin edilməsi tapşırılıb. Sərəncamın icrası ilə bağlı müvafiq tədbirlər planı tərtib edilib, lazımi işlər həyata keçirilib.
   
   Sentyabrın 12-də Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyası, Yazıçılar Birliyi və Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə yubileyə hazırlıq müzakirə edilib, bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
   Toplantını giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər tanınmış mədəniyyət xadimlərinin yubileylərinin dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətindən danışıb, mədəniyyətimizin təbliğinə yönələn bu tədbirlərdə müvafiq qurumların yaxından iştirakını yüksək qiymətləndirib.
   Vurğulanıb ki, bu il dövlət başçısının müvafiq sərəncamları ilə bir neçə ədibin yubileyi qeyd edilib, ilin sonunadək daha bir neçə dövlət səviyyəli tədbirin keçirilməsi nəzərdə tutulur: “Bu sırada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yubileyinin layiqincə keçirilməsi mühüm əhəmiyyət daşıyır. Şairin yubileyinə həsr olunmuş silsilə tədbirlərə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə Roma şəhərindəki məşhur \"Villa Borghese\" parkında böyük söz ustadının abidəsinin açılışı ilə başlanmışdır. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir\".
   Əbülfəs Qarayev geniş yubiley tədbirlərinin sentyabrın 29-da şairin ana yurdu Gəncədən başlanacağını diqqətə çatdırıb. Mərasimlərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünyanın 20 ölkəsindən 50-yə yaxın qonaq dəvət edilib. Bununla yanaşı, yubiley tədbirlərində yaxından iştirak edən qurumların da dəvət etdiyi nümayəndələr var.
   Tədbirlər proqramından bəhs edən nazir bildirib ki, Gəncədə, dahi şairin məqbərəsi önündə geniş yubiley şənliyi təşkil olunacaq. Bundan əlavə, \"Beynəlxalq Nizami elmi konfransı\" təşkil ediləcək, Nizami Gəncəvinin adını daşıyacaq kitabxananın təməli qoyulacaq, əsərlərindən ibarət sərgi açılacaq, rəssamlarımızın ədibin əsərlərinin motivləri əsasında çəkdikləri rəsm əsərləri nümayiş olunacaq və şəhərin mərkəzində \"Xəmsə\"yə daxil olan əsərlər əsasında hazırlanmış ədəbi-bədi kompozisiya göstəriləcək. Tədbirlər çərçivəsində Gəncə Şəhər Mərkəzi Kitabxanası ilə dünya şöhrətli İsgəndəriyyə Kitabxanası arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.
   Böyük ədibə həsr edilmiş tədbirlər oktyabrın 1-də Bakıda davam etdiriləcək. Yekun tədbirin Heydər Əliyev Sarayında təntənəli şəkildə keçirilməsi nəzərdə tutulur. Sarayın foyesində Nizami Gəncəvi ilə bağlı kitablardan və rəsm əsərlərindən ibarət sərgi təşkil olunacaq.
   Müşavirədə Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev, yubiley tədbirlərinin rejissoru Bəhram Osmanov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Arif Həşimov, Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, M.F.Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham Əlizadə və başqaları çıxış edərək yubileyə hazırlıqla bağlı cari məsələlərdən söz açıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar