Sentyabrın 19-da Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
   
   Xatırladaq ki, 2009-cu il dekabrın 9-da Parisdə "Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyət şərtləri haqqında" saziş imzalanıb. 2010-cu il sentyabrın 2-də Prezident İlham Əliyev Fransada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.
   Parisin mərkəzində - Eyfel qülləsinin yaxınlığında yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin dünya mədəniyyətinin paytaxtında təbliğ olunması istiqamətində atılan ən mühüm addımlardan biridir. Bu mühüm hadisə dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoq platformasının aparıcı qüvvəsi olan Azərbaycanın ən yüksək səviyyədə tanıdılmasına xidmət edir. Zəngin tariximizə, mədəniyyətimizə dair eksponatların yer aldığı mərkəz həm də ölkəmizə sonsuz marağı təcəssüm etdirir.
   Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin xaricdə tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərin mühüm hissəsi Parisin mədəni həyatı ilə bağlıdır. Yeni mədəniyyət ocağı isə bu sahədə işlərin daha da gücləndirilməsinə, vahid mərkəzdən idarə olunmasına və daha səmərəli fəaliyyətin qurulmasına geniş imkanlar açacaq.
   Diqqətə çatdırıldı ki, mərkəzin binası 1904-cü ildə inşa olunmuş tarixi tikilidir. Üç min kvadratmetr sahəsi olan mərkəz Parisdə bir növ Azərbaycanın mədəniyyət ocağı funksiyasını yerinə yetirəcək və ölkəmizlə bağlı müxtəlif humanitar tədbirlərin təşkil olunmasına geniş imkanlar açacaq.
   Mərkəzdə müxtəlif görüşlərin, tədbirlərin keçirilməsi üçün hər cür imkan yaradılıb, otaqlar lazımi avadanlıqla təmin olunub. Mərkəzin əsas özəlliyi burada Azərbaycan mədəniyyətinə dair nümunələrin sərgilənməsidir. Müxtəlif ekspozisiya zallarının yaradıldığı mərkəzdə Azərbaycan tarixini əks etdirən eksponatlar təqdim olunur. Arxeoloji tapıntılardan tutmuş qədim pullara, silahlara, misgərlik məmulatlarına qədər - hər şey burada Azərbaycanın qədim və zəngin tarixindən xəbər verir.
   Azərbaycan xalçaları mərkəzdəki ekspozisiyanın ən qiymətli inciləri sırasındadır. Milli xalçaçılığımızın bütün istiqamətlərinə aid nümunələrin təqdim edildiyi mərkəzdə yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təcəssüm tapıb. Burada Azərbaycan xalçaçılıq məktəblərinin tarixi və keçdiyi inkişaf yolları barədə məlumat verilir. Ziyarətçilər ölkəmizdə qədimlərdən yaranıb formalaşan rəssamlıq sənəti - miniatür məktəbi barədə ətraflı məlumat ala biləcəklər. Zinət və müxtəlif bəzək əşyalarının, xalq incəsənətinin bütün istiqamətlərinə dair nümunələrin, taxta üzərində oyma sənətinin təqdim olunduğu mərkəzin ekspozisiyasında Azərbaycan milli geyimləri diqqəti cəlb edir. Milli ruhu özündə təcəssüm etdirən kuklalar, bürüncdən hazırlanan heykəllər də maraq doğurur.
   Mərkəzdə zəngin kitabxana da yaradılıb. Burada fransız dilinə tərcümə edilən Azərbaycan ədəbiyyatı külliyyatı təqdim olunur. Mədəniyyətimizin müxtəlif qollarına dair geniş ədəbiyyat toplusunun cəmləndiyi kitabxana mərkəzə gələnlərdə ədəbiyyatımız, rəssamlıq sənətimiz və musiqimiz haqqında, ümumiyyətlə, incəsənətin digər növləri barədə məlumatların əldə edilməsinə imkan verir.
   Mərkəzdə gənc rəssamların işləri də təqdim olunur. Odur ki, bu mərkəzin yaradılması ölkəmizdə inkişaf edən müasir incəsənət nümunələrinin Fransa ictimaiyyətinə təqdim edilməsi baxımından olduqca əhəmiyyətli hadisədir. Bu həm də Azərbaycanda müasir incəsənətə verilən dəyərin təzahürüdür.
   Burada Azərbaycan musiqisinin təbliğinə də geniş yer ayrılıb. Ayrıca muğam zalı yaradılıb, qədim musiqi alətlərimizin sərgisi təşkil olunub. Bundan başqa, mərkəzdə keçiriləcək təlimlərdə Azərbaycan mətbəxinin nümunələrinin hazırlanması qaydaları öyrədiləcək.
   Dövlət başçısı Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Sonda xatirə şəkli çəkdirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar