“Nizami Gəncəvinin memarlıq düşüncələri” və “Nizamidə azərbaycançılıq” kitabları təqdim olundu
Sentyabrın 21-də M.F.Axundzadə adına Milli Kitabxanada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə işıq üzü görmüş yeni nəşrlər - Əməkdar memar, professor Nəriman Əliyevin “Nizami Gəncəvinin memarlıq düşüncələri” və filologiya elmləri doktoru, professor Mübariz Yusifovun “Nizamidə azərbaycançılıq” kitablarının təqdimatı keçirildi.
Kitabxananın direktoru Kərim Tahirov tədbiri açaraq dahi şairin 870 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq hazırlanan yeni nəşrlərin yubileyə töhfə olduğunu bildirdi: “Bir neçə gün əvvəl Milli Kitabxanada Nizaminin sözlərinə yazılmış mahnı və romanslardan ibarət diskin təqdimatı oldu. Bu gün isə iki maraqlı kitabın təqdimatına toplaşmışıq. İstər bu kitablar, istərsə də mahnı diskləri oxucu və musiqisevərlərimiz üçün gözəl hədiyyələrdir”.
Tədbirdə Nizami Gəncəviyə həsr olunmuş sənədli film nümayiş etdirildi. Daha sonra mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək ölkə başçısının sərəncamı ilə bağlı nazirlik tərəfindən hazırlanan tədbirlər planından danışdı: “Nizami səkkiz əsr əvvəl yaşasa da, onun ümumbəşəri ideyalarla dolu əsərləri hər zaman dünya üçün yeni, aktual olub. Dahi şair hər zaman xatırlanıb, kitabları nəşr edilib. O cümlədən hələ sovet dövründə onun xatirəsi daima ehtiramla anılıb, 800 illik yubileyi geniş qeyd olunub. Ölkəmiz dövlət müstəqilliyini bərpa edəndən sonra Nizami irsinin, yaradıcılığının təbliğinə daha böyük diqqət yetirilir. Mütəfəkkirin 870 illik yubileyi ilə bağlı geniş tədbirlər hazırlanıb. Bu yubileyi təkcə Azərbaycan deyil, tərəqqipərvər bəşəriyyət, bir çox elm, təhsil mərkəzləri qeyd edir. Prezidentin sərəncamına uyğun olaraq, Mədəniyyət və Turizm, Təhsil, Xarici İşlər nazirlikləri, Milli Elmlər Akademiyası, Yazıçılar Birliyi, Gəncə Şəhər İcra Hakimiyyəti bu tədbirləri həyata keçirir. Azərbaycanın diplomatik korpuslarının fəaliyyət göstərdiyi dünyanın bir çox ölkələrində Nizaminin 870 illiyi qeyd olunur”.
Bildirildi ki, bu yaxınlarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə İtaliyanın paytaxtı Romanın ən gözəl meydanlarından birində Nizaminin heykəlinin ucaldılması dahi şairə olan ümumbəşəri ehtiramın bariz nümunəsidir.
Vaqif Əliyev yaxın günlərdə keçiriləcək tədbirlərdən də söz açdı və bildirdi ki, dahi şairin yubileyi sentyabrın 29-30-da Gəncə şəhərində, oktyabrın 1-də isə Bakıda, Heydər Əliyev Sarayında qeyd olunacaq: “Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin iştirakı ilə “Xəmsə”nin nəfis nəşri çapdan çıxıb. Yubiley tədbirlərində kitabın təqdimatı olacaq.
Prezidentin sərəncamına uyğun olaraq, Gəncədə Nizami Mərkəzi yaradılıb. Şairin məqbərəsi də təmir-bərpa olunub, ərazisi genişləndirilib. Gəncə şəhəri artıq Nizami Gəncəvinin yubileyini yüksək səviyyədə keçirməyə hazırdır və qonaqların yolunu gözləyir».
Qeyd olundu ki, Azərbaycan Milli Elmlər Akademiyası da yubileylə bağlı çoxlu tədbirlər hazırlayıb, Nizami adına Ədəbiyyat İnstitutu, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi bir çox işlər görüb: “Ədəbiyyat Muzeyi şairlə bağlı bir sıra əsərləri Azərbaycan dilinə çevirib və düşünürəm ki, yaxın günlərdə onun da təqdimatı keçiriləcək. Əlbəttə ki, bütün bunlar böyük şairə olan ehtiramın bariz nümunəsidir. Nizami elə bir şairdir ki, onun yubileyini hər il keçirmək olar. Doğrudur, böyük şairin irsinə sahib çıxmaq istəyənlər də çoxdur. Amma buna baxmayaraq onun fəlsəfəsində azərbaycançılıq məfkurəsi o qədər güclüdür ki, bunun özü bir daha onun Azərbaycan şairi olmasını təsdiqləyir. Nizaminin yaradıcılığı çoxşaxəlidir və o, istənilən mövzuya müraciət edib. Bu gün burda təqdim olunan “Nizami Gəncəvinin memarlıq düşüncələri” və “Nizamidə azərbaycançılıq” kitabları fərqli mövzular olsa da, onları birləşdirən dahi Nizaminin fəlsəfi düşüncələridir».
Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor, millət vəkili Nizami Cəfərov, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və başqaları yeni nəşrlərin əhəmiyyətindən, orijinallığından danışdılar.
Sonda çıxış edən müəlliflər Nəriman Əliyev və Mübariz Yusifov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildirdilər.
Mehparə