Sentyabrın 28-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
   
   Mərasimi giriş sözü ilə açan Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova böyük sənətkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Görkəmli musiqiçinin yubileyinin ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd edildiyini bildirdi.
   Tədbirdə müğənninin yaradıcılığı ilə bağlı muzeyin hazırladığı slaydlar və “Oxuyur Müslüm Maqomayev” filmindən kadrlar nümayiş olundu. Filmin rejissoru Tofiq İsmayılov böyük sənətkarla bağlı xatirələrini bölüşdü. Müslüm Maqomayevin yaxın dostu, kinorejissor, Xalq artisti Eldar Quliyevin çıxışı bütün tədbir iştirakçılarını kövrəltdi. O, sənətkarın geniş tamaşaçıya bəlli olmayan xüsusiyyətləri haqqında danışdı: “Müslüm böyük şəxsiyyət idi. Onda yüksək aristokrat xarakteri vardı. Bu aristokratlığı dostluqda, sənətində, insanlara münasibətində də eyni idi. Ürəyi işıqla dolu idi. Heç vaxt öz istedadını gizlətmirdi. Sənəti ilə bağlı bütün incəlikləri maraqlanan hər kəslə bölüşürdü. Tamaşaçılarına böyük hörmətlə yanaşırdı”.
   “Nizami” filminin çəkilişlərindən danışan rejissor qeyd etdi ki, müğənni filmdə səslənən “Sənsiz” romansını oxumağa əvvəlcə tərəddüd edib: “Deyirdi ki, dahi Bülbüldən sonra mənim bu əsərə müraciət etməyim böyük məsuliyyətdir. Bu onun Azərbaycan musiqisinə və tamaşaçılarına olan sevgisinin nümunəsi idi”.
   Tədbirdə digər çıxış edənlər sənətkarın çoxtərəfli yaradıcılığından, rəssamlığından, kinodakı uğurundan, vətənpərvərliyindən, yüksək insani keyfiyyətlərindən söz açdılar.
   Mərasimdə dahi müğənninin könülləri oxşayan lent yazıları səsləndirildi, repertuarına daxil olan musiqi əsərləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri və digər gənc müğənnilərin ifasında təqdim olundu. İştirakçılar muzeyin materialları əsasında hazırlanmış “Müslüm Maqomayev-70” fotosərgisinə, Dövlət Rəssamlıq Akademiyasının məzunu Aysel Əlizadənin “Müslüm Maqomayev-70” qrafik-dizayn sərgisinə, Qərb Universiteti tələbələrinin hazırladıqları plakat və qobelenlərə də baxdılar.
   
   Lalə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar