Nizami Gəncəvi - 870
   
   Təəssüratlar, rəylər, fikirlər
   
   Xəbər verdiyimiz kimi, sentyabrın 29-30-da Nizami yurdu Gəncədə dahi şairin 870 illik yubileyi geniş şəkildə qeyd edildi. Dünyanın tanınmış alimləri, türkoloqları, şərqşünasları ilə yanaşı, tədbirlərdə ölkəmizin tanınmış elm adamları da iştirak edirdi. Onların bir neçəsi yubileylə bağlı təəssüratını bizimlə bölüşdü.
   
   Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov:
   - Nizami Gəncəvinin 870 illik yubileyini elmi ictimaiyyət böyük maraqla gözləyirdi. Yubileylə bağlı respublikanın ayrı-ayrı şəhərlərində, rayonlarında, təhsil müəssisələrində tədbirlər keçirildi və təbii ki, bu tədbirlər Nizami Gəncəvinin doğulduğu, yaşayıb-yaratdığı Gəncə şəhərində ümumiləşdirilməli idi. Sevindirici haldır ki, Nizami Gəncəvinin yubileyi dünya şərqşünaslarını, türkoloqlarını, elm adamlarını burada bir araya gətirdi. Əslində hər belə tədbirin mahiyyəti insanları birləşdirmək, elmə, ədəbiyyata, incəsənətə xidmət etməkdir. Tədbirlərdə bir çox ölkələrdən qonaqların iştirak etməsi o deməkdir ki, Nizami Gəncəvinin yubileyi dilindən, dinindən, sənətindən, peşəsindən asılı olmayaraq, bütün insanları birləşdirdi. Çünki Nizami Gəncəvi dünyəvidir. Onun əsərlərinin mahiyyətində birliyə çağırış var. Bu mənada Nizaminin yubileyi bizi birləşdirdi. Yubiley günlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təməlqoyma mərasimində də iştirak etdik. Bu o deməkdir ki, Nizami bütün dünya üçün bir mərkəzə çevrildi.
   Yubiley bizim gələcək fəaliyyətimizi bir daha istiqamətləndirmiş oldu. Bir məsələni də qeyd etməliyəm ki, dünya elmi ictimaiyyəti Nizami Gəncəvinin türk dünyasına mənsub olduğunu bir daha etiraf etdi. Bu, Azərbaycanın daha bir nailiyyətidir. Biz Gəncədən, Nizami Gəncəvinin yubileyindən xoş təəssüratlarla ayrıldıq.
   
   ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Himalay Qasımov:
   - Nizami Gəncəvinin 870 illik yubileyi çox yüksək səviyyədə keçirildi, olduqca maraqlı məruzələr dinlədik və bu bizdə böyük təəssüratlar yaratdı. Nizami dünyəvi şair olmaqla yanaşı, həm də böyük filosofdur. Onun süjetlərinin qaynaqları bilavasitə Azərbaycan gerçəklikləri, tarixi-əfsanəvi reallıqları ilə bağlıdır. Nizaminin süjetləri, obrazları tamamilə orijinaldır. Bu baxımdan dahi şairin orijinallığı, təbiiliyi Şərq poeziyasına elə təsir etdi ki, böyük şəxsiyyətlər Nizaminin yaradıcılığından əsrlər boyu bəhrələndilər və nəticədə böyük poeziya məbədi yarandı. Nizami fars dilində yazsa da, qəlbən, ruhən azərbaycanlı idi. Bəşəri olmaqla yanaşı, həm də milli idi. Çünki milli olmadan bəşəri olmaq olmaz. Azərbaycan xalqı həm də o mənada böyük xalqdır ki, belə böyük bir sənətkarı var.
   Prezident İlham Əliyevin Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı verdiyi sərəncam əsasında reallaşan bu tədbirlər Azərbaycanın, Gəncənin, gəncəlilərin, Nizaminin adına layiq keçirildi. Nə qədər ki, Azərbaycan xalqı var, Nizami də var olacaq. Mən bu yubileydən böyük təəssüratlarla ayrılıram.
   
   ADPU-nun dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Novruzov:
   - İlk dəfə idi ki, belə möhtəşəm, irimiqyaslı tədbirdə iştirak edirdim. Şeyx Nizaminin yubileyi çox yüksək səviyyədə, adına layiq keçirildi. Nizami yurdu dünyanın 20-dək ölkəsindən qonaqları yüksək səviyyədə qarşıladı, böyük şairin əzəmətini bir daha dünyaya nümayiş etdirdi. Nizaminin məqbərəsini ziyarət etdik, silsilə tədbirlərdə iştirak etdik. Bütün bunlar bizim yaddaşımızda xatirə olaraq qalacaq. Yubiley çərçivəsində keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə edənlər Nizami yaradıcılığına yeni baxışla yanaşdılar və demək olar ki, çıxış edənlərin heç biri digərini təkrarlamadı. Təəssüratım olduqca zəngindir.
   
   ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi, filologiya elmləri doktoru, professor Ramin Əhmədov:
   - Nizami dahi Azərbaycan şairi olmaqla yanaşı, həm də mənəvi mədəniyyət abidəmizdir. Bu mənada onun yubileyinin beynəlxalq səviyyədə keçirilməsi olduqca böyük hadisədir. Yubiley çərçivəsində bütün tədbirlər yüksək səviyyədə təşkil olunmuşdu, ancaq mən xüsusilə elmi-praktik konfransdan danışmaq istəyirəm. Konfransda daha çox xoşuma gələn Nizami yaradıcılığına yeni baxış, yeni ifadələr oldu. Biz həmişə Nizami Gəncəvi deyirik, amma xarici qonaqlar “Gəncəvi Nizami”, “gəncəli Nizami” - deyə dahi şairə müraciət edərək yeni təfəkkürlə Nizaminin əsərlərinə işıq saldılar, ondan çox gözəl nümunələr söylədilər. Bundan başqa, yubiley günlərində Gəncənin gözəlliyi bizi bir daha valeh etdi. Gəncə qədim mədəniyyət abidəsidir. Bu dəfə o, canlı mədəniyyət abidəsi kimi yaddaşımızda qaldı. 

   Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin sədri, fəlsəfə doktoru, şair Ənvər Əhməd:
   - Bir vətəndaş kimi biz öz milli mənəviyyatımıza, öz keçmişimizə, öz xalqımızın tarixi böyüklüyünə həmişə diqqət və qayğı ilə yanaşmalıyıq. Şükürlər olsun ki, bu gün bu milli dəyərlər təzədən boy atır, şaxələnir. Dünya ədəbi xəzinəsini öz poetik ləli ilə zənginləşdirən, ona yeni bir rəng, yeni bir dəyər verən Nizaminin 870 illiyinin Gəncədə böyük hörmət və ehtiramla yüksək səviyyədə qeyd edilməsi bir daha bunu sübut etdi. Yubiley günlərində Gəncədə Nizaminin ruhu dolaşırdı. Çox böyük zövq aldıq, dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar da heyrət içində idilər. Çünki Nizami dünyanın nadir şəxsiyyətlərindən biridir. Onun “Xəmsə”si mədəniyyət, əxlaq toplusudur. Şadam ki, dövlətimiz, xalqımız nizamişünas alimlər dahimizə belə yüksək dəyər verir.
   
   Filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı:
   - Uzun illərdi Nizami Gəncəvinin yaradıcılığını tədqiq edirəm, tələbələrimə Azərbaycan ədəbiyyatı klassiklərinin irsini öyrədirəm. Şərq ədəbiyyatının elə bir görkəmli nümayəndəsi yoxdur ki, Nizami haqqında dəyərli fikirlər söyləməsin. Hafiz Şirazi deyirdi ki, əski dünya Nizaminin nəzmi kimi gözəl söz yetirməmişdir.
   Nizaminin yaradıcılığı haqqında təkcə Şərq ədəbiyyatının nəhəng sənətkarları deyil, Avropa ədəbiyyatının böyük nümayəndələri də qiymətli fikirlər söyləyiblər. Henrix Heyne Nizami Gəncəvi haqqında deyirdi: “Ah Nizami, alman xalqının da böyük sənətkarları var. Ancaq onlar sizin yanınızda nədir ki?!”. Höte isə “Nizaminin qəhrəmanları məhəbbət oduna yanmış sevgililərdir” - deyirdi. Akademik Marr deyirdi ki, dünya şairlərini yan-yana düzsək, birinci yerdə Nizami dayanar. Məhz buna görə də Nizami Gəncəvinin beş poemasını dünyanın beş möcüzəsi adlandırırlar. Ona görə də Nizami Gəncəvi ilə bağlı yubileyin keçirilməsini alqışlamaq lazımdır. Bu, xalqımıza, ədəbiyyatımıza, dünya ədəbiyyatına hörmət, ehtiramdır. 

   ADPU-nun Azərbaycan ədəbiyyat tarixi kafedrasının müəllimi, filologiya elmləri doktoru Yaqub Babayev:
   - Nizami Gəncəvinin anadan olmasının 870 illiyi ilə bağlı tədbir bir filoloq, həm də bir Azərbaycan vətəndaşı kimi məni çox sevindirdi. Yubiley çox yüksək səviyyədə maraqlı və məzmunlu təşkil olunmuşdur. Belə bir sərəncam imzaladığına görə ilk növbədə cənab Prezidentə minnətdarıq. Əvvəldən sona kimi tədbirlər böyük təəssürat yaratdı. Xüsusilə konfransda müxtəlif ölkələri təmsil edən nümayəndələrin çıxışları və Türkiyənin keçmiş mədəniyyət naziri Namiq Kamal Zeybəkin çıxışı məni çox təsirləndirdi. Gəncədən zəngin təəssüratlarla ayrıldım.
   
   BDU-nun müəllimi, filologiya elmləri doktoru, professor Sənan İbrahimov:
   - Yubiley Nizaminin adına layiq keçirildi. Mən Hindistandan, Tacikistandan, İrandan gəlmiş fars dilində danışan nümayəndələrlə Nizami irsi barədə maraqlı söhbətlər etdim, onlar da yubileyi çox yüksək dəyərləndirdilər. Dövlət şah Səmərqəndi deyirdi ki, Nizaminin 20 min beytlik türkcə divanı var. Zəncan Universitetinin professoru Hüseyn Türksoy bu istiqamətdə araşdırmalar apardı və eyni zamanda Nizaminin türk dilində yazdığı 14 şeirini gətirdi, biz o şeirləri ali məktəb dərsliyinə daxil etdik. Nizami öz zəngin və təkrarsız yaradıcılığı ilə min illər sonra belə yad ediləcək, xatırlanacaq, bundan sonra da Azərbaycan xalqını bütün dünyaya tanıdacaq.
   
   BDU-nun müəllimi, filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu:
   - Nizami Gəncəvi Şərq intibahının zirvəsi, bizim iftixar mənbələrimizdən biridir. Ona görə də xalqımız əsrlər boyu Nizami Gəncəvini öz ürəyində, qəlbində yaşadıb. Bu gün Nizami Gəncəvinin yubileyinin keçirilməsi dövlətlə xalqın birliyinin təntənəsidir. XIX əsrin ortalarında Azərbaycanın böyük şairlərindən biri Seyid Əzim Şirvani Tiflisə gedərkən Nizaminin qəbrini ziyarət etmiş və qəbrin baxımsızlığını görüb təsirlənərək bu misraları yazmışdı:
   
   Ey Şeyx Nizami, ey nizamı dağılan,
   Ey Gəncədə izzü-ehtişamı dağılan,
   Olmuşmu dünyada səninlə mənim kimi,
   Evi, məktəbi, kəlamı dağılan?!
   
   1909-cu ildə Nizami qəbrinin baxımsız halda olması “Molla Həsrəddin” jurnalında bir karikaturada qeyd təsvir edilir. Böyük pedaqoq, mollanəsrəddinçi şair, publisist, dramaturq, ictimai xadim gəncəli Mirzə Məhəmməd Axundovun təşəbbüsü ilə Gəncə ziyalıları, ictimai xadimlər Nizami Gəncəvinin qəbirüstü abidəsinin abadlaşdırılması uğrunda, sözün əsl mənasında, ziyalı hərəkatına başlayırlar. Nəhayət, 101 il bundan əvvəl - 1911-ci ildə Azərbaycan ictimaiyyətinin iradəsi, əzmi ilə Nizaminin qəbirüstü abidəsi abadlaşdırılır.
   Sevindirici haldır ki, bu gün biz müstəqilik, öz milli-mənəvi sərvətlərimizin sahibiyik, dövlətlə xalq birdir, yekdildir. Bu yekdilliyi Nizaminin yubileyi bir daha nümayiş etdirdi.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar