Oktyabrın 9-da “Nizami” Kino Mərkəzində Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə I Bakı Beynəlxalq İdman Filmləri Festivalı başlandı.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər ölkəmizdə idmana göstərilən dövlət qayğısından söz açdı. Prezident İlham Əliyev tərəfindən 2012-ci ilin “İdman ili” elan olunduğunu vurğulayan nazir bu il ölkəmizdə ilk dəfə olaraq Beynəlxalq İdman Filmləri Festivalının keçirilməsini təqdirəlayiq hadisə adlandırdı. Bu il Azərbaycan idmançılarının 700-dən artıq medal qazandığını nəzərə çatdıran Əbülfəs Qarayev incəsənət xadimlərinin öz əsərləri ilə idmanı təbliğ etdiklərini vurğuladı. O ümid etdiyini bildirdi ki, bu festivalın keçirilməsi ənənə halını alacaq.
Gənclər və idman naziri Azad Rəhimov da son illər ölkədə həm idman, həm mədəniyyət sahəsində gedən inkişafdan danışdı. Festival münasibətilə idmançıları və kino ictimaiyyətini təbrik etdi.
Sonra səhnəyə I Bakı Beynəlxalq İdman Filmləri Festivalının münsiflər heyəti dəvət olundu. Münsiflər heyətinin rəhbəri, Serbiya Kinematoqrafçılar İttifaqının sədri Yovan Markoviç Azərbaycanda idmana göstərilən qayğını yüksək qiymətləndirdi. İdmanın bir mədəniyyət göstəricisi olduğunu qeyd etdi. Festivalın bədii rəhbəri, Rusiyanın tanınmış kino mütəxəssisi Nikolay Proxovnik də çıxış edərək festival iştirakçılarına uğurlar arzuladı.
Mərasim musiqi nömrələri və idmançıların şou nümayişi ilə davam etdi. Gimnastlar, karateçilər maraqlı çıxışlar etdilər.
Tədbir Rafiq Quliyevin “Çövkən” (Azərbaycan) və Yevgeni Yaşkinin “Qələbə bizimlədir!” (Rusiya) filmlərinin nümayişi ilə yekunlaşdı.
Qeyd edək ki, oktyabrın 11-dək davam edəcək festivalda Rusiya, Türkiyə, İran, Böyük Britaniya, Bolqarıstan, Niderland, Çin də daxil olmaqla ümumilikdə 20-dək ölkədən 50-dən çox bədii və sənədli filmin nümayişi nəzərdə tutulub. Filmlərin nümayişi “Nizami” Kino Mərkəzinin zallarında keçirilir. Festivalın yekununda "Qran-pri", "İdman və cəmiyyət", "İdman və şəxsiyyət" nominasiyalarında mükafatlar təqdim olunacaq. Bundan əlavə, münsiflər heyəti tərəfindən "Xüsusi mükafat" da veriləcək.
“Bu filmləri başqa heç yerdə görə bilməyəcəksiniz”
I Bakı Beynəlxalq İdman Filmləri Festivalı ilə bağlı “Nizami” Kino Mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirildi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov, festivalın münsiflər heyətinin rəhbəri, Serbiya Kinematoqrafçılar İttifaqının sədri Yovan Markoviç, rusiyalı kino mütəxəssisi Nikolay Proxovnik festivalın proqramı, münsiflər heyəti barədə məlumat verdilər. Konfransda xokkey üzrə səkkiz dəfə dünya, ikiqat olimpiya çempionu Vladimir Petrov da iştirak edirdi.
Nazirliyin sektor müdiri Yusif Şeyxov ölkəmizdə “İdman ili” elan olunan 2012-ci ildə belə bir festivalın keçirilməsinin əlamətdar hal olduğunu dedi. Qeyd olundu ki, bu il həm də Yay Olimpiya Oyunlarının keçirildiyi nəzərə alınarsa, festivalın aktuallığı, əhəmiyyəti bir daha özünü göstərər. Qonaqlar festivalın əhəmiyyətini və miqyasını vurğulayaraq, bu tədbirin ənənəvi olaraq iki ildən bir keçirilə biləcəyini söylədilər.
Filmlərin hansı prinsiplərlə seçiləcəyinə və mükafatlara gəlincə, təşkilatçılar əsas prinsipin bədii keyfiyyət olacağını vurğuladılar. «Bu festivala filmlərin seçimi çox ciddi idi. Yalnız peşəkar filmlər seçmişik», - deyə Yovan Markoviç bildirdi. Festivalın rəhbəri Nikolay Proxovnik filmlərin rəngarəngliyini, maraqlı nümunələr olduğunu vurğulayıb tamaşaçılara «bu filmləri başqa heç bir yerdə görə bilməyəcəksiniz»,- deyə anons verdi.
Reyhan
Aliyə