O gün qədim “Quba meydanı”nda Quba almaları gözəlliyi ilə göz qamaşdırdı, ətir saçdı, Qubaya “alma yağışı” yağdı...
   
   Oktyabrın 6-da Qubada “Alma bayramı” keçirildi. Quba Rayon İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdiyi bayramda Milli Məclisin deputatları, xarici ölkələrdən qonaqlar, rayon ictimaiyyəti iştirak edirdi. Tədbirdən danışmazdan öncə almanın və Quba almasının tarixindən qısa söz açaq.
   
   Cənnətin alması Qubada
   
   Bu meyvənin tarixi Adəmlə Həvvanın zamanına gedib çıxır. Sonralar sirli-sehrli meyvə Yer üzünün hər tərəfinə yayıldı. Ancaq minilliklər boyu Adəm övladlarının almaya sevgisi azalmadı. Bu möcüzəli meyvə ölkəmizin hər yerində bitsə də, Qubanı özünə “vətən” seçdi. Hələ eramızdan əvvəl Azərbaycana gələn bir çox səyyahlar meyvəçilik haqqında maraqlı məlumatlar veriblər. XIII əsrdə Azərbaycana gələn ərəb coğrafiyaşünası Yaqut Həməvi burada zəngin meyvə bağları olduğunu yazırdı. XVIII-XIX əsrlərdə Qubada geniş meyvə bağlarının olması barədə məlumatlar var. Quba alması barədə ən mükəmməl bilgilər isə sözsüz ki, yerli sakinlərə - qubalılara məxsusdur. Quba alması barədə qubalılar belə deyir:
   ...Bu yerlərin dağının adı Şahdağdır, düzünün adı Şah düzüdür.
   Bağının adı Padşahlar bağıdır, bulağının adı Şahlar bulağıdır.
   Meyvəsi də...meyvələrin şahı Almadı.
   Tumurcuğundan tumunacan, qoxusundan tamınacan, qabığından qaxınacan, şəkərindən duzunacan, şirəsindən dəmirinəcən, mürəbbəsindən ceminəcən, turşusundan zülalınacan, dürlü-dürlü vitaminlərindən minerallarınacan...möcüzə dolu Alma...
   Yurdumuzda Göyçayın narı, Gəncənin xurması, Lənkəranın limonu, Abşeronun ağ-qara şanısı kimi, Qubanın da alması məşhurdur. Təbiətin alma bəxşişi Quba bağlarının payına düşüb...Quba almasının şöhrəti dünyada dolaşır...
   Quba bağlarında yetişən “Azərbaycan gözəli” öz bənzərsizliyi ilə, “Şıxcanı” şux ətir şirəsi, “Cırhacı” öz qabığındakı yaddaşlara məlhəm dəmirliyi, “Sarı turş” tamı, “Şafran” öz sarılı-duzlu lətafəti, “Qızıl Əhmədi” al-əlvan çalarları, “Aşiqi” cilvəli görünüşü, “Mürsəli” nurani boylanışı, “Qəndil sinab” uzunsov obrazı, “Cənnəti” müqəddəs şəfası ilə gözəldir. “Cibir”, “Hilal”, “Əyyubi”, “Atbaşı”, “Canatan”, “Meşə alması”, rəngarəng yay almaları... könül açan adlar, ruhoxşayan dadlar...
   Hələ rusun, almanın, fransızın...Quba bağlarında yaşam haqqı qazanan “Rozmari”ni, “Smirinka”sı, “Napoleon”u, “Boykin”i, “Antonovka”sı və daha nələri...
   Bu günə kimi Quba alması barədə səbət-səbət söz deyilsə də, şairlər şəninə söz düzüb, bəstəkarlar gözəlliyinə mahnı bəstələsə də, yenə azdır. Quba alması artıq Quba tarixinin bir parçası, simvoldur.
   
   Oxşa, can-can gözəli,
   Könül açan gözəli.
   Gözəllər gözəlidir
   “Azərbaycan gözəli”.
   Qonaq gəlib bizə dostlar
   
   “Alma bayramı”nın sorağı ilə səhərin gözü açılandan “Quba meydanı”na kəndlərdən, obalardan axışan qubalılar bir-birini “Bayramınız mübarək” gözaydınlığı ilə salamladı. Hərə öz kəndinin almasını tərif etdi, hərə öz almasını təriflədi. Tarixdə bir çox hadisələrin şahidi olan qədim “Quba meydanı” öz meydanını almaya verdi. Almalar meydanda butalaşdı, min bir çeşiddə, min bir formada çiçək açdı.
   
   Bu yerdə hər bağ alma,
   Dərə alma, dağ alma.
   Ağ üzdə tül gözəldir,
   Ağ əldə də “Ağ alma”.
   
   Bayram iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərindəki əzəmətli abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad etdilər.
   Tədbir qədim “Quba meydanı”nda davam etdi. Minlərlə qubalının iştirak etdiyi “Alma bayramı”nda rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev çıxış edərək Qubanın tarixən meyvəçilik, tərəvəzçilik və sənətkarlıq mərkəzi olduğunu bildirdi. Qeyd etdi ki, ulu öndər Heydər Əliyevin 1996-cı ildə uzaqgörənliklə həyata keçirdiyi torpaq islahatından sonra Qubada bağ sahələri genişləndirilmiş, meyvə istehsalı nəzərəçarpacaq dərəcədə artmışdır. Hər il orta hesabla 200-300 hektara yaxın bağlar salındığını deyən icra başçısı hazırda rayonda 14 min hektardan çox meyvə bağı olduğunu, 2011-ci ildə 117 min 480 ton məhsul istehsal olunduğunu bildirdi.
   Son illər Qubada həyata keçirilən iqtisadi islahatların bəhrə verdiyini deyən M.Ağayev keçən il İkinci Nüğədi, Vəlvələ kəndlərinin hər birində 6 min tonluq, Dəlləkli kəndində isə 7 min tonluq soyuducu anbarların istifadəyə verilməsini dövlətin meyvəçiliyə göstərilən qayğısı kimi dəyərləndirdi. İcra başçısı Qubada meyvəçiliklə yanaşı, kənd təsərrüfatının digər sahələrinin də inkişaf etdiyini qeyd etdi. Qədim tarixə malik olan bu bölgədə 20-dək xalqın nümayəndəsinin mehriban dostluq, qardaşlıq şəraitində yaşadığını deyərək çıxışının sonunda Qubaya və qubalılara göstərilən diqqət və qayğıya görə rayon sakinləri adından ölkə başçısına minnətdarlığını bildirdi.
   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev qubalıları, bütün tədbir iştirakçılarını möhtəşəm bayram münasibətilə təbrik etdi. Nazir müavini son illər unikal mədəni dəyərlərimizi, o cümlədən bölgələrimizin mədəni irsini dünyaya tanıtmaq istiqamətində böyük işlər görüldüyünü, müxtəlif layihələr həyata keçirildiyini bildirdi. Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində 2012-ci ildə Qubanın “Azərbaycanın Sənətkarlıq Paytaxtı” seçildiyini deyən nazir müavini “Alma bayramı”na qubalıların çox gözəl hazırlaşdıqlarını razılıqla qeyd etdi: “Bu, məhsul bayramı olmaqla yanaşı, həm də dostluq, qardaşlıq, sevgi bayramıdır. Alma mövcud olan meyvələrin həm ilkidir, həm də əbədi və əzəli olanlarından biridir. Bu gözəl bayram münasibətilə hər kəsi təbrik edirəm”.
   Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev və millət vəkili Vahid Əhmədov çıxış edərək Qubanın iqtisadiyyatından, həyata keçirilən layihələrdən, meyvəçiliyin inkişafından söz açdılar. Qubada yetişdirilən alma növləri barədə qonaqlara ətraflı məlumat verildi.
   Sonra tədbir iştirakçıları meydanda almadan düzəldilmiş təamların və müxtəlif alma növlərindən hazırlanan şirniyyatların dadına baxdılar.
   Tədbirdə Qubanın tarixini, mədəniyyətini əks etdirən xalçaçılıq, dulusçuluq, misgərlik sənət nümunələri sərgiləndi. Rayonda yaşayan azsaylı xalqların folklorunu, mətbəxini və həyat tərzini əks etdirən stendlər nümayiş olundu. Kəndirbazların və pəhləvanların nümunəvi çıxışları tədbir iştirakçılarına xoş anlar bəxş etdi.
   Tədbir Quba meydanında konsert proqramı ilə davam etdi, qonaqlara hədiyyələr verildi. Almalarla dolu 22 maşın tədbir iştirakçılarının qarşısından keçdi.
   
   “Alma bayramı”nda tarixi toy
   
   “Alma bayramı” daha bir hadisə ilə yadda qaldı. Rəsmi hissədən sonra “Quba meydanı”nda bayram bayrama qarışdı. Quba internat məktəbinin iki məzununun nikah mərasimi keçirildi. Rayon İcra Hakimiyyətinin və Dövlət Qulluqçuları Həmkarlar İttifaqının dəstəyi ilə Elnur Kəramətzadə və Leyla Qədirovanın toy məclisi "Quba" şadlıq sarayında davam etdirildi. Bəylə gəlinə hədiyyələr təqdim olundu. Bu tarixi toyda dövlət rəsmiləri, millət vəkilləri ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri də iştirak etdilər.
   Beləliklə, Qubanın tarixində ilk dəfə keçirilən “Alma bayramı” tarixə düşdü və qubalılar bu könülaçan bayramı ənənəyə çevirəcəklərini bildirdilər. Yazımızın əvvəlində alma barədə səbət-səbət sözdən danışdıq. Səbətdə almalar çox olsa da, bir alma daha çox xoşuma gəldi:
   
   Vətəni gəz, alma var,
   Qürbətdən həzz alma, var,
   Azərbaycan adında
   Bir bölünməz alma var!

   
   “Alma bayramı” başa çatanda göydən üç alma düşdü, biri yazanın, biri oxuyanın, biri də...
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar