İki ölkə arasında mədəni əməkdaşlığa töhfə olan tədbirlər unudulmaz xatirələrlə yadda qaldı
   
   Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə mədəniyyət sahəsində əlaqələri ilbəil genişlənir. Bu əməkdaşlığın inkişafına qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi də əhəmiyyətli töhfə verir. Belə tədbirlər sayəsində dünya xalqları Azərbaycanın, xalqımız da dünya ölkələrinin mədəniyyəti, sənət inciləri ilə tanış olur. 
   Oktyabrın 7-dən 10-dək Belarus Respublikasında keçirilən Azərbaycan Mədəniyyəti Günləri də ikitərəfli əməkdaşlıq və mədəni mübadiləyə töhfə oldu. Zəngin proqramı olan tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edirdi.

   
   “Azərbaycan ənənələrin və müasirliyin qovuşuğunda”
   
   Mədəniyyət günlərinə oktyabrın 8-də Belarus Milli Böyük Teatrının foyesində “Azərbaycan ənənələrin və müasirliyin qovuşuğunda” adlı turizm və foto sərgisinin açılışı ilə start verildi.
   Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Belarusda Azərbaycan Mədəniyyəti Günlərini ikitərəfli münasibətlərdə əlamətdar hadisə kimi dəyərləndirdi. Son illər iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın genişləndiyini deyən nazir müavini bildirdi ki, bu özünü iqtisadi münasibətlərdə, ildən-ilə artan ticarət dövriyyəsində göstərir, eyni zamanda, humanitar sahədə, mədəniyyət, elm və təhsil istiqamətlərində əlaqələrimiz yüksələn xətt üzrə inkişaf edir: «Mədəniyyət günləri hər iki ölkənin mədəniyyət və incəsənətinin inkişafına bir töhfədir. Bu tədbirləri mədəniyyətlərarası dialoq üçün unikal əhəmiyyətli vasitə kimi qiymətləndiririk”.
   Sonuncu dəfə Belarusda Azərbaycan Mədəniyyəti Günlərinin 5 il əvvəl keçirildiyini xatırladan nazir müavini ikitərəfli münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirdi: “Azərbaycan kinematoqrafçıları Belarusda keçirilən ənənəvi «Listapad» festivalında uğurla iştirak edirlər. Minsk Akademik Opera və Balet Teatrının solistləri Azərbaycan Opera və Balet Teatrının tamaşalarında çıxış edirlər. Belarus Respublikasının Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, tanınmış müğənni Oleq Melnikov Bülbül adına vokalistlərin beynəlxalq müsabiqəsində münsiflər heyətinin üzvüdür».
   Mədəniyyət günləri çərçivəsində nəzərdə tutulan tədbirlərdən söz açan Nazim Səmədov ölkəmizin mədəniyyət və incəsənətinin müxtəlif nümunələrinin Belarus xalqına təqdim olunacağını vurğuladı.
   Belarusun mədəniyyət nazirinin birinci müavini Vladimir Karaçevski öz növbəsində iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın hüquqi bazasından söhbət açdı. Qeyd etdi ki, ikitərəfli əməkdaşlıq müqaviləsi muzeylər, kitabxanalar, teatrlar arasında əlaqələrin güclənməsinə zəmin yaradır: “Mədəniyyət günləri bizə üç gün ərzində Azərbaycan xalqının adət-ənənələri ilə yaxından tanış olmaq və kinematoqrafiya layihələrini izləmək imkanı verəcək».
   V.Karaçevski bildirdi ki, 2013-cü ildə Azərbaycanda Belarus Mədəniyyəti Günləri keçiriləcək.
   Belarus rəsmisi Azərbaycan kinematoqrafçılarının Minskdə keçirilən ənənəvi «Listapad» beynəlxalq kinofestivalında hər dəfə müxtəlif mükafatlar qazandıqlarını nəzərə çatdırdı: «Biz bu gün öz həmkarlarımızın Belarusda olmalarından böyük qürur hissi keçiririk».
   Çıxışlardan sonra sərgiyə baxış keçirildi. Sərgidə Fərid Xayrulin, Leyla Axundzadə, Tahir Məmmədov, Mirnaib Həsənoğlu kimi fotoqrafların əsərləri nümayiş olunurdu. Fotolar izləyicilərə ölkəmizin tarixi-mədəni abidələri, Bakının görməli yerləri, Azərbaycanın müasir quruculuğu barədə dolğun məlumat verirdi. Sərgidə Azərbaycanın turizm imkanlarını əks etdirən reklam-çap məhsulları da maraqla qarşılandı.
   
   Filmlərimiz Belarus tamaşaçılarında dərin təəssürat yaratdı
   
   Oktyabrın 8-də Minsk şəhərinin «Qələbə» kinoteatrında Azərbaycan filmlərinin nümayişi başlandı. Tədbiri Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq iki ölkə arasında kino əlaqələrinin tarixinin 1935-ci ildən başlandığını bildirdi: «Həmin il əslən Belarusdan olan kinorejissor Vladimir Popov azərbaycanlı həmkarı Qəmər Almaszadə ilə birlikdə «Dəcəl dəstə» adlı səssiz film çəkdilər. Bu həm də Azərbaycanda ilk uşaq filmi oldu. Bu əməkdaşlıq sonralar da davam etdirildi. İkinci Dünya müharibəsi illərindən bəhs edən «Mən sizi dünyalar qədər sevirdim» filmi 1985-ci ildə Belarusda çəkilib. Film iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovdan bəhs edir və çəkilişlərdə hər iki tərəfin aktyor heyəti iştirak edib. Bundan başqa, iki ölkənin müştərək televiziya filmi də çəkilib. Biz bu əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsini istəyirik».
   Belarus Film Fondunun direktoru Aleksey Bezuqlıy iki ölkə kinematoqrafçılarının ənənəvi əməkdaşlığının daha da genişlənməsinə tərəfdar olduğunu vurğuladı: “Əməkdaşlığı genişləndirməklə yanaşı, filmlərimizin də qarşılıqlı olaraq tanıdılmasını istərdik”.
   Azərbaycan kinosu günlərinə kinorejissor Eldar Quliyevin «Girov» filmi ilə start verildi. Qarabağ münaqişəsində azərbaycanlı ailənin yaşadığı faciədən bəhs edən film Belarus tamaşaçılarında dərin təəssürat yaratdı. Bundan başqa, kinosevərlər son illərdə istehsal olunan “Vəkil hardadır?”, “Çölçü” filmlərinə də baxmaq imkanı əldə etdilər.
   
   Əməkdaşlıqlar genişlənir
   
   Oktyabrın 9-da Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun Belarus mədəniyyət naziri Pavel Latuşko ilə görüşü oldu. Görüşdə iki ölkə arasında mədəni əməkdaşlıq məsələləri müzakirə edildi. Qeyd olundu ki, belə mədəniyyət günləri bu əlaqələrin dərinləşməsinə təkan verir. Pavel Latuşko Belarusda keçirilən «Listapad», «Slavyan bazarı» kimi festivallarda Azərbaycan nümayəndələrinin fəal iştirak etdiklərini dedi və bildirdi ki, Azərbaycanın mədəniyyəti, incəsənəti onlar üçün maraqlıdır. Gələn il Azərbaycanda Belarus Mədəniyyəti Günləri keçirmək niyyətində olduqlarını deyən nazir bu tədbirin də ikitərəfli əlaqələrə töhfə olacağını bildirdi. Nazim Səmədov Belarus nazirini Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adından ölkəmizə səfərə dəvət etdi.
   
   «Yeddi gözəl» Belarusu fəth etdi
   
   Oktyabrın 9-da Belarus Milli Teatrında Azərbaycan Mədəniyyəti Günlərinin rəsmi açılışı oldu. Tamaşaçılara Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının təqdimatında böyük bəstəkar Qara Qarayevin «Yeddi gözəl» baleti nümayiş olundu. Tədbir iştirakçıları teatrın foyesində “Azərbaycan ənənələrin və müasirliyin qovuşuğunda» adlı turizm və foto sərgisi ilə də tanış oldular.
   Tamaşadan əvvəl Belarus mədəniyyət naziri Pavel Latuşko və Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış etdilər.
   Pavel Latuşko mədəniyyət günlərinin keçirilməsini iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsinə töhfə olduğunu bildirdi. Belarus tamaşaçılarının “Azərbaycan ənənələrin və müasirliyin qovuşuğunda» adlı turizm və foto sərgisinə çox maraqla baxdıqlarını deyən nazir «Yeddi gözəl» baletini də maraqla seyr edəcəklərindən əminliyini dilə gətirdi.
   Nazim Səmədov isə öz növbəsində məşhur baletin tarixindən söz açdı. Bildirdi ki, balet hazırda 870 illiyi geniş şəkildə qeyd olunan dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında yazılıb.
   Sonra «Yeddi gözəl» baleti nümayiş olundu. Anşlaqla keçən tamaşa Belarus sənətsevərlərini valeh etmişdi. Səhnə dekorasiyası, geyimlər, rəqslər böyük heyranlıqla qarşılandı. Hətta yerli televiziyalarda yayımlanan süjetlərdə «Azərbaycan gözəlləri Belarusu fəth etdi» kimi xoş sözlər yer almışdı.
   Bir sözlə, Belarusda keçirilən Azərbaycan Mədəniyyəti Günləri yaddaşlarda zəngin təəssüratlarla qaldı.
   
   Mehparə
   Bakı-Minsk-Bakı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar