Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə bu ölkənin regionlarında milli mədəniyyətimizin təbliği ilə bağlı yeni layihə həyata keçirilir. İlk təqdimat oktyabrın 19-da Reyms şəhərində gerçəkləşib. Tədbirlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.
   
   Fransanın ən qədim şəhərlərindən olan və memarlıq quruluşu ilə seçilən Reymsdə bir çox tarixi hadisələr baş verib. 300 min əhalisi və Şampan-Arden regionunun ən böyük şəhəri olan Reymsi Fransa tarixinin beşiyi də adlandırırlar. Bu baxımdan Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı Fransa regionları arasında ilk olaraq Reymsin seçilməsi təsadüfi deyil.
   Oktyabrın 19-da Reymsdə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisinin açılış mərasimi olub. Mərasimdə çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu cür tədbirlərin Reymslə yanaşı, Fransanın daha on şəhərində keçiriləcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu tədbirlər iki ölkə arasındakı dostluğa və qarşılıqlı hörmətə töhfə verəcək. “Azərbaycan-Fransa əməkdaşlığı təqdirəlayiqdir. Biz Azərbaycanın mədəni zənginliyinə böyük ehtiram bəsləyirik” - bu sözləri isə Reymsin meri xanım Adelin Hazan deyib.
   Sərgidə ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar nümayiş etdirilib. Azərbaycan xalçaları ekspozisiyanın ən qiymətli inciləri sırasında idi. Milli xalçaçılığımızın bütün istiqamətlərinin təmsil olunduğu sərgidə yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təqdim olunub. Xalq incəsənətinin bütün istiqamətlərinə dair nümunələrin, misgərlik məmulatlarının, şəbəkələrin, Azərbaycan milli geyimlərinin, milli musiqi alətlərimizin təqdim edildiyi sərgidə Heydər Əliyev Fondunun xətti ilə nəşr olunan və ölkəmizin təbliğinə xidmət edən kitab və bukletlər, fransız dilində nəşr olunan ədəbiyyat toplusu da maraqla qarşılanıb.
   Həmin gün axşam Reyms Konservatoriyasında Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub. Konsert Azərbaycan incəsənətində həm milli dəyərlərə, həm də müasir meyllərə eyni dərəcədə hörmətlə yanaşıldığını nümayiş etdirib. Tamaşaçılar bu vəhdəti milli musiqimizin maraqlı interpretasiyalarında hiss ediblər. Tədbir Reymsdə əsl hadisəyə çevrilməklə Azərbaycan mədəniyyətinin Avropa tamaşaçısına növbəti ərməğanı kimi yaddaşlarda həkk olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar