“Hər bir mədəniyyət işçisinin fəaliyyəti bizim üçün əhəmiyyətli, vacibdir”
   
   Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir qrup yaradıcı şəxs fəxri adlara layiq görülüb. Oktyabrın 30-da Muzey Mərkəzində təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə fəxri adların təqdim olunması mərasimi keçirildi.
   
   Mükafatları təqdim edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısından söhbət açdı, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini vurğuladı: “Mədəniyyət və incəsənət sahəsində çalışanların fəxri adlarla təltif olunması, müxtəlif təltiflərlə mükafatlandırılması, onların əməyinin dəyərləndirilməsi artıq bir ənənəyə çevrilib. Bunun təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə yaradıcı insanlara daim diqqət göstərilmişdir. Çox sevindirici haldır ki, bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün burada Azərbaycan mədəniyyətinə, incəsənətinə böyük töhfə vermiş insanlar toplaşıblar. Onlar yaradıcılıq işləri ilə daim inkişafda olan Azərbaycan mədəniyyətinin layiqli nümayəndələri olduqlarını sübut ediblər. Məhz belə insanların sayəsində biz mədəniyyətimizin, incəsənətimizin qüdrətini bütün dünyaya göstəririk”.
   Nazir bildirdi ki, təltiflər mədəniyyətin ən müxtəlif sahələrini əhatə edir: “Ölkə başçısı daima təşəbbüs göstərir ki, mədəniyyət sahəsində çalışanların əməyini qiymətləndirək. Sevindirici haldır ki, təltiflər mədəniyyətin bir çox sahələrində çalışan insanları əhatə edir. Əgər vaxtilə daha çox rəssamlar, teatr və kino xadimləri, musiqiçilərimiz, digər incəsənət xadimləri təltif olunurdusa, indi onlarla yanaşı, mədəniyyət sahəsində çalışan müəllimlər, muzey işçiləri, aşıqlar, xalq sənətkarları və başqaları da fəxri adlara layiq görülürlər. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan mədəniyyətinin bütün sahələri inkişaf edir. Bu inkişafa töhfə verən insanlar da fəxri adlara layiq görülürlər”.
   Nazir çıxışında onu da vurğuladı ki, bu gün Azərbaycan mədəniyyəti bütün dünyada tanınır. 20 il öncə Azərbaycan incəsənət xadimləri əsasən keçmiş SSRİ ölkələrində tanınırdılarsa, bu gün onlar öz istedad və bacarıqları ilə qədim Azərbaycanın mədəniyyətini dünya miqyasında təbliğ edirlər. Azərbaycanda hər il mədəniyyət layihələri, festivallar, müsabiqələr keçirilir. Müasir incəsənətin inkişafında çox böyük fəallıq nümayiş olunur. Teatr işçiləri, rejissorlar, kino işçiləri müxtəlif beynəlxalq tədbirlərdə - sənət yarışmalarında, təqdimatlarda, biennalelərdə uğurla iştirak edirlər. Ölkəmizin iqtisadiyyatı inkişaf etdikcə, insanların rifah halı yaxşılaşdıqca Azərbaycan mədəniyyəti də inkişaf edir.
   Əbülfəs Qarayev bildirdi ki, mədəniyyət işçilərinin, ümumiyyətlə, yaradıcı insanların yüksək diqqət və qayğı ilə əhatə olunmasında Heydər Əliyev Fondunun rolu ölçüyəgəlməzdir. Fondun bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə reallaşdırılan layihələr zəngin mədəniyyətimizi, incəsənətimizi dünyada tanıdır, sevdirir. Fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədə yorulmaz fəaliyyəti nəticəsində bu gün Azərbaycan musiqisi dünyanı dolaşmaqdadır: “Azərbaycanda mədəniyyət və incəsənət xadimlərinə hər zaman böyük hörmət olub. İnanıram ki, ölkə başçısının bu diqqət və qayğısı növbəti illərdə sizi daha böyük nailiyyətlərə ruhlandıracaq, həyatınız boyu Azərbaycan mədəniyyətini yüksək səviyyədə təqdim edənlərdən olacaqsınız. Mən bu yolda hər birinizə uğurlar arzulayıram. Hesab edirəm ki, hər bir mədəniyyət işçisinin fəaliyyəti bizim üçün əhəmiyyətli, vacibdir. Ucqar kənddə kitabxana əməkdaşının fəaliyyəti də, ölkəmizi beynəlxalq səviyyədə təbliğ edən incəsənət xadiminin də əməyi bizim üçün qiymətlidir. Mən bütün mədəniyyət işçilərinin fəaliyyətini yüksək qiymətləndirirəm. Mədəniyyət xadimlərinə göstərilən bu diqqət və qayğıya görə hər birinizin adından ölkə başçısına minnətdarlığımı bildirirəm”.
   Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə Səidə Quliyeva, Yalçın Adıgözəlov, Simarə İmanova, Eldar Mansurov “Xalq artisti”, Sürəyya Ağayeva, Sənubər Bağırova, Tahir Əkbərov, Nadir Əzimov “Əməkdar incəsənət xadimi”, Səlim Abbasov, Süleyman Abdullayev, Səltənət Aşurbəyova, Vaqif Əliyev, Teymur Əmrahov, Səbinə Əsədova, Emil Həsənov, Sənan Hüseynli, Fərhad Hüseynov, Səbinə İlyasova, Möhübbət Kazımov, Əziz Qarayusifli, Rövşən Quliyev, Eldar Məmmədov, Fəridə Məmmədova, Tamilla Məmmədzadə, Almaz Orucova, Əli Rzayev, Lyubov Tkaçova, Aygün Zeynalova “Əməkdar artist”, Əli Qasımov, Vaqif Babayev, Faiq Əliyev, Kamil Sultanov “Əməkdar mədəniyyət işçisi”, Qəzənfər Abbasov, Fikrət Budaqov, Zeynəb İsmayılzadə, İradə Məmmədova, Mehriban Rüstəmova və Tatyana Yatsenko “Əməkdar müəllim” fəxri adına layiq görülüblər.
   Xalq artistləri Yalçın Adıgözəlov, Simarə İmanova, Əməkdar incəsənət xadimi Sürəyya Ağayeva, əməkdar artistlər Süleyman Abdullayev, Möhübbət Kazımov və başqaları tədbirdə çıxış edərək mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etdilər.
   
   C.Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar