İlk azərbaycanlı sərhədçi general Mustafa Nəsirov haqqında xatirələr toplusunun ikinci kitabı işıq üzü görüb
   
   Oktyabrın 24-də Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi Abdulla Qurbaninin tərtib etdiyi “General Nəsirov xatirələrdə” toplusunun ikinci kitabının təqdimatı keçirildi. Toplunun ilk kitabı bir neçə ay öncə təqdim olunmuşdu.
   
   Tədbir generalın xatirəsinə həsr olunan audio-video görüntünün nümayişi ilə başladı. Sonra müəllif özü danışdı. Bildirdi ki, kitab ilk azərbaycanlı sərhədçi general-mayor Mustafa Cəfər oğlu Nəsirov (1921-2012) haqqında ikinci xatirələr toplusudur. Kitab doxsan ildən artıq ömür sürmüş görkəmli hərbi, ictimai-siyasi xadim Mustafa Nəsirovun nəsillərə örnək olan çətin və şərəfli həyat yolundan, vətənə, xalqa sədaqətlə xidmət etməsindən, yüksək əxlaqi-mənəvi keyfiyyətlərindən və xeyirxah əməllərindən bəhs edir.
   Mərhum generalın hərbçi dostlarından Sərhəd Qoşunlarının sabiq komandiri Abbasəli Novruzov bildirdi ki, hərbçi olmaq çox çətindir. Bu, hərbçi olacaq hər bir kəsdən böyük məsuliyyət tələb edir. Mustafa Nəsirov ilk sərhədçi general kimi bu adı uca tutdu və ömrünün axırına kimi general adına bir xələl gətirmədi. Bu ada layiq bir şəxs kimi yaşadı. O, böyük bir şəxsiyyət, görkəmli hərbi xadim idi.
   Sabiq neft emalı və kimya sənayesi naziri Kamil Akimov qeyd etdi ki, Mustafa Nəsirov görkəmli hərbçi olmaqla bərabər, gözəl ailə başçısı idi. Ömrünü qeyrətlə, namusla, mərdliklə yaşadı. Şan-şöhrətdən həmişə uzaq durar və tərifi sevməzdi: “Ağır təbiətli və təvazökar şəxsiyyət idi. İlk tanışlığımız 60-cı illərə təsadüf edir. Onunla bağlı xatirələrim çoxdur. Bir il əvvəl 90 illik yubileyində iştirak etdim. Xeyli söhbət etdik. Dedim ki, Sizinlə - ilk azərbaycanlı sərhədçi generalla fəxr etdiyimiz kimi, gələcək nəsillər də fəxr edəcək. Siz sağlığınızda əbədiləşmiş şəxsiyyətlərdənsiniz”.
   Hərb Tarixi Muzeyinin direktoru, istefada olan polkovnik Rüfət Əmirov çıxışında bildirdi ki, Mustafa Nəsirovu ilk dəfə 1972-ci ildə görüb: “Ucaboylu, yaraşıqlı bir kişi idi. Hərbi forma ona çox yaraşırdı. O vaxt qəlbimdən bir fikir keçdi. Fikirləşdim ki, görəsən, belə bir forma geymək mənə də qismət olacaqmı? O, atamla söhbətində bildirirdi ki, yoldaş Heydər Əliyev Zığ qəsəbəsində xüsusi bir məktəb açıb. Orada gələcək hərbçilər yetişdiriləcək. Nə qədər gec deyil övladınızı bu məktəbə qoyun. Orta məktəbi bitirib sənədlərimi həmin məktəbə verdim. Beləliklə, mən də taleyimi hərblə bağladım”.
   Əməkdar incəsənət xadimi, professor Musa Bağırov bildirdi ki, general Mustafa Nəsirovla 1964-cü ildə tanış olub: “Radio və Televiziya Verilişləri Komitəsində işləyirdim. “Nizam əsgərləri” adlı sənədli televiziya filminin çəkilişlərini aparırdıq. Həm də Naxçıvan Muxtar Respublikasının 40 illiyi qeyd olunurdu. Xeyli qonaq gəlmişdi. Həmin vaxt görkəmli bəstəkar Tofiq Quliyev bizi tanış etdi. Mustafa Nəsirovdan xahiş etdi ki, bunlara çəkilişdə nə lazımsa köməklik göstərin. O, bizim yaradıcı qrupa işləmək üçün lazım olan şəraiti yaratdı. Bu görkəmli şəxsiyyət haqqında çox danışmaq olar. O, əsl azərbaycanlı idi”.
   Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək bildirdi ki, unudulmaz general Mustafa Nəsirovu uşaqlıq vaxtlarından tanıyıb: “Onu ilk dəfə cənub bölgəsində görmüşəm. O vaxtlar nənəm Sona xanım Lənkəran Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri idi. Rayon rəhbərlərindən biri kimi nənəm həmişə sərhədçilərin problemlərinin həllində yaxından iştirak edərdi. Onu da deyim ki, mən Lənkəranda yay tətilində olarkən pioner düşərgəsinin uşaqları ilə birlikdə Lənkəran sərhəd dəstəsinin Astaradakı zastavalarından birinə getdik. Sonra bildik ki, Qırmızı Bayraqlı Zaqafqaziya Sərhəd Dairəsi rəisinin müavini general Mustafa Nəsirov və digər qonaqlar bizimlə görüşə gələcəklər. General Mustafa Nəsirovu ilk dəfə orada gördüm”.
   Daha sonra Əməkdar inşaatçı Nəcəf Hacıyev, Kənd Təsərrüfatı Nazirliyinin sabiq məsul işçisi Bəxtiyar Süleymanov və başqaları çıxış edərək general M.Nəsirov haqqında ürək sözlərini, xatirələrini bölüşdülər. Tədbir maraqlı musiqi proqramı ilə başa çatdı.
   
   Savalan Fərəcov






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar