“Bundan sonra əlli il, yüz il də keçəcək və Bülbülün sənəti, təkrarolunmaz səsi yaşayacaq”
   
   Oktyabrın 31-də Bakıda, Bülbül prospektində görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün abidəsinin açılışı keçirilib. Abidənin müəllifi heykəltəraş Akif Əsgərovdur. Tuncdan hazırlanan abidə Bakının mərkəzində, Bülbülün yaşadığı evin yaxınlığında ucaldılıb. Mərasimdə Prezident İlham Əliyev iştirak edib. Musiqi ictimaiyyətinin tanınmış nümayəndələri, xaricdən gəlmiş qonaqlar və müğənninin ailə üzvləri dövlət başçısını hərarətlə qarşılayıblar.
   
   Mərasimdə çıxış edən dövlət başçısı böyük musiqiçinin abidəsinin açılışının ölkəmizin həyatında əlamətdar hadisə olduğunu vurğulayıb: “Azərbaycan dövləti və Azərbaycan xalqı görkəmli şəxsiyyətlərinin xatirəsinə həmişə böyük hörmətlə yanaşmışdır. Görkəmli şəxsiyyətlərin xatirəsinə ucaldılmış abidələr bunun bariz nümunəsidir. Bülbül böyük şəxsiyyət, böyük sənətkar, Azərbaycan professional vokal sənətinin banisi idi. Onun ifasında səslənən xalq mahnıları, muğam, klassik opera partiyaları Azərbaycan musiqisinin qızıl fondunu təşkil edir. Əlli ildən çoxdur ki, Bülbül aramızda deyil. Ancaq xalqımızın qəlbində ona olan sevgi bu gün də yaşayır. Bu sevgi onun nə qədər böyük sənətkar olduğunu bir daha əyani şəkildə göstərir.
   Bülbül əsl milli müğənni, milli xanəndə, milli sənətkar idi. Onda vətənpərvərlik ruhu çox yüksək səviyyədə olub. Bülbül, eyni zamanda, gözəl aktyor idi. Onun yaratdığı obrazlar bu gün də yaşayır və bir çoxları üçün Koroğlu obrazı məhz Bülbülün obrazı ilə eyniləşdirilir. Koroğlu partiyası onun opera ifaçısı kimi fəaliyyətinin zirvəsi idi. Doğrudan da, onun təkrarolunmaz səsinin məlahəti unudulmazdır. Onun ifasında səslənən mahnılar ölməz mahnılardır. Artıq əlli il keçdi, bundan sonra da əlli il, yüz il keçəcək və Bülbülün sənəti, onun təkrarolunmaz səsi yaşayacaq”.
   Prezident dahi sənətkarın eyni zamanda ictimai xadim, əsl Azərbaycan ziyalısı, öz xalqına, milli köklərinə bağlı və dünyaya açıq insan olduğunu nəzərə çatdırıb: “O, Azərbaycanın musiqi sənətini sovet məkanında və dünyada təbliğ edirdi. O illərdə xalqımızı dünyaya tanıtdırmaq üçün incəsənət, musiqi, ifaçılıq sənəti, ədəbiyyat yeganə bir vasitə idi. Çünki Azərbaycan müstəqil deyildi və Azərbaycan xalqı, Azərbaycan diyarı haqqında dünyada və sovet məkanında təsəvvürü məhz bizim görkəmli incəsənət xadimləri yaratmışlar. Bülbülün bu istiqamətdəki rolu çox böyük idi”.
   Bülbülün xatirəsinin bütün xalqımız üçün əziz olduğunu deyən Prezident onun adının əbədiləşdirildiyini, 1982-ci ildə Şuşada və 1983-cü ildə Bakıda Bülbülün ev-muzeylərinin yaradıldığını deyib. Paytaxtımızın prospektlərindən biri Bülbülün adını daşıyır. Onun adını daşıyan musiqi məktəbi uzun illərdir ki, fəaliyyət göstərir. 1997-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Bülbülün 100 illik yubileyi dövlət səviyyəsində qeyd edildi və həmin ildən başlayaraq vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi keçirilir. 2007-ci ildə Bülbülün 110 illik yubileyi münasibətilə imzalanan sərəncama əsasən tədbirlər planı hazırlanaraq həyata keçirilib: “Bu il Bülbülün 115 illik yubileyi qeyd olunur. Bu gün isə onun abidəsi şəhərimizin mərkəzində, onun yaşadığı evin yaxınlığında ucaldılıb. Bu, əlbəttə, Azərbaycan xalqının və dövlətinin onun xatirəsinə olan münasibətidir, eyni zamanda, bu, Azərbaycan mədəniyyətinə, görkəmli şəxsiyyətlərin xatirəsinə olan böyük ehtiramın əlamətidir”.
   Bülbülün dünyaya gəldiyi tarixi yurdumuzun, sənət beşiyi Qarabağın erməni işğalı altında qalmasının xalqımız üçün böyük dərd olduğunu deyən dövlət başçısı bu torpaqların mütləq azad ediləcəyini bildirib: “Bülbül ölkəmizin gözəl diyarında - Qarabağda dünyaya gəlmişdir, Şuşada doğulmuşdur. Qarabağın gözəl təbiəti, havası, bulaqları, gözəl mənzərələri ona güc, ilham verirdi. Onun təkrarolunmaz səsi məhz Qarabağ diyarının sərvətlərindən, nemətlərindən qaynaqlanırdı. Onun doğulduğu Şuşa şəhəri 20 ildən artıqdır ki, erməni işğalı altındadır. Ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti törədilmişdir. Bizə qarşı soyqırımı törədilmişdir. Xocalı soyqırımı ki, artıq dünyanın üç ölkəsi bunu soyqırımı kimi rəsmən tanımışdır və bu proses davam etdirilir. Eyni zamanda, bizə qarşı mədəni soyqırımı törədilmişdir. Bizim dini, tarixi, mədəni abidələrimiz dağıdılmışdır. Bülbülün, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin Şuşadakı büstləri bu gün İncəsənət Muzeyində saxlanılır. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Bu, böyük faciədir, böyük dərddir. Ancaq mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü, öz suverenliyini bərpa edəcəkdir. Ondan sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin abidələri yenə də Şuşada qoyulacaqdır. Əminəm ki, biz o abidələrin açılışında iştirak edəcəyik və Xankəndidə, Şuşada Azərbaycanın milli bayrağı qaldırılacaqdır”.
   
   * * *
   Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli dahi sənətkarla bağlı xatirələrini bölüşüb: “Bülbül həqiqətən Azərbaycan üçün çox əziz bir insan idi. Bu küçələrdə gəzərkən ona hamı ehtiramla “Salam, professor” deyirdi. Onu hamı - taksi sürücüsü də, akademik də, kolxozçu da çox sevirdi. Onu bütün millət sevirdi. Böyük ifaçılar Bakıya gələrkən hər bir konsertdən, hər bir tamaşadan sonra Bülbülün evi bir kluba çevrilirdi. Biz o vaxt uşaq idik. Xoşbəxt idik ki, bu ev bizim ikinci universitet, ikinci konservatoriya idi. Çünki orada dahi insanlar toplaşırdı”.
   Fərhad Bədəlbəyli Bülbülün İtaliyada təhsil almasının onun yaradıcılığında böyük rol oynadığını qeyd edərək, görkəmli ifaçının milli və Avropa musiqi dəyərlərini özündə ehtiva etdiyini xüsusi vurğuladı. Bakı Musiqi Akademiyasının rektoru Azərbaycan musiqi sənətinin inkişafına verdiyi böyük dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
   
   * * *
   Xalq artisti Arif Babayev Bülbülün əvəzolunmaz səs sahibi, dünya şöhrətli sənətkar olduğunu vurğulayıb: “Biz onun sənətini, oxumağını tələbələrimizə aşılayırıq. Tələbələrimizə deyirik ki, böyük Bülbülü dinləyin, onun oxu tərzini öyrənin. Onun hər bir ifası, hər bir xalq mahnısı böyük bir əsərdir. Allah-Təala ona əvəzolunmaz səs bəxş etmişdi. Bu gün bu gözəl heykəlin açılmasına, bu sevinci bizə bəxş etdiyinə görə biz cənab Prezidentimizə minnətdarlığımızı bildiririk. Biz sevinirik ki, Bülbül sənəti vardır və yaşayır. Bülbülün əvəzolunmaz səsi həmişə yaşayacaqdır”.
   * * *
   Rusiyanın Xalq artisti, vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsinin münsiflər heyətinin sədri Sergey Leyferkus dünya musiqi mədəniyyətinə töhfələr vermiş böyük musiqiçinin abidəsinin açılışında iştirak etməkdən şərəf duyduğunu bildirib: “Bülbülü təkcə Azərbaycanda, Rusiyada deyil, həm də İtaliyada, Fransada, dünyanın bir sıra ölkələrində tanıyırlar. Bakı şəhərində 20-dən çox küçəyə görkəmli incəsənət və mədəniyyət xadimlərinin adları verilmişdir. Təəssüf ki, belə bir faktla öyünə biləcək ölkələr və şəhərlər çox deyil. Azərbaycanda bir sıra istedadlı artistlərə, müğənnilərə, musiqiçilərə, bəstəkarlara abidələr ucaldılmışdır. Bizim kəşməkəşli əsrimizdə bu, bəlkə də çox nadir haldır ki, sənət adamlarına belə gözəl abidələr ucaldılır”.
   
   * * *
   Fransanın Lion Opera Teatrının ifaçılıq direktoru Robert Körner də tədbirdə iştirakdan məmnunluğunu ifadə edərək deyib: “Bu abidə Azərbaycan xalqının Bülbülə əllə ucaltdığı abidədir. Lakin əllə ucaldılmayan abidə də vardır. Bu, artıq 15 ildir Bülbülün adını daşıyan müsabiqədir. Bu müsabiqə sayəsində Bülbülü Yer kürəsinin bütün guşələrində tanıyırlar. Bu il müsabiqədə iştirak etmək üçün Amerikadan Yaponiyayadək 300-dən çox adam arzusunu bildirmişdir. Mən bu müsabiqənin münsiflər heyətinin işində ikinci dəfə iştirak etmək kimi böyük şərəfə layiq görülmüşəm”.
   
   * * *
   Mərasimdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ölkəmizdə sənətkara, sənətə, musiqiyə, incəsənətə hörmətin əsasının hələ sovetlər vaxtında unudulmaz lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu ənənənin indi də davam etdiyini vurğulayıb: “Sovet vaxtında hər bir addımı gərək Moskva ilə razılaşdıra idin. Amma Heydər Əliyev heç kəsdən soruşmamış bizim böyük şəxsiyyətlərə ev-muzeyləri yaratdı. Birinci muzey Üzeyir bəyin muzeyi idi. Sonra böyük şairimiz Səməd Vurğunun muzeyi açıldı. Daha sonra böyük dramaturqumuz Cəfər Cabbarlının muzeyi yaradıldı. Bunun ardınca Bülbülün muzeyi açıldı. O vaxt bizə Ukraynadan, Moskvadan məktublar gəlirdi. Soruşurdular ki, bir ifaçının, müğənninin ev-muzeyi necə açılıb?! Bu, ümumiyyətlə, Sovet İttifaqında muzey işində yeni bir istiqamət idi”.
   Abidənin açılışına, sənətkarın xatirəsinə göstərilən hörmət və ehtirama görə dövlət başçısına təşəkkürünü bildirən P.Bülbüloğlu “Bu, ancaq Bülbülün deyil, bir Qarabağ oğlunun, Qarabağ musiqiçisinin, Qarabağ səsinin abidəsidir. Bu gün bizim xalqımız üçün bu, çox vacibdir, çox önəmlidir. Abidə üçün bu yeri məhz cənab Prezident özü seçib. Deyib ki, burada yaxşı olar! Doğrudan da, bura Bülbülün abidəsi üçün çox münasib yerdir. Üzbəüzdə Opera Teatrıdır. Bülbül 40 ildən çox Opera Teatrına gedib-gəlib. Qarşımızda Gənclər Teatrıdır. Yaxınlıqdakı bu evdə böyük bəstəkarımız Qara Qarayev, böyük dirijorumuz Niyazi yaşayıb. Bizim evdə böyük simalar - Məmməd Səid Ordubadi, Süleyman Rüstəm, Mirzə İbrahimov, Qəmər Almaszadə, daha kimlər yaşayıb. Şəhərin bu yerində belə bir mühit var idi. Bu gün bizim Prezidentimiz bu adların yaşaması, tarixdə qalması üçün çox işlər görür. Bu, həmin tarixin qorunub saxlanmasıdır”.
   Sonda Prezident İlham Əliyev Bülbülün ailə üzvləri və mərasimdə iştirak edən qonaqlarla xatirə şəkli çəkdirdi.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar