Ədibin mənzil-muzeyində xatirə lövhəsi açıldı
 
  
   Oktyabrın 31-də Abdulla Şaiqin mənzil-muzeyində böyük ədibin Xalq rəssamı Natiq Əliyev tərəfindən hazırlanmış barelyefli xatirə lövhəsinin açılışı və anadan olmasının 130 illiyinə həsr edilmiş “Əgər Şaiq olmasaydı” kitabının təqdimat mərasimi keçirildi.
   
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev böyük ədibin zəngin yaradıcılığından və milli ədəbiyyatımızın inkişafı və tərəqqisi naminə gördüyü əvəzsiz işlərdən söz açdı. Bildirildi ki, bütün dövrlər üçün aktual olan A.Şaiq irsinin təbliğinin böyüməkdə olan gənc nəslin yetişməsində böyük əhəmiyyəti var: “Keçən il Abdulla Şaiqin 130 illiyi ilə əlaqədar tədbirlər planı hazırladıq. Biz böyük ədibi yad etməklə onun Azərbaycan ədəbiyyatı və folklorşünaslığı qarşısındakı əməyinin müqabilində bir daha böyük hörmət və ehtiramımızı bildirmiş oluruq. Abdulla Şaiq Azərbaycanda gənc nəslin bədii-estetik zövqünün formalaşmasında xidmətləri olan bir şəxsiyyətdir. O, gələcəyi aydın görən bir insan olduğu üçün bu gün də onun yazdıqları aktuallığını qoruyub saxlaya bilmişdir”.
   Görkəmli ədibin adının əbədiləşdirildiyini, Azərbaycan Dövlət Kukla Teatrının Abdulla Şaiqin adını daşıdığını deyən nazir bildirdi ki, mənzil-muzeyin girişində vurulan barelyefli xatirə lövhəsini görənlər böyük yazarı bir daha yad edəcəklər.
   Xalq şairi Fikrət Qoca, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun direktor əvəzi Teymur Kərimli, Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə ədibin zəngin yaradıcılığından söz açdılar. Vurğulandı ki, Abdulla Şaiq Talıbzadə Azərbaycanın ictimai, ədəbi və mədəni fikir tarixində görkəmli romantik şair, nasir, dramaturq, ədəbiyyatşünas alim, tərcüməçi və müəllim kimi bənzərsiz yer tutur. Görkəmli ədib Azərbaycan yazıçıları arasında hələ sağlığında ikən xatirəsi əbədiləşdirilən şəxsiyyət olmuşdur. Abdulla Şaiq yaradıcılığı sənətsevərlərə, ümumilikdə isə cəmiyyətə bədii zövq aşılayır. O, canlı bir körpü idi. Bu körpü dövrünün ziyalılarını, tələbələri, görkəmli şəxsiyyətləri birləşdirirdi. Azərbaycan ədəbi fikir tarixində xüsusi yeri olan Abdulla Şaiqi bir daha yad etmək və ictimaiyyəti yazıçının ədəbi-bədii irsi ilə yaxından tanış etmək bu işlə məşğul olan hər birimizin borcudur.
   Sonra xatirə lövhəsinin üzərindəki ağ örtük götürüldü. Tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə də yaxından tanış oldular. Ekspozisiyada ədibin müxtəlif dövrləri əhatə edən zəngin fotoarxivi və şəxsi əşyaları ilə yanaşı, Azərbaycan tarixini özündə əks etdirən maraqlı guşə də yer alıb.
   Tədbirin davamı olaraq “Əgər Şaiq olmasaydı” kitabının təqdimat mərasimi keçirildi. Kitabın tərtibçiləri sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə və filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva, redaktoru filologiya elmləri doktoru, professor Alxan Bayramoğludur.
   Kitabda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin anadan olmasının 130 illiyi münasibətilə keçirilmiş elmi sessiyada səslənən məruzələr, ədibin yaradıcılığının təhlilinə həsr edilmiş elmi məqalələr və xatirələr toplanıb.
   Nəşrdə yer almış materiallar ədibin bənzərsiz elmi-bədii yaradıcılığının öyrənilməsi baxımından yüksək qiymətləndirildi. Arzu Hacıyeva nəşrin məziyyətlərindən söz açdı: “Kitabda Abdulla Şaiqlə bağlı məqalələr, məruzələr və xatirələr toplanıb. Burada milliliklə bəşəriliyin, ənənə ilə müasirliyin, Şərqlə Qərbin mükəmməl sintezinin şahidi oluruq. O, milli-mənəvi dəyərlərin yorulmaz təbliğatçısı, həm də müasirliyin tərəfdarı idi. Bir əsrə yaxındır ki, hər bir azərbaycanlı körpə dilini Abdulla Şaiqin şeirləri və bu şeirlərə yazılmış mahnılarla açır. Onun irsi bütün dövrlərin oxucuları üçün maraqlı və aktualdır”.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar