1932-ci ildə böyük müğənni Bülbülün təşəbbüsü ilə yaradılan məktəb Azərbaycan musiqisinə nadir istedadlar bəxş edib
   
   Noyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində Şuşa Şəhər Uşaq Musiqi Məktəbinin 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirildi.
   
   Mərasimdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Vüsalə Fətəliyeva “Şuşa Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzidir” mövzusunda çıxış etdi. Qeyd olundu ki, Qarabağ torpağı Azərbaycanın ədəbiyyat və incəsənətinə, xüsusən musiqi mədəniyyətinə müstəsna töhfələr, görkəmli şəxsiyyətlər verib. Qarabağın, Şuşanın ziyalıları Azərbaycanı dünyada tanıdıb, ona şöhrət gətiriblər. Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşada vaxtilə sənətkarlıq, dulusçuluq, xalçaçılıq geniş inkişaf edib. Burada yetişən ziyalılar Azərbaycanın tarixində, mədəniyyətində önəmli rol oynayıb.
   Ədəbiyyatımızın görkəmli nümayəndəsi Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev və digərləri böyük məktəb yaradıblar.
   Natiq Şuşada ilk teatr tamaşalarının nümayişindən də söhbət açdı. Şəhərin ədəbiyyatla, musiqi ilə nəfəs aldığını bildirdi. Azərbaycan musiqisinin inkişafında Şuşa musiqi məktəbinin tarixi rolu qeyd edildi, musiqi beşiyimizin mədəniyyət tariximizə Qurban Pirimov, Seyid Şuşinski, Sadıqcan, Xan Şuşinski, Bülbül, dahi bəstəkar Üzeyir Hacıbəyli kimi bir çox simalar bəxş etdiyi vurğulandı.
   Çıxışdan sonra Şuşa Şəhər Uşaq Musiqi Məktəbi haqında videoçarx nümayiş olundu. Zəngin ənənələri olan sənət və tədris ocağı hazırda Niyazi adına uşaq incəsənət məktəbi adlanır.
   Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qocaman musiqi məktəbinin kollektivini əlamətdar yubiley münasibətilə təbrik etdi. Sənət ocağının kollektivinə, müəllim və şagirdlərə uğurlar dilədi. 1932-ci ildə böyük müğənni Bülbülün təşəbbüsü ilə yaradılan məktəbin ilk musiqi təhsili mərkəzi olduğunu bildirdi. Məktəb Azərbaycan musiqisinə nadir istedadlar bəxş edib. 80 illik yubileyi ərəfəsində məktəb Mədəniyyət və Turizm Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib. Sevda Məmmədəliyeva məktəbin növbəti yubileyinin doğma yurdunda keçirilməsini dilədi.
   Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin baş metodisti Səid Hacıyev, Şuşa Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Mirkamil Ağamirov, Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov çıxış edərək məktəbin 80 illik şanlı tarixində Azərbaycan musiqisinə töhfələrindən danışdılar. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Zahid Abbasovun “Şuşa musiqi beşiyidir” kitabının çapdan çıxması əlamətdar fakt kimi diqqətə çatdırıldı.
   Yekun söz ilə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov məktəbin kollektivinə uğurlar arzuladı. Azərbaycan musiqisinin gələcəyinə inandığını və məktəbin bundan sonra da musiqimizə şanlı-şöhrətli adlar bəxş edəcəyinə əmin olduğunu bildirdi.
   Rəsmi hissədən sonra musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə məktəbin müəllim heyəti diplomlarla mükafatlandırıldı.
   Daha sonra tədris ocağının müəllim və şagirdlərinin iştirakı ilə konsert proqramı təqdim olundu. Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra, “Leyli və Məcnun” operasından duet, “Sənsiz” romansı, “Segah” təsnifi, “Qarabağ şikəstəsi” və s. musiqi parçaları maraqla qarşılandı.
   
   Reyhan İsayeva 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar